Bakının Xəzərdəki rus gəmilərinə münasibəti – VİDEO
Martın 1-dən etibarən Rusiya Xəzər dənizində növbəti irimiqyaslı hərbi təlimlərə başlayıb. Bu manevrlərdə 50-yə yaxın hərbi gəmi iştirak edir.
ANS-in məlumatına görə, qonşu dövlətin Xəzərdə həyata keçirdiyi bu irimiqyaslı təlimlər istər politoloqlar, istərsə də hərbi eskpertlər tərəfindən heç də birmənalı qarşılanmayıb.
Rusiyalı hərbi ekspert Aleksandr Mozqovoy bildirib ki, Xəzər donanmasının “Morena” desant gəmiləri ilə gücləndirilməsinə tutarlı əsaslar var: “Region olduqca gərgindir. Orada bizim terrorçu qruplaşmaların tez-tez peyda olduğu Şimali Qafqaz respublikaları da, yaxınlıqda yerləşən dövlətlər də var”.
Bəzi analitiklər isə hesab edirlər ki, bu təlimlər Səudiyyə Ərəbistanı, Türkiyə və müttəfiqlərinin Suriyaya mümkün quru müdaxiləsinə hazırlıqdır.
Lakin nəzərə alsaq ki, Suriya Xəzər dənizinin sahilində yerləşmir və qanadlı raketlərlə məşq Suriya ətrafındakı situasiya ilə əsaslandırmaq mümkün olsa belə, quruya desant çıxarmaq üçün nəzərdə tutulan gəmilərin Xəzərə göndərilməsi ciddi suallar doğurur.
Rusiyalı blogger Andrey Şipilov isə məsələyə fərqli nöqtədən yanaşıb və iddia edib ki, Rusiya Türkiyənin dostu olan Azərbaycana hücum etməyə hazırlaşır.
Qonşu dövlətin artıq 6 gündür ki, davam etdirdiyi hərbi təlimləri barədə Rusiya ictimaiyyətində yuxarıda qeyd etdiyimiz kimi fərqli fikirlər səsləndirilsə də, Azərbaycanın siyasi şərhçiləri və rəsmiləri bu manevrlərin ölkəmiz üçün heç bir təhlükə vəd etmədiyini deyirlər.
Politoloq Rasim Musabəyov deyir ki, Rusiyanın göyərtəsində 140 desantçı, bir tank və iki BTR daşıya bilən “Murena” desant gəmiləri ilə hərbi təlimlər aparması ilə heç bir dövləti qorxuda bilməz və onsuz da bu təlimlər hansısa dövlətə qarşı müharibə etmək üçün nəzərdə tutulmayıb: “Bunun Azərbaycan üçün də heç bir təhlükəsi yoxdur. Çünki son dövrlər Azərbaycan-Rusiya münasibətlərində yüksələn xətlə irəliləyiş baş verir. Məsələn, elə 3 gün əvvəl Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozinin Azərbaycana səfəri buna nümunədir. Düzdür, Rusiya Xəzər dənizində öz qüvvələrini gücləndirir. Bu müəyyən mənada Xəzəryanı dövlətlərə təzyiqdir. Ancaq bu, qonşu dövlətin hansısa ölkəyə hücum edəcəyi anlamına gəlməz. Bu sadəcə təlim və təzyiq metodudur".
Rasim Musəbəyovun sözlərinə görə, rus şərhçilərin regionda müharibə təhlükəsi barədə şərhlərinin heç bir əsası yoxdur: "Çünki Xəzəryanı dövlətlər arasında Rusiya ilə müharibə aparmaq düşüncəsində olanı yoxdur”.
Milli Məclisin Təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə də Rusiyanın bu təlimlərini Qərb dövlətlərinə və Amerika Birləşmiş Ştatlarına qarşı güc nümayişi saymır. Onun sözlərinə görə, Rusiyanın hansısa dövlətə gücünü nümayiş etdirməyə ehtiyacı yoxdur: “Bu dövlətin gücü onsuz da dünya tərəfindən qəbul edilib. Bu təlimlərlə o öz qüvvələrini yoxlamaq istəyir. Rusiyanın Xəzərdə öz maraqları var. Bu gün Moskvanın Xəzəryanı ölkələrin heç biri ilə münaqişəsi yoxdur. Onun bu addımı böyük dövlətlərə xas olan bir xüsusiyyətdir".
Millət vəkilinin fikrincə, bu təlimlərdə Azərbaycan üçün də heç bir təhlükə yoxdur: "Qonşu dövlətin Azərbaycanla maraqlarında heç bir toqquşma yoxdur. Rusiyanın Xəzərdəki maraqları Azərbaycanın maraqları başladığı yerdə bitir”.
Millət vəkili Rusiyanın Türkiyəyə görə Azərbaycana qarşı güc tətbiq edəcəyi barədə rus şərhçilərin fikirləri ilə razılaşmır: “Rusiya Türkiyə ilə konfliktli münasibətlərini Azərbaycana siraət etdirmir və hər hansı bir hərəkətində ölkəmizə qarşı bu, hiss edilmir. Hesab edirəm ki, bu üç dövlətin bir ittifaqda olduğu dövr gələcək. Yəni ki, Rusiya bu təlimlərlə Azərbaycana heç bir güc nümayiş etdirmək istəmir və onun bu addımı ölkəmiz üçün narahatlıq doğurmur”.
Martın 1-dən etibarən Rusiya Xəzərdə növbəti irimiqyaslı hərbi manevrlərə başlayıb. Manevrlərdə qanadlı raketlərlə quru, dəniz və hava hədəflərinə zərbələrin endirilməsi sınaqdan keçiriləcək. Bunun üçün qonşu dövlət manevrlərə 50-yə yaxın hərbi gəmi cəlb edib.
“Murena” desant gəmilərinin Xəzərdə yerləşdiriləcəyinə dair süjeti Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı yayıb. Bir neçə gün əvvəl efirə gedən süjetdə deyilir ki, gələn ildən Xəzər donanmasının tərkibinə “Murena” desant gəmiləri də daxil olacaq. “Ekspertlərin sözlərinə görə, Xəzər donanmasının fəaliyyət göstərdiyi regionda desant gəmiləri olduqca vacibdir. Çünki tank-desant gəmiləri nəinki hərbi münaqişə zonasına desant qüvvələri və hərbi texnika çıxara bilir, eyni zamanda ona göyərtəsindəki güclü silahlarla atəş dəstəyi verir”, - telekanal bildirir.
Süjetdə daha sonra qeyd olunur ki, Xəzər donanmasının hərbi potensialı ilbəil gücləndirilir. Hazırda donanmanın gəmilərinin 80 faizi yeni gəmilərdən ibarətdir. Donanmanın komandanı, kontr-admiral İqor Osipov 2020-ci ilə qədər gəmilərin 90 faizinin yenilənəcəyini deyib.
Mənbə:> ANSPRESS