Generalın nardaranlılara müraciəti: Silahları verin – YENİLƏNİB
Bu gün günorta saatlarında Nardarana gələn daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov qəsəbədə sakinlərlə görüşüb.
Bu barədə ANS PRESS-ə Nardaran Ağsaqqallar şurasının sədri Natiq Kərimov məlumat verib.
Onun sözlərinə görə, görüşdə nazir müavini deyib ki, bəzi sakinlərdə silah-sursatı olduğu barədə məlumat var. Vilayət Eyvazov sakinlərdən tələb edib ki, onlarda olan qanunsuz silah və sursatı könüllü olaraq təhvil versinlər.
Nardaran qəsəbəsinin mərkəzi yollarında və meydanında, həmçinin qəsəbəyə giriş-çıxış yollarında polis nəzarəti davam edir.
...17:53...
Daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov Nardaran qəsəbəsinə gəlib.
ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, V. Eyvazovun gəlişinə səbəb qəsəbədə bu gün keçirilən xüsusi əməliyyatla əlaqədardır. Hazırda nazir müavinin yerli sakinlərlə görüşü davam edir.
Noyabrın 26-da Nardaran qəsəbəsində baş vermiş atışma zamanı həyatını itirmiş şəxslərdən 3-ü kənd qəbristanlığında dəfn edilib.
Kənd sakinləri bir neçə gün əvvəl kənddə yerləşən Hacı Bəxş Məscidinin həyətində meyitlərin basdırılması üçün məzarlar qazsa da, ölülər kənd qəbristanlığında basdırılıb.
İnsident zamanı həyatını itirən və bu gün basdırılan kənd sakinləri Abbas Hüseyn, Sərvan Səfərov və Əkbər Babayevdir. Onların meyitləri bu gün səhər saatlarında qəsəbəyə gətirilib və ailələrinə təhvil verilib. Daha 2 nəfərin meyiti isə hələ də ailələrinə təhvil verilməyib.
Kənd sakinləri məzar qazır
Bu gün səhər saatlarında Nardaranda yenidən xüsusi əməliyyat başlayıb. Əməliyyatla bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir:
Dekabr ayının 1-də saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olmuş, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.
Əməliyyat vaxtı kəndin giriş-çıxışları
Nardaran qəsəbəsinin sakinlərindən, onların əmin-amanlığının təmin olunması naminə keçirilən xüsusi əməliyyat zamanı hüquq qaydasına ciddi riayət etmələri, ictimai asayiş, hakimiyyət nümayəndələrinin həyat və sağlamlığı üçün təhlükə törədən və şərait yaradan hərəkətlərə yol verməmələri, göstərişlərinə əməl etmələri tələb olunur.
Eyni zamanda bildirilir ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücüm edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcək.
Xüsusi əməliyyat Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və onun gedişi mütəmadi məruzə olunur.
Mənbə:> ANSPRESS