Azərbaycanın təhlükəsizlik nazirləri - Onlar işdən niyə çıxarılıb? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Azərbaycanın təhlükəsizlik nazirləri - Onlar işdən niyə çıxarılıb? – FOTO

Azərbaycanın təhlükəsizlik nazirləri - Onlar işdən niyə çıxarılıb?


Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu vəzifədən azad edilməsi haqda sərəncam verib. Hələlik Milli Təhlükəsizlik Nazirliyinə (MTN) kimin rəhbərlik edəcəyi məlum deyil, ölkə başçısının bu barədə sərəncamı verilməyib. Amma yəqin ki, tezliklə MTN-in yeni rəhbərinin kimliyinə aydınlıq gətiriləcək.

E.Mahmudovun işdən çıxarılmasının səbəbi barədə hələ ki, rəsmi izahat yoxdur. Nazirin vəzifədən azad edilməsi çoxları üçün gözlənilməz oldu. Artıq ölkə mediası bu məsələni müzakirə etməyə, müxtəlif iddialar, versiyalar səsləndirməyə başlayıb.

Eldar Mahmudov müstəqil Azərbaycanın tarixində görəvindən alınan 5-ci milli təhlükəsizlik naziridir.

Qeyd edək ki, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini üç dövrə bölmək olar: Azərbaycan Demokratik Respublikası dövrü, Sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövrü.

İndiyədək Azərbaycanın xüsusi xidmət orqanlarına 27 nəfər rəhbərlik edib. Bunlardan 2-si Azərbaycan Demokratik Respublikası dövründə, 20-i Sovetlər dövründə, 5 nəfər isə müstəqil Azərbaycan Respublikası dövründə milli təhlükəsizliyə cavabdehlik daşıyıblar.

AzNews.info xəbər verir ki, modern.az saytı müstəqil Azərbaycanın eks-təhlükəsizlik nazirlərinin kimliyini bir daha xatırladır.

İlhüseyn Hüseynov 1991-ci ilin sentyabrında təhlükəsizlik orqanlarına rəhbər gətiriləndə Azərbaycan hələ müstəqilliyinə qovuşmamışdı.

Azərbaycanın təhlükəsizlik nazirləri - Onlar işdən niyə çıxarılıb?


Amma az sonra, 1991-ci ilin sonlarında Azərbaycan Respublikası müstəqilliyini bəyan etdi. İlhüseyn Hüseynov isə 1992-ci ilin mayınadək, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti gələndək Milli Təhlükəsizlik Nazirliyinə rəıhbərlik etdi.

İ.Hüseynov 1925-ci ildə Bakı şəhəri Balaxanı kəndində fəhlə ailəsində anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki BDU) tarix fakültəsini bitirib. Təhlükəsizlik orqanlarında 1942-ci ilin sentyabr ayından xidmətə başlayıb. İ.Hüseynov SSRİ DTK-sının Bakı diyarlararası məktəbini bitirib, 1952-ci ilin avqust ayından əməliyyat işində rəhbər vəzifədə çalışıb. Xidməti dövründə bir sıra dövlət mükafatları – «Qırmızı Bayraq» ordeni, «Döyüş xidmətlərinə görə» medalı və digər 14 medala, eləcə də «kəşfiyyat xidmətlərinə görə» döş nişanı ilə təltif olunub.

O, 1991-ci ilin sentyabrında Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin olunub. 1991-ci ilin noyabrında Azərbaycanın təhlükəsizlik orqanının adı dəyişdirilərək Milli Təhlükəsizlik Nazirliyi edilib. Və İ.Hüseynov 1992-ci ilin may ayına kimi MTN-ə rəhbərlik edib. İ.Hüseynov təhlükəsizlik orqanlarından general-mayor hərbi rütbəsində silahlı qüvvələrin ehtiyatına buraxılıb.

Fəxrəddin Təhməzov 1992-ci ilin mayından 1993-cü ilin iyun ayına kimi milli təhlükəsizlik naziri postunda çalışıb.

Azərbaycanın təhlükəsizlik nazirləri - Onlar işdən niyə çıxarılıb?


F.Təhməzov 1951-ci il yanvar ayının 10-da Salyan rayonunun Qaraçala qəsəbəsində müəllim ailəsində anadan olub. 1968-ci ildə Əli-Bayramlı şəhərində orta məktəbi, 1973-cü ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirdikdən sonra bir müddət Əli-Bayramlı şəhərində orta məktəbdə müəllim işləyib. Həqiqi hərbi xidmətə çağırılan F.Təhməzov 1975-ci ildə xidmətini başa vuraraq pedaqoji fəaliyyətini davam etdirib.

