İlham Əliyev: Rədd olsunlar bizim torpaqlarımızdan! » AzNews.info -Xəbər portalı

İlham Əliyev: Rədd olsunlar bizim torpaqlarımızdan!

İlham Əliyev: Rədd olsunlar bizim torpaqlarımızdan!


Bu gün dünya miqyasında iqtisadi və maliyyə böhranının davam etməsinə baxmayaraq, Azərbaycan dövləti güclü dövlətdir və ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi üçün bütün lazımi tədbirləri görür.

Oxu.Az-ın məlumatına görə, bunu iyunun 25-də Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılış mərasimində çıxışı zamanı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.

Dövlət başçısı Xəzərin sülh, əməkdaşlıq dənizi olduğunu qeyd edərək Azərbaycan dövlətinin mövqeyinin bundan ibarət olduğunu vurğulayıb: “Biz çalışırıq ki, Xəzər dənizində sülhün, əməkdaşlığın dərinləşməsi üçün öz təşəbbüslərimizi irəli sürək. Şadam ki, bütün qonşu dövlətlər də bu mövqeyi bölüşür. Xəzəryanı ölkələr arasında mövcud olan dostluq, əməkdaşlıq münasibətləri Xəzərdə sülhün, təhlükəsizliyin qarantıdır. Bir çox hallarda Azərbaycan regional əməkdaşlıq təşəbbüslərini irəli sürür, o cümlədən Xəzəryanı ölkələri birləşdirən təşəbbüslər də Azərbaycan tərəfindən irəli sürülür. Gələcəkdə qonşu dövlətlərlə bizim dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında qurulan münasibətlərimiz inkişaf edəcək və bu, regionda, Xəzər regionunda sülhün təminatçısıdır”.

Prezident İlham Əliyev Azərbaycanda ordu quruculuğu prosesinin uğurla getdiyini bildirərək, bunun hökumət üçün prioritet məsələ olduğunu qeyd edib: “Ordumuz inkişaf edir, güclənir. Orduda nizam-intizam artır, aparılan islahatlar öz bəhrəsini verir. Ordumuzun döyüş qabiliyyəti artır, maddi-texniki təminat yaxşılaşır. Bildiyiniz kimi, Azərbaycanın dövlət büdcəsinin əsas xərcləri hərbi xərclərdir. Biz bundan sonra da hərbi xərclərimizi ən yüksək səviyyədə saxlayacağıq və ordunun bütün tələbatlarını ödəyəcəyik”.

Silahlı Qüvvələrin Ali Baş Komandanı qeyd edib ki, müasir dünyada gedən proseslər, qanlı toqquşmalar, müxtəlif regionlarda yaranan hərbi münaqişələr diktə edir ki, hətta müharibə şəraitində olmayan ölkələr də hərbi və ordu quruculuğunu prioritet kimi qəbul etsinlər.

Prezident İlham Əliyev qeyd edib ki, ölkənin ən böyük problemi torpaqların işğal altında qalmasıdır: “Uzun illər bu ədalətsizlik davam edir. 1990-cı illərin əvvəllərində o vaxtkı Azərbaycan rəhbərliyinin səriştəsizliyi, xəyanəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Əfsuslar olsun ki, bütün beynəlxalq təşkilatların qərarlarına rəğmən bu işğal davam edir. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, ancaq dünya ictimaiyyəti buna biganə qalır. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Orada da göstərilir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. İyirmi ildən çox vaxt keçib, ancaq bu qətnamələr icra edilmir. Bu, bizə, dövlətimizə, xalqımıza qarşı böyük ədalətsizlikdir. Ancaq bugünkü dünya əfsuslar olsun ki, ədalətsizlik üzərində qurulur. Beynəlxalq hüquq pozulur, işğalçı dövlətə heç bir təzyiq göstərilmir, işğala məruz qalan ölkəyə də heç bir dəstək göstərilmir”.

