İki nəhəng ölkə arasında gərginlik: Qisas alınacaq – FOTO
Amerika Birləşmiş Ştatları Çinə qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.
ANS PRESS-in məlumatına görə, Ağ Ev bununla ticarət sirlərini oğurlayan haker hücumlarına cavab verəcək. Buna görə Barak Obama administrasiyasının "qara siyahı"sına Çinin bir sıra fiziki və hüquqi şəxsləri düşüb.
Obama administrasiyasının nümayəndəsi sanksiyalar haqqında danışarkən "Washington Post"a bildirib ki, sanksiyaların nə vaxt tətbiq ediləcəyi məlum olmasa da, yaxın bir neçə həftə ərzində yekun qərar qəbul ediləcək. "Bu yolla Vaşinqton Pekinə siqnal verəcək ki, Çinin iqtisadi casusluğu cavabsız qalmayacaq. Eyni zamanda Ağ Ev özəl sektora onun tərəfində olduğunu göstərmiş olacaq", - deyə adının açıqlanmasını istəməyən administrasiya rəsmisi bildirib.
Si Tszinpin və Barak Obama Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı görüşündə
Foto: AP
Hələ avqustun əvvəlində "The New York Times" ABŞ prezident administrasiyasının hücuma görə "Çindən intiqam alacağını" yazmışdı. "Ölkə hakimiyyəti kiber hücumların miqyasının çox geniş olduğunu bildiriblər. Buna görə ənənəvi casusluqla mübarizə üsulları heç bir fayda verməyəcək. Amerika məmuları ilə hərbçiləri gizli görüşlərində müxtəlif yolları müzakirə ediblər. Lakin perzident administrasiyasının bəzi əməkdaşları çox sərt mübarizə üsullarından ehtiyat ediblər. Onlar bunun kiber müharibəni qızışdıra biləcəyini düşünüblər", - deyə "The New York Times" yazıb.
İyulun əvvəlində ABŞ administrasiyası hakerlərin hücumu haqqında xəbərdarlıq edib. Kiber cinayətkarlar ABŞ-ın Daxili İşlər Nazirliyinin məlumat mərkəzindən 21,5 milyon amerikalı dövlət qulluqçusunun və digər vətəndaşların şəxsi məlumatlarının oğurlandığı bildirilib. Eyni zamanda qeyd edilib ki, hücumlar müxtəlif zamanlarda edilsə də, hər iki hal öz aralarında əlaqəli olub. Amerikalılar bu oğurluğu Çin hakerlərinin etməsindən şübhələnirlər.
Mənbə:> ANSPRESS