İran sərhədlərini möhkəmləndirir
İran terroristlərin ölkəyə daxil olmalarının qarşısını almaq üçün sərhəd postlarının sayını artırır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Daxili işlər nazirinin müavini Huseyn Zolfoqari Tehranda İranın xarici ölkələrdəki səfirlərinin və ölkənin əyalətlərindəki qubernatorlarının iclasında çıxış edərkən bildirib.
“Biz İranın quru sərhədləri boyunca 721 yeni sərhəd məntəqəsi tikmişik, məntəqələri tikməkdə məqsəd ölkə ərazisinə terroristlərin girməsinin qarşısını almaqdır”, - Fars agentliyi İran İslam Respublikasının DİN müavininin sözlərindən sitat gətirir.
Zolfoqarinin sözlərinə görə, sərhəd infrastrukturu elektron müşahidə vasitələri ilə təmin edilib, sərhəddə havadan müşahidə gücləndirilib.
İran məmuru həmçinin qeyd edib ki, son aylarda İran təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı genişləndirib.
İclasda iştirak edənlərin suallarına cavab verərkən İranın daxili işlər nazirinin müavini vurğulayıb ki, İran İslam Respublikasının DİN-in malik olduğu məlumata görə, “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının yaraqlıları İran üçün birbaşa təhlükə yaratmır.
Bundan başqa, Zolfoqari qeyd edib ki, onun fikrincə, İŞİD ideologiyasının İİR-də yayılması üçün sosial və ideoloji əsası yoxdur.
Mənbə:> Oxu.Az