Əli Həsənova yeni vəzifə
Dövlət başçısı Əli Həsənovun yeni təyinatı haqda sərəncam imzalayıb.
AzNews.info AzərTAc-a istinadən sərəncamı təqdim edir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilsin".
Qeyd edək ki, Həsənov Əli Məhəmmədəli oğlu 10 mart 1960-cı ildə Şərur rayonunun Tənənəm kəndində anadan olub. Moskva Dövlət Universitetini bitirib. Tarix elmləri doktoru, professordur.
1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəziflərəində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.
1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Mənbə:> AzərTAc