Nazir: Azərbaycan Gürcüstanın təcrübəsindən faydalana bilər
Sentyabrın 8-də Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Oxu.Az-a nazirlikdən bildirilib.
Görüş zamanı Azərbaycanla Gürcüstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub.
Nazir Ə.Qarayev iki ölkə arasında vahid turizm marşrutlarının yaradılması ilə bağlı məsələ haqqında təklif verib, belə turizm məhsulunun region ölkələri arasında, eyni zamanda dünya səviyyəsində turist axının cəlb olunması sahəsində iki ölkə üçün mühüm addımolacağı bildirilib. Hər iki ölkənin bir sıra oxşar xüsusiyyətlərinin olması bu sahədə turistlərin diqqətini cəlb edəcəyi vurğulanıb.
Nazir həmçinin, iki ölkəni əhatə edən Şərab Yolu, Aleksandr Düma Qafqazda kimi bir sıra həyata keçirilmiş layihələrdən də bəhs edib. Qeyd olunub ki, ölkənin infrastrukturu, bölgələrdə aparılan yenidənqurma işləri, yeni mehmanxanaların yaradılması bu sahədə hal-hazırda da müxtəlif layihələr həyata keçirilməsinə əsas verə bilər.
Milli Administrasiyasının rəhbəri G. Çoqovadze Gürcüstan iqtisadiyyatının prioriteti olan turizm sahəsi üzrə görülən işlər haqqında məlumat vermiş, həyata keçirilmiş layihələrdən bəhs edib.
G.Çoqovadze bildirib ki, Administrasiya turizm sahəsində əsasən virtual təbliğat istiqamətində bir sıra işlər həyata keçirir, eyni zamanda kino filmlərin çəkilməsi, video çarxların hazırlanması istiqamətində aparılan işlər bu sahədə turist axınına səbəb olan amillərdəndir.
Bundan başqa, görüş zamanı Gürcüstanda turizm sahəsindəki müsbət yeniliklərdən və təcrübədən Azərbaycanda da istifadə olunacağı bildirilib.
Mənbə:> Oxu.Az