İranlı həkimin həbsxana araşdırması...
Sağlamlıq İnsan bədəninin 25 faizi qatı maddələrdən, 75 faizi isə sudan, mayedən ibarətdir. Beynimizin isə 85 faizi sudur. Suyun həyat olduğunu hər kəs bilir. ANS PRESS bir stəkan suyun faydalarından, daha doğrusu çox xəstəliklərə dərman olduğundan söz açacaq.İranlı həkim Doktor Firudin Batmangelc suyun bir çox xəstəliklərə dərman olduğunu, insanın səhhətini yaxşılaşdırdığını həbsxanada qarşılaşdığı bir hadisə nəticəsində öyrənib: “1979-cu il İran inqilabı dövründə mən siyasi məhbus kimi həbsxanada idim. Bir gün məhkumlardan birinin həbsxananın dəhlizində mədə sancıları ilə çapaladığını gördüm. Məni görən kimi: “Mədəmdəki yara məni öldürür”, - dedi. “Bu sancıları azaltmaq üçün nə etmisən?” - deyə soruşduğum zaman: - Üç ədəd “Tagamet” və bir şüşə antiasid qəbul etmişəm, amma bir təsiri olmadı, - söylədi”.
Doktor Batmangelc əzab çəkən məhkuma qeyri-ixtiyari yardım etmək qərarına gəlir və ölümünün yaxınlaşdığını düşündüyü şəxsə iki stəkan su içirir. Amma bir müddət sonra gördüyü mənzərə onu təəccübləndirir. Məhkum çox keçməmiş ağrılardan azad olur. O gündən sonra Doktor Batmangelc suyun şəfaverici təsiri üzərində çalışmalara başlayır. Həbsxanada olduğu 2 il yarım ərzində 3 mindən artıq mədə xorası olan xəstə məhkumu sağaldır. Təbii ki, dərman kimi yalnız sudan istifadə edir. Batmangelcin azadlığa buraxılmaq vaxtı çatanda, o, həbsxana müdirindən xahiş edir ki, bir müddət də zindanda qalması üçün ona icazə versin: “Mən bir az daha məhkum həyatı yaşamaq istəyirəm. Çünki araşdırmalarımın ən vacib mərhələsindəyəm. Bu qədər xəstəni dünyanın heç bir yerində, bu şərtlər altında tapa bilmərəm”.
Beləliklə, Doktor Batmangelc bir müddət daha könüllü həbsxana həyatı yaşayır və araşdırmalarını davam etdirir. Həkimin su ilə bağlı kəşfləri ilk olaraq İran Tibb Assosiasiyası tərəfindən yayımlanır.
Doktor Batmangelc “Xəstə deyil, susuzsunuz” kitabında bədənimizin tam 40 səbəbə görə suya ehtiyac duyduğunu açıqlayıb. Həmin səbəblər aşağıdakılardır:
1. Heç bir canlı susuz yaşaya bilməz.
2. Susuzluq əvvəlcə bədənin funksiyalarını öz təsiri altına alır, sonra isə öldürməyə başlayır.
3. Su ən vacib enerji qaynağıdır.
4. Su bədənin hər hüceyrəsində elektrik və maqnit enerjisi istehsal edir, bizə güc verir.
5. Su hüceyrələrin daxilindəki maddələri bir-birinə bağlayan yapışdırıcıdır.
6. DNK-nın zədələnməsinin qarşısını alan su onun bərpa olunması mexanizminin daha yaxşı fəaliyyətini də təmin edir. Beləliklə, yaranan anormal DNK sayı da azalır.
7. İmmun sisteminin bütün mexanizmlərinin mərkəzi sayılan sümük iliyini “xərçəng” də daxil olmaqla müxtəlif xəstəliklərə qarşı gücləndirir.
8. Bütün qidaları, vitaminləri və mineralları parçalayan əsas vasitədir. Su bədəndəki qidaları kiçik hissələrə ayırır, həzm olunmasında və son metobolizma mərhələsində vacib rol oynayır.
