Fotoda “yaxşı düşməyin” fəndləri » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Fotoda “yaxşı düşməyin” fəndləri

Fotoda “yaxşı düşməyin” fəndləri

Artıq foto yalnız şəxsi və foto albomda yerləşdirilən bir xatirə deyil, özünü təqdim və təsdiq etmə, bəyənilmək üçün bir vasitədir. Amma hər adam, xarici görünüşü yaraşıqlı olsa belə, fotoda yaxşı düşmür və ya öz əksini qəbul edə bilmir.

Bəziləri fotonun nə dərəcədə yaxşı alınmasını fotoaparatın, mobil telefonun keyfiyyəti, bəziləri isə şəxsin özünün şəkildə yaxşı düşməsi ilə əlaqələndirirlər. Bir çox məşhur model agentlikləri isə modelin fotolarda yaxşı düşməsini onun bacarığı ilə izah edirlər. Onların fikrincə, fotoda baxış, modelin üz ifadəsi, çatdırdığı hisslər və fikirlər, bədən dili önəmlidir.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, çox vaxt insanlar "mən fotoda yaxşı düşmürəm" ifadəsini işlədirlər: "Bu gün sosial şəbəkələr dövrüdür və özümüz haqqında ilk informasiyanı foto ilə ötürürük. Bu səbəbdən də foto bu qədər vacib olub", - deyən psixoloq izah edir ki, hər birimiz öz fotomuza baxanda qəribə hisslər keçiririk: "Çoxu bu zaman hiss etdiyi narahatlığı şəkildə yaxşı düşməməsi ilə bağlayır. Əsl səbəb isə öz həqiqi portretini görmək istəməməsidir. Hər birimizi görünüşümüzdə nəsə qane etmir. Onu fotoda görməkdən qorxuruq".

Qurbanova bildirib ki, hər kəsin öz görünüşü haqqında müəyyən obrazı var: "Əksər hallarda bu obraz gerçəklikdəkindən daha yaxşı olur. Foto isə bizə həqiqi düzgün olmayan sifətimizi göstərir və məyus edir. Nə qədər qəribə olsa da, insan özünü daha cavan təsəvvür edir, fotodakı gerçək yaşını göstərən sima onu çaşdırır. Fotodakı əksimiz bizə yad insan kimi gəlir".

Fotoya baxanda insan özünü öyrənməyə çalışır. Ona bir sual əziyyət verir: "Əslində mən necəyəm?" Fotolar sayəsində biz özümüzü kənardan görməyi öyrənirik. Lakin çəkilən çoxsaylı şəkillərdən bəlkə yalnız bir-ikisi xoşumuza gəlir. Bəyəndiyimiz fotolarımız da əsasən uşaqlıq fotolarıdır. Psixoloq izah edir ki, əgər fotolarda özünüzü heç vaxt bəyənmirsizsə, özünüzə necə qiymət verdiyiniz barədə düşünün. Əslində yaşadığımız problemləri, sıxıntılarımızı və qorxularımızı öz görünüşümüzə keçiririk. Bu, narahatlığı azaltmağa kömək edir. Misal üçün, "mən kökəlmişəm" və ya "mən yaşlanıram" sözləri münasibətlərə və tənha qalmağa görə qorxulara işarə edir. Bəzənsə fotodakı görüntümüz bizə unutmağa çalışdığımız nəyisə xatırlatdığı üçün bəyənmirik və baxanda qıcıqlanırıq. Elə də olur ki, qadınlar öz fotolarını analarının eyni yaşda olan fotoları ilə müqayisə edir və özlərini bəyənmirlər. Düşünürlər ki, anaları onlara nisbətən daha gözəl idi və fotoları da uğurlu alınıb. Onlar isə fotoda çox pis düşürlər. Bu ona görə baş verir ki, ana obrazı bizə çox böyük təsir göstərir. "Fotoda özümüzü bəyənməməyimiz heç də xarici görünüşümüzlə bağlı deyil. Belə ki, xasiyyətimizin və görünüşümüzün necə olmasından asılı olmayaraq, təsəvvür etdiyimiz kimi görünmürük".

Müsahibimiz fotoda yaxşı düşmək üçün bəzi məsləhətlərini də verib: "Özünüzü nəyə görə bəyənmədiyinizi müəyyənləşdirin. Xarici görünüşünüzü, şəxsiyyətinizi, özünüzə olan qiymətimi bəyənmirsiz? Özünüzə güzgüdə baxıb "Mən nə görürəm", "Məni nə narahat edir", "Nəyə görə narahat edir" suallarına cavab verin".

Ən əsası özünüz haqqında olan təəssüratla gerçək görünüşünüz arasında fərqin olması ilə barışın. Bu fərq hamı üçün eynidir. Özünüzə tez-tez başqalarının sizin özünüzdə gördüyünüz qüsurları görmədiyini xatırladın.

Başqa insanlar sizə baxanda özünüzü rahat hiss etməyə çalışın. Bu fotosessiya zamanı üzün gərgin vəziyyətə düşməsinin qarşısını alacaq.

Fotoqraf Rüfət Abdullayev isə bildirir ki, fotoda yaxşı düşməyin əsas sirri necə baxmağımızdır. "Obyektiv qarşısında gözlərinizi açın. Foto səssizdir. Lakin fotoda əks olunan insan baxışla fotonu danışdıra bilər. Öz istəyinizi baxışla bildirin. Gözlər kameraya düz baxmalıdır. Fotosessiya zamanı fotoqrafa etibar edin. Kameraya baxmaqdan çəkinsəniz, şəkil uğursuz alınacaq".

// ekspress.az

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *