Sterliqovun arvadı Şuşada öz geyim kolleksiyasını təqdim edib
Erməni işğalı altında olan Qarabağın Şuşa şəhərində rusiyalı iş adamı German Sterliqovun həyat yoldaşı Alyona Sterliqovanın geyim kolleksiyasının təqdimatı olub.
Oxu.Az xəbər verir ki, bu barədə “Rus xəbərlər xidmətinə" Alyona Sterliqova özü məlumat verib.
“Nümayiş avqustun 29-da Cıdır düzündə keçirilib. Tədbirdə Dağlıq Qarabağ sakinləri ilə yanaşı turistlər də iştirak edib. Paltarlar ipək və pambıq kimi təbii parçalardan hazırlanıb. Nümayişdən sonra bir neçə sifariş edilib”, - kolleksiyanın müəllifi deyib.
Xatırladaq ki, bu ilin iyul ayında rusiyalı iş adamı Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Sonda Azərbaycan sözügedən sahibkarı “arzuolunmaz şəxs” elan edib, ardından isə dövlət sərhədlərini qanunsuz olaraq pozmaq və qondarma “Dağlıq Qarabağ”a dəstək verməkdə müqəssir bilərək barəsində cinayət işi qaldırılıb.
İyulun 28-də Sterliqov beynəlxalq axtarışa verilib.
Rusiyada isə Sterliqova qarşı böhtan atmaq üzrə cinayət işi qaldırılıb. Şikayət ərizəsi İsrail vətəndaşı Milana Qorenşteyn tərəfindən daxil olub.
Mənbə:> Oxu.Az