“Belə olan halda əlbəttə ki, ancaq və ancaq öz gücümüzə güvənməliyik və biz bunu edirik. Əlbəttə, beynəlxalq təşkilatların sənədləri, qətnamələri, qərarları bizim siyasi, diplomatik imkanlarımızı artırır. Bu gün heç bir ölkə Dağlıq Qarabağı bir qurum kimi tanımır. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur. Beynəlxalq təşkilatların qərarları münaqişənin həlli üçün hüquqi bazanı yaradır. Bu hüquqi baza, eyni zamanda, tarixi ədalət üzərində qurulub. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. O torpaqlarda yaradılan tarixi abidələrimiz bir daha onu göstərir ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Nəinki Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulub. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq”, deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev qeyd edib ki, bugünkü dünyada güc amili əsas rol oynayır: ““Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsipdir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq. Əlbəttə, beynəlxalq davranış qaydaları, beynəlxalq hüquq normaları var və beynəlxalq təşkilatlar fəaliyyət göstərir. Ancaq biz bu fəaliyyətin konkret nəticələrini görmürük. Bir daha qeyd etmək istəyirəm ki, bir çox hallarda dövlətimizə, xalqımıza qarşı ədalətsizlik görürük. Necə olur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrı bəzi hallarda saatlar içində icra edilir. Bizə gəldikdə isə 20 il keçib, bu qətnamələr kağız üzərində qalır. Bu, ədalətsizlikdir, ikili standartlardır. Ancaq yenə də demək istəyirəm, biz real vəziyyəti çox düzgün təhlil edərək bir daha qərara gəlirik ki, yalnız iqtisadi gücümüzə, hərbi gücümüzə, Azərbaycan xalqının istedadına arxalanmalıyıq”.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur, nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti heç bir başqa varianta razı ola bilməz. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Baxmayaraq ki, qeyd etdiyim kimi, bugünkü Ermənistan ərazisi bizim tarixi torpağımızdır. Ancaq biz öz torpağımızı heç kimə verməyəcəyik və heç vaxt bu vəziyyətlə barışmayacağıq”, deyə prezident vurğulayıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanı qeyd edib ki, münaqişəni tezliklə, ədalətli və öz xeyrimizə həll etmək üçün daha da güclü olmalıyıq: “Biz güclü dövlət qururuq. Bu gün Azərbaycan dünya miqyasında qüdrətli dövlət kimi tanınır. Baxın, bütün bölgələrdə, bütün regionlarda qanlı toqquşmalar, münaqişələr, vətəndaş müharibələri, siyasi və iqtisadi böhranlar hökm sürür. Azərbaycan isə inkişaf, sabitlik adasıdır. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və müstəqil siyasətimiz bizim bütün uğurlarımızın əsas şərtidir. Biz güclü iqtisadiyyat qurmuşuq və bu gün iqtisadi inkişaf baxımından heç bir ölkə Azərbaycan ilə müqayisə oluna bilməz. Son on il ərzində bizdə olan iqtisadi inkişaf templəri heç bir başqa ölkədə heç vaxt olmayıb. Bu gün Azərbaycan uğurlu iqtisadi inkişafını davam etdirir. Bu, bizə imkan verir ki, müstəqil siyasət aparaq. Əgər bizim iqtisadiyyatımız başqa ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə institutlarından asılı olsaydı, əlbəttə, başqa ölkələrin iradəsini bizə diktə edə bilərdilər. Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilməz. Əgər belə cəhdlər olursa, biz bu cəhdlərin qarşısını qətiyyətlə alırıq. Azərbaycan dövləti öz yolu ilə gedir. Bu yol müstəqillik və inkişaf yoludur. Azərbaycan xalqı öz taleyinin sahibidir. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz, bizi inkişaf yolundan döndərə bilməz. Ona görə ki, iqtisadi inkişaf bizim uğurlu inkişafımızın, müstəqilliyimizin əsas təminatçısıdır”.

Təmas xəttindəki vəziyyətlə hərbçilərin yaxından tanış olduğunu bildirən dövlət başçısı Azərbaycan ictimaiyyətinin də bunu bildiyini qeyd edib: “Deyə bilərəm ki, son bir il ərzində Azərbaycan ordusu təmas xəttində tam üstünlüyü əldə edib. Keçən ilin yayında Ermənistan təmas xəttində təxribat törətməyə cəhd göstərmişdi. Ancaq bu təxribatın qarşısı layiqincə alındı, düşmən yerinə oturduldu. Bizdə olan məlumata görə, keçən ilin iyul-avqust aylarından bu günə qədər yüzdən çox işğalçı məhv edilib. Bəzi hallarda bizə irad tutulur ki, təmas xəttində gərginlik yaranır, Ermənistan tərəfində çoxsaylı itkilər var. Bizim isə buna cavabımız çox sadədir. Rədd olsunlar bizim torpaqlarımızdan! O zaman münaqişə öz həllini tapar, sülh yarana bilər”.

“Ermənistan tərəfinə bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, - əgər ölmək istəmirsinizsə, bizim torpaqlarımızdan rədd olun. Bizdə olan məlumata görə, düşmən indi təlaş içindədir, isterikaya qapılıb. Təmas xəttindəki məğlubiyyətindən sonra bizdən qisas almağa çalışıb, ancaq o cəhdlər də uğursuz olub. Nə qədər çox təxribat törədəcəklərsə, o qədər də çox itki verəcəklər. Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Bizdə olan vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanlar əlbəttə ki, üstünlüyümüzü şərtləndirir. Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər”, deyə prezident bildirib.

“Biz 24 ilə yaxındır ki, müstəqillik şəraitində yaşayırıq. Müstəqillik bizim ən böyük sərvətimiz, ən böyük dəyərimizdir. Əsrlər boyu Azərbaycan xalqı, bizim əcdadlarımız müstəqillik eşqi ilə yaşayıb. Ancaq bu xoşbəxtlik bizə nəsib olub”, deyə ölkə başçısı vurğulayıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanı qeyd edib ki, bu gün müstəqil Azərbaycan dünya miqyasında nümunəvi ölkə kimi tanınır: “Azərbaycanda xalqla iqtidar arasındakı birlik ən yüksək səviyyədədir. Azərbaycanda bütün azadlıqlar təmin edilir, demokratik inkişaf sürətlə gedir, iqtisadi potensial, hərbi qüdrətimiz güclənir. Azərbaycanda gözəl ictimai ab-hava var. Bu, doğrudan da nümunəvi bir ölkədir və bütün bu uğurların başlıca səbəbi müstəqillikdir”.

“Bizim əvvəllər də enerji resurslarımız var idi. XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycan nefti dünya neftinin 50 faizini təşkil edirdi. Ancaq o sərvət, o nəticələr harada idi?! Çünki o resurslar bizə məxsus deyildi. Ancaq müstəqillik illərində biz böyük nəticələrə nail ola bilmişik.

Bizim xalqımız azaddır, müstəqildir. Biz öz həyatımızı özümüz qururuq, heç kimdən asılı deyilik. Bizim müstəqilliyimiz sadəcə olaraq dövlət atributları ilə ölçülmür. Biz müstəqil siyasət aparırıq, bütün beynəlxalq tribunalarda sözümüzü deyirik, bütün beynəlxalq məsələlərