Fransanın məşhur turizm şirkətlərinin rəhbərləri Bakıya gələcək
Azərbaycanın Fransa Respublikasındakı Səfirliyinin dəstəyi və Fransanın “ChallengeTourisme” Assosiasiyasının təşəbbüsü ilə sentyabrın 3-dən 6-dək, Bakı şəhərində “Açıq innovasiya və turizm” mövzusu üzrə tədbir keçiriləcək.
Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
Tədbirlərdə iştirak etmək məqsədilə Fransanın turizm sənayesi nümayəndələrin təmsil olunacağı geniş nümayəndə heyətinin ölkəmizə səfəri planlaşdırılmışdır. Səfər çərçivəsində qonaqlarŞirvanşahlar Sarayı, Xalça muzeyi, Qız Qalası və Qobustan Milli Tarix Bədii Qoruğu ilə taniş olmaq imkanı əldə edəcək.
Qeyd etmək istəyirik ki, 20 ildən artıq təcrübəyə malik olan turizm sahəsində elmi tədqiqat mərkəzi (Think Tank) rolunu oynayan “ChallengeTourisme” Assosiasiyası Fransanın turizm sahəsində fəaliyyət göstərən məşhur turizm təşkilatlarının rəhbərlərini özündə birləşdirir.
Sentyabrın 3-dən 6-dək Azərbaycanda təşkil ediləcək səfərdə nümayəndə heyətinin tərkibində bir sıra məşhur turizm və səyahət agentliklərinin və turizm sahəsində məlumat təşkilatlarının, o cümlədən “Tourmag.com”, “TV Tourisme” və “ITourisme” təşkilatlarının rəhbərlərinin iştirak edəcəyi nəzərdə tutulub.
Tədbirlər çərçivəsində sentyabrın 5-də isə Azərbaycan turizm potensialına həsr olunmuş təqdimatın keçirilməsi, həmçinin yerli turizm şirkətləri ilə iki tərəfli görüşlərin təşkili planlaşdırılır.
Mənbə:> Oxu.Az