Yeni milli təhlükəsizlik naziri kim ola bilər? – 5 iddiaçı var
Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı sərəncamla Eldar Mahmudov nazir vəzifəsindən azad edilib. Bu prosesin müzakirəsi ilə yanaşı "yeni nazir kim olacaq”, sualı da dövriyyədədir.
Media dəhlizlərində və xəbər məkanında bir neçə ad hallanır. Bunlar Dövlət Sərhəd Xidmətinin rəisinin müavini Fərhad Tağızadə, prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev, Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, Bakı polisinin keçmiş rəisi, general Məhərrəm Әliyev, daxili işlər nazirinin müavini, polis general - leytenantı Vilayət Eyvazov və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini, milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, general-mayor Əli Nağıyevdir.
Sabiq MTN zabiti, politoloq Ərəstin Oruclu musavat.com-a deyib ki, siyasi hakimiyyət bu orqanın başında peşəkar kadrın olmasında maraqlı deyil: “Namiq Abbasov kimi təcrübəli, peşəkar nazirin Eldar Mahmudovla əvəzlənməsinin nəticəsi bu olmalı idi. Əgər bu praktika dəyişməyibsə, çox güman ki, kənardan bir kadr gətiriləcək. Normal praktika nöqteyi-nəzərindən baxılarsa, adı hallanan şəxslərin içərisində MTN sıralarında yetişmiş, peşəkar general rütbəsinə qalxmış yeganə şəxs Əli Nağıyevdir. Amma düşünürəm ki, onun şansları çox deyil. Çünki, hakimiyyət peşəkar şəxslərin MTN rəhbərliyində olmasını özünə təhlükə görür. Avtoritar hakimiyyətlərin hamısı belədir. Belə ölkələrdə MTN-dən kənarda yetişmiş şəxslərin rəhbər olmasında hakimiyyət daha maraqlı görünür. Bu baxımdan, hesab edirəm ki, Əli Nağıyevin şansları azdır. Hər halda son söz İlham Əliyevə məxsusdur”.
Politoloq MTN-dəki kadr dəyişikliyi ilə ölkəmizin təhlükəsizliyinin təhdid altına alınmadığı qənaətindədir: “Azərbaycanın təhlükəsizliyi üçün ən böyük təhdid, bu komandanın o nazirliyin başında dayanmasıdır. Əgər bu 11 ildə faciəvi heç nə baş verməyibsə, bundan sonra da çətin ki, baş versin”.
Ə. Oruclu müxbirimizin “sizi dəvət etsələr, sistemə qayıdarsınızmı”, sualını da cavablandırıb: “Heç bir halda istəməzdim ki, indiki siyasi hakimiyyətin bu və ya digər strukturunda çalışım”.
MT nazirinin sabiq müavini Sülhəddin Əkbər yeni təyin ediləcək nazirin hansı şərtlərə cavab verməli olduğunu açıqladı: “Burada ayrı-ayrı şəxslər haqqında danışmaq düzgün olmazdı. Düşünürəm ki, nazir olmaq üçün iki amil mühüm rol oynayacaq. Birinci, dövlət başçısına şəxsi sədaqət, ikinci isə, Azərbaycanın Rusiya ilə münasibətləri əsas götürüləcək. Bu dəyişikliyin ölkəmizin təhlükəsizliyini təhdid altına alınmasına səbəb olacağını düşünmürəm. Çünki, bu sahədə regioanda əsas təhlükə yaradacaq ölkə olan Rusiya ilə Azərbaycanın yaxın münasibətləri var”.
S.Əkbər MTN-də bundan sonra vəzifə təklifi alarsa, verəcəyi cavabı da bəyan etdi: “İndiki halda bu qeyri-ciddi səslənir. Belə bir təklifin olacağını düşünmürəm”.
MTN-in sabiq polkovniki İlham İsmayıl nazir olacaqları ilə bağlı adları hallanan şəxslərdən Əli Nağıyevə üstünlük verdiyini söylədi: “Onlardan üçü polisin nümayəndələridir. Əli Nağıyev isə kifayət qədər təcrübəli şəxsdir. Əməliyyat müvəkkiliyindən nazir müavininə qədər yüksəlib. Nazirliyin abı-havasına bələddir. Hesab edirəm ki, bundan sonra MTN-də fərqli heç nə olmayacaq. Məndən soruşsalar ki, yeni nazir kimi adları hallanan şəxslərdən kimə üstünlük verirsən, cavabım Əli Nağıyev olardı. Bu dəyişiklik qəflətən ola bilməz. Bütün bunlar Azərbaycan ərazisinin təhdid altında olması anlamına gəlməməlidir. Məsələlərlə bağlı fərman verən dövlət başçısıdır. Eldar Mahmudovun işdən çıxarılması qərarında Azərbaycanı hər hansı bir təhdid gözləmir. Bundan sonra veriləcək qərar Azərbaycanın təhlükəsizliyinin daha əmin əllərdə olmasına səbəb ola bilər”.
İlham İsmayıla da “dəvət olsa, MTN-ə qayıdarzınızmı”, sualın verdik. Onun cavabı belə oldu: “Mənə indiki MTN strukturunda vəzifə təklifinin gələcəyi real görünmür. Ona görə də, bu suala cavab verməyə lüzum bilmirəm. Dövlət qarşısında işləməyə hər zaman hazıram. Amma bu real olan məsələ deyil”.
Mənbə:> Olke.az