Fələstində 3 günlük matəm elan olunub
Fələstin hökuməti bir qədər əvvəl Ramallah şəhərində İsrail əsgəri ilə qarşıdurma zamanı nazir Ziyad Əbu Aynın öldürülməsi ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.
Ötən gün hadisə ilə əlaqədar nazirlər kabinetinin fövqəladə iclas olub. Ölkə başçısı Mahmud Abbas hadisəni barbarlıq adlandırıb.
"Bu gün baş verən hadisə açıq-aşkar cinayət aktıdır. Belə bir amansız qətl qarşısında səbr göstərə, sakit dura bilmərik. Bu məqsədlə hökumətin iclasını çağırmışıq. Sözün doğrusu, bütün seçimləri gözdən keçirəcəyik”
Şahidlər ölümündən öncə İsrail əsgərinin nazirin boynundan sıxdığını gördüklərini bildiriblər. Bir qədər sonra isə, Əbu Ayn ürəyini tutaraq yerə yıxılıb. Nazir xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
Fələstinlilərlə İsrail əsgəri arasında baş verən mübahisələrə ağacların kəsilməsi səbəb olub.
Mahmud Abbas faktla bağlı istintaq araşdırmasının nəticələri məlum olduqdan sonra hökumətin lazımi addımlar atacağını bildirib.
Qərb Sahilində Fələstin ilə İsrail arasında təhlükəsizlik əməkdaşlığının dayandırılması hökumətin sərt reaksiya tədbirlərindən biri ola bilər.
İsrailin müdafiə naziri Moşe Yaalon nazirin ölümünə görə təəssüfünü ifadə edib və hadisə ilə əlaqədar istintaq araşdırmasının başladıldığını qeyd edib.
Həmçinin, Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Mun da hadisəni dərin kədərlə qarşıladığnı deyib.
Əbu Ayn İsrailin Qərb Sahilində məskunlaşması məsələsinə dair hökumətin tərkibində portfelsiz nazir kimi fəaliyyət göstərib.
Mənbə:> ANSPRESS