1975-1977-ci illərdə SSRİ DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbində təhsil alıb, məktəbi bitirdikdən sonra 1977-ci ilin avqust ayından 1990-cı ilin iyun ayına qədər Azərbaycan Respublikası DTK-sının mərkəzi aparatında kiçik əməliyyat müvəkkili, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisinin müavini, bölmə rəisi vəzifələrində fəaliyyət göstərib.

1990-cı ilin iyun ayından 1991-ci ilin dekabr ayına kimi MTN (1991-ci ilin noyabrına qədər DTK) Gəncə şəhər və dəmir yol stansiyası şöbəsinin rəis müavini, 1992-ci ilin yanvar ayından Azərbaycan Respublikasının MTN Bakı şəhər üzrə İdarəsində şöbə rəisi vəzifələrində çalışıb. F.Təhməzov 1992-ci ilin may ayının 16-da milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunub və həmin ayın 23-də general-mayor rütbəsi alıb.

F.Təhməzov 1993-cü ilin iyununda tutduğu vəzifədən azad edilib.

Nəriman İmranov 1993-cü ilin iyun ayından 1994-cü ilin oktyabrınadək nazir işləyib.

Azərbaycanın təhlükəsizlik nazirləri - Onlar işdən niyə çıxarılıb?


N.İmranov bu vəzifəyə təyinat alanda Azərbaycan Xalq Cəbhəsi artıq hakimiyyətdən yıxılmışdı. O, nazir postuna mərhum eks-prezident Heydər Əliyevin təyinatı ilə gətirilmişdi.

N.İmranov 1944-cü ilin yanvar ayının 2-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun (indiki Ermənistan Respublikasının) Şişqaya kəndində anadan olub. 1961-1969-cu illərdə Azərbaycan Pedaqoji institutunda (hazırkı APU) təhsil allb. 1975-ci ildə Naxçıvan MR-da komsomolun 1-ci katibi vəzifəsindən SSRİ DTK-nın Ali məktəbinə oxumağa göndərilib. Məktəbi bitirdikdən sonra DTK orqanlarında fəaliyyət göstərib, 1986-cı ilin oktyabr ayının 4-də Azərbaycan SSR DTK sədrinin müavini təyin edilib. 1988-1993-cü illərdə SSRİ təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

1993-cü ilin mart ayında Bakıya qayıdıb və 1993-cü ilin iyul ayının 3-də milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilib. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilib. 1994-cü ilin oktyabr ayının 15-də N.İmranov törətdiyi dövləti cinayətlərə görə həbs edilərək azadlıqdan məhrum olunub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv edilib.

Namiq Abbasov 1994-ün oktyabrından 2004-ün iyuluna kimi MTN şefi olub.

Azərbaycanın təhlükəsizlik nazirləri - Onlar işdən niyə çıxarılıb?


N.Abbasov 1940-cı ildə anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1962-1976-cı illərdə «Abşeron» qəzetində rəhbər vəzifədə çalışıb. 1970-ci ildən partiya işinə keçib, Azərbaycan SSR KP-nin Abşeron RK-nin II katibi vəzifəsində işləyib. 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1979-cu ildə SSRİ DTK-sının Ali Məktəbini bitirib, şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR DTK sədrinin müavini vəzifələribdə işləyib.

1992-1994-cü illərdə Azər¬baycan Respublikası milli təhlükəsizlik nazirinin müavini və birinci müavini olub. 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək isə Azərbaycan Respublikası milli təhlükəsizlik naziri vəzifəsində işləyib.

O, bu vəzifədə general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Eldar Mahmudov 2004-cü ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı ilə nazir təyin olunub.

Azərbaycanın təhlükəsizlik nazirləri - Onlar işdən niyə çıxarılıb?


Dünən, 2015-ci ilin 17 oktyabrında isə tutduğu vəzifədən azad edilib.

E.Mahmudov 1956-cı ildə Bakı şəhərində alim ailəsində anadan olub. 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət edib.

Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışıb.

1993-cü ildə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilib. 1993 - 2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat - Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləyib.

2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Prezidentin 23 iyul 2004-cü il tarixli sərəncamı ilə E.Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri təyin olunub və ona general-mayor hərbi rütbəsi verilib. Prezidentin 16 mart 2005-ci il tarixli sərəncamı ilə Eldar Mahmudova general-leytenant, 27 mart 2014-ci il tarixli sərəncamla isə general-polkovnik hərbi rütbəsi verilib.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *