Məmmədyarov: Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Portuqaliyanın xarici işlər naziri Rui Maçete ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə portuqaliyalı nazir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib.
O, xüsusilə turizm sahəsində əməkdaşlıq üçün əlverişli şərait olduğunu diqqətə çatdırıb.
Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyi, eləcə də potensial sərmayə imkanları haqqında məlumat verən E. Məmmədyarov isə uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın qısa müddət ərzində davamlı siyasi, iqtisadi və sosial inkişafa nail olduğunu bildirib.
Görüş zamanı E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barəsində danışaraq, Ermənistanın təcavüz və işğala əsaslanan qeyri-konstruktiv siyasəti nəticəsində münaqişənin həllində irəliləyişin olmadığını nəzərə çatdırıb.
Ermənistanın təcavüzkar və ilhaqçı siyasətinin bütün regionu yeni fəlakətlər astanasında qoyduğunu qedən nazir əlavə edib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.
Mənbə:> Oxu.Az