9. Su qidalara enerji verir və parçalanan qidalar həzm prosesi zamanı bu enerjini bədənə ötürür. Susuz yeyilən yeməyin bədən üçün heç bir enerji dəyəri yoxdur.
10. Su qidalardakı lazımi maddələrin sorulmasını sürətləndirir.
11. Bütün vacib maddələrin bədənə yayılmasına yardımçı olur.
12. Ağciyərlərdə oksigen toplayan qırmızı qan hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır.
13. Hüceyrəyə çatan su həmin hüceyrəyə oksigen verir və tullantı qazların bədəndən kənarlaşdırılması üçün onları ağciyərə daşıyır.
14. Su bədənin müxtəlif bölgələrindən zəhərli tullantıları toplayır və onların xaric olunmaları üçün qaraciyərə və böyrəklərə daşıyır.
15. Su oynaq boşluqlarındakı əsas yağlayıcı maddədir, artrit və bel ağrılarının əmələ gəlməsinin qarşısını almaqda yardımçı olur.
16. Dehidrasiya (bədənin həddindən artıq su itirməsi) oynaqlar, böyrəklər, qaraciyər, beyin və dəridə zəhərli çöküntülərin toplanmasına gətirib çıxarır. Su isə bütün bunların qarşısını alır.
17. Su bağırsaqları ən yaxşı işlədən yağlayıcı vasitədir.
18. İnfarktın və iflicin qarşısını alır.
19. Ürəkdə və beyin damarlarında laxtalanmanın qarşısını alır.
20. Bədənin soyutma (tərləmə) və isitmə (elektrik) sistemləri üçün əvəzolunmazdır.
21. Düşünmək başda olmaqla bütün beyin funksiyalarının normal işləməsi üçün bizə güc və elektrik enerjisi verir.
22. Uşaqlarda və gənclərdə diqqətsizlik probleminə müsbət təsir edir.
23. Səmərəli iş əmsalını artırır və diqqəti gücləndirir.
24. Su dünyadakı digər bütün içkilərdən daha rahat tapılır və heç bir ziyanı yoxdur.
25. Stress, həyəcan və depressiyanın azalmasına kömək edir.
26. Su yuxunu tənzimləyir.
27. Yorğunluğun aradan qaldırılmasına yardım edir və bizə gənclik enerjisi verir.
28. Üz dərisini yumşaldır və yaşlanmanın simptomlarının azalmasına kömək edir.
29. Gözlərə canlılıq və parlaqlıq verir.
30. Qlokomdan (göz xəstəliyi) qorunmamıza yardımçı olur.
31. İlikdə qan hüceyrələrinin artmasını sürətləndirir, qan xərçənginin və lenfoöma xəstəliyinin qarşısının alınmasına kömək edir.
32. Su bədənin infeksiya və xərçəng hüceyrələrinin yayılmaq ehtimalı olan bölgələrində immun sistemini gücləndirir.
33. Qanı durulaşdırır və qan dövranı prosesində laxtalanmanın qarşısını alır.
34. Ürək döyüntüləri ilə birlikdə qanı duruldur, dalğalandırır və qan dövranı zamanı qatı maddələrin çökməsinə imkan vermir.
35. Su içdikdən sonra aclıq və susuzluq hisslərini ayırd etmək mümkündür.
36. Arıqlamağın ən doğru yolu su içməkdir. Rejimli şəkildə su için və pəhriz saxlamadan arıqlayın. Aclıq hiss etdiyiniz zaman çox yeməyin, amma susadığınız zaman doyunca su için.
37. Su hamiləlik zamanı ürək bulantılarını azaldır.
38. Zehni və bədən funksiyalarını bütünləşdirir. Qərar vermək və hədəfləri müəyyənləşdirmək bacarığını artırır.
39. Yaşlandıqca yaddaşın zəifləməsinin qarşısını alır. Parkinson, skeleroz və digər zehni xəstəliklərin əmələ gəlmə ehtimalını azaldır.
40. Kofein, alkoqol və bəzi dərmanlardan asılılığın aradan qaldırılmasına yardımçı olur.
Mənbə:> ANSPRESS