İranın parlament sədrindən Nardaran açıqlaması
"Azərbaycanın daxilində baş verən hər bir hadisə bu dövlətə aiddir". APA-nın İran bürosunun məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında İranın parlament sədri Əli Laricani Nardaranda baş verən hadisələrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İran və Azərbaycan arasında dost və qardaşlıq əlaqələri mövcuddur: “Hər iki ölkə uzun illərdir ki, mehriban qonşuluq və dostluq şəraitində yaşayır. Biz eyni adət və ənənələrə malikik. Nardaranda baş verən hadisələr barədə eşitmişəm, bu, Azərbaycanın daxili işidir. Çox təəssüf ki, bəzi media orqanları bu məsələdə iki ölkə arasında gərginlik yaratmaq istəyirlər".
İran parlamentinin sədri Rusiya və Türkiyə arasında yaranan gərginliyə də münasibət bildirib: “Rusiya və Türkiyə arasında olan gərginlik bizi çox narahat edir. Biz bunu qəbul etmirik. Bu terrorizmlə mübarizədə düzgün yol, seçim deyil. Biz bu hadisədən çox narahatıq”.
...16:44...
İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Mənsur Həqiqətpur Azərbaycanın Nardaran qəsəbəsinin sakinlərini polislə silahlı qarşıdurmadan sonra fəallaşmağa çağırıb.
ANS PRESS-in iran.ru saytına istinadən verdiyi məlumata görə deputat Azərbaycanın hakimiyyət orqanlarının regiondakı diktatorların aqibətindən ibrət dərsi almalı olduğlarını bildirib.
Komissiya sədrinin müavini onu da deyib ki, Azərbaycan bir tərəfdən, “homoseksuallara azadlıq verir, digər tərəfdən isə şiələrə qarşı zorakılıq edir”. Onun sözlərinə görə, belə hərəkətlərin “pis nəticələri olacaq”.
Mənsur Həqiqətpur - İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini
Eyni zamanda İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Nardaran hadisələri ilə bağlı bu gün bəyanatla çıxış edib.
ANS PRESS-in məlumatına görə, bəyanatda İranın Nardaranda baş verən hadisələrlə heç bir əlaqəsinin olmadığı bildirilir: "İran İslam Respublikasının bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də Azərbaycana qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb və bu siyasəti əməldə də icra edib.”
Səfirlik bu şaiyələrin İran və Azərbaycanın regionda yaxınlaşması və ikitərəfli əməkdaşlıqların inkişafını istəməyən qüvvələr tərəfindən yayıldığını bildirir.
“son hücumlar da İran İslam Respublikasını qaralamaq və iki ölkə münasibətlərinə zərər vurmaq məqsədilə edilir" – deyə səfirliyin bəyanatında deyilir.
Bəyanatda o da vurğulanır ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində də heç bir rolu olmayıb: "İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin və ixtilafların zorakı yollarla həllinə qarşıdır.
Noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.
Baş verən atışma nəticəsində 4 nəfər öldürülüb. Daha bir nəfər isə xəstəxanada ölüb. Ölənlərdən ikisi - Fərahim və Rəfael Bünyatov qardaş olublar. Digərlərinin adları isə belədir:
Abbas Hüseyn
Sərvan Səfərov
Əkbər Babayev
Onlardan ikisi Masallı rayon sakini olub.
Bu gün səhər saat 08:00-da isə Nardaranda xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olmuş, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.
Mənbə:> ANSPRESS