Azərbaycanda e-turist vizasının tətbiqi bazarda nəyi dəyişəcək?
Mədəniyyət və Turizm Nazirliyi 65 turizm şirkətinə (gəlmə turizm ilə məşğul olan) elektron turist vizasının verilməsi hüququnu əldə etmək üçün müraciət edib.
Oxu.Az-a bu barədə Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov bildirib.
Onun sözlərinə görə, nazirlik 65 turizm şirkətini elektron turist vizasının verilməsi hüququnu əldə etmək üçün akkreditasiyadan keçirtmişdi:
“Hazırda Nazirlər Kabinetinin müvafiq qərarı ilə turistlərə elektron turist vizasının verilməsi hüququnu əldə etmək üçün Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi qaydası təsdiq edildi.
Bunu nəzərə alaraq, qeyd olunan turizm şirkətlərinin yenidən yeni qaydalara əsasən nazirliyə akkreditasiyadan keçməsi ilə bağlı müraciət turizm şirkətlərinə göndərilmişdi”.
Bundan başqa, B. Qılıncov bildirib ki, hazırda elektron turist vizasını yalnız gəlmə turizm ilə məşğul olan turizm şirkətləri əldə edə bilərlər.
Turizm sənayesi ilə iş sektorunun müdiri bu qərarın gəlmə turizm sahəsində olan problemlərin həll olunmasına kömək olacağını bildirib:
“Bu qərar ölkəmizə gələn xarici turistlərin sayının artırılması, gəlmə turizmin inkişaf etdirilməsi, bu sahədə olan problemlərin həll olunması üçün əsasdır. Bütün bu məsələləri nəzərə alaraq bu vizanın tətbiqi məqsədəuyğun hesab edilmişdi”.
“Gələcəkdə elektron turist viza xidmətlərindən xaricdə çalışmaq, oxumaq istəyən şəxslər də faydalana bilərmi?” sualına isə nazirliyin nümayəndəsi bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi yalnız turistlərə elektron turist vizası verə bilər, bu məsələlərə digər qurumlar cavabdehdir.
Qeyd edək ki, bir müddət əvvəl Nazirlər Kabineti “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası”nı təsdiq etmişdi.
Mənbə:> Oxu.Az