Fanatlar evi yandırdı, 1 yaşlı körpə öldü
Bir qrup fanatik yəhudi İordan çayının qərb sahilindəki Nablus şəhərində yerli fələstinliyə aid bir evə od vurub. ANS PRESS-in məlumatına görə, baş vermiş yanğın nəticəsində evdə olan 1 yaşlı körpə ölüb, onun ata-anası isə yanıq xəsarəti alıblar. Şahidlər hadisənin Nablusun Duma bölgəsində baş verdiyini bildiriblər. Divarlara irqçi şüarlar yazan qrup üzvləri daha sonra hadisə yerindən qaçaraq uzaqlaşıblar.
Nablus “Rafidia” xəstəxanasından, Duma bölgəsində baş vermiş hadisədə ölən körpənin morqda olduğu, ata-anasının isə müalicəsinin davam etdiyi bildirilib. 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri olan cütlüyün həyati təhlükləsinin olmadığı bildirilib.
Fransa Xarici İşlər Nazirliyi isə İsrailin İordan çayının qərb sahilində və Qüdsdə yeni yaşayış massivləri salmaq barədə qərarını təşvişlə qarşıladığını açıqlayıb. Nazirlik yaydığı bəyanatda koloniya qurmağın beynəlxalq qanunvericiliyə görə cinayət olduğunu vurğulayıb və İsrail rəsmilərindən buna son vermələrini tələb edib.
İsrail ali məhkəməsi İordan çayının qərb sahilindəki yəhudi yaşayış massivində iki binanın uçurulması qərarından sonra ötən gün Beyt Əl yaşayış massivində 300 mənzil tikintisinə icazə vermişdi. Bundan başqa İsrail hökuməti Şərqi Qüdsdə daha 500 mənzil tikintisi barədə plan hazırlanması istiqamətində qərar qəbul etmişdi.
Məlumata görə, İsrailin işğalı altında olan İordan çayının qərb sahilində 400 min, Şərqi Qüsdə isə 200 min yəhudinin yerləşdirildiyi bildirilir. Fələstin tərəf isə bu rəqəmin göstəriləndən daha çox olduğunu iddia edir. Beynəlxalq hüquqa görə bu yaşayış massivləri qeyr-leqal hesab olunur.
Dünyanın müxtəlif ölkələrindən gətirilərək İsrailin işğal siyasəti çərçivəsində İordan çayının qərb sahili və Şərqi Qüdsdə məskunlaşdırdığı yəhudilərin silah gəzdirməsi və fələstinli mülki əhaliyə qarşı zorakılıq halları törətməsi yəhudilərlə fələstinlilər arasında gərginliyə səbəb olur. İşğal altında olan Şərqi Qüds və İordan çayının qərb sahilindəki yaşayış massivlərinə qeyri yəhudilərin daxil olması qadağandır.
Mənbə:> ANSPRESS