Moskva Türkiyəyə qarşı sanksiyaları genişləndirir
Rusiya bu ölkədən olan işlərin və xidmətlərin idxalının qarşısını faktiki olaraq almaqla Türkiyəyə qarşı sanksiyaları genişləndirməyi planlaşdırır, “Kommersant” mənbələrinə istinadən məlumat yayıb.
Oxu.Az xəbər verir ki, nəşrin məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi Rusiyanın baş naziri Dmitri Medvedevin göstərişi ilə hökumət qərarının layihəsini hazırlayıb.
Sənəd prezident Vladimir Putinin Türkiyəyə dair sanksiyalar haqqında imzaladığı fərmanı çərçivəsində hazırlanıb.
“Kommersant”ın məlumatına görə, qərara əsasən, Rusiya hüquqi şəxslərə türk profil agentləri ilə müqavilə bağlamağı qadağan edir. Sənəd qüvvəyə mindiyi halda sanksiyalar inşaat, mehmanxana, elecə də ağacemalı və Rusiya aviaşirkətlərinin personalının Türkiyədə təliminə şamil ediləcək.
Yeni sanksiyaların hazırlanmasına dair məlumatı hökumətdə olan mənbə təsdiqləyib.
Onun sözlərinə görə, Rusiya hüquqi və fiziki şəxsləri ilə Türkiyə hüquqi və fiziki şəxsləri arasında bağlanan müqavilələr üçün Rusiyada saziş pasportunu qeydiyyatdan keçirmək mümkün olmayacaq.
Bununla yanaşı, Rusiya dövlət satınalmalarında türk şirkətlərinin istənilən iştirakı tamamən qadağan ediləcək.
Nəşrin həmsöhbətinin sözlərinə görə, sanksiyalar yalnız yeni müqavilələrə şamil ediləcək, artıq Rusiya bazarında işləyən türk şirkətləri gələcəkdə istisna edilə bilərlər.
Sanksiyaların həyata keçirilməsinə nəzarət Mərkəzi Bankın iştirakı ilə Rosfinmonitorinqə həvalə edilə bilər. Bununla yanaşı, müxtəlif istisnaları daxil etmək haqqının da tətbiqi planlaşdırılır.
Qeyd edək ki, Moskva Ankaraya qarşı iqtisadi sanksiyaları noyabrın 24-də Suriyada terror əleyhinə əməliyyata cəlb edilmiş Rusiyanın bombardmançı Su-24 təyyarəsinin Türkiyə aviasiyası tərəfindən vurulmasından sonra tətbiq edib.
Mənbə:> Oxu.Az