Elmar Məmmədyarov: Azərbaycan Qarabağda sülhə hazırdır
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Uolteri qəbul edib.
Oxu.Az XİN-nin məlumatına istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həllinə dair ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu qeyd edərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirdi.
Nazir konkret vaxt qrafiki çərçivəsində Azərbaycanın sülh sazişi üzərində işə başlamağa hazır olduğunu qeyd edərək, Ermənistanın qeyri-konstruktiv və işğalçı siyasətini davam etdirdiyini və münaqişənin həllinə maneə olduğunu diqqətə çatdırdı.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparıldı.
Mənbə:> Oxu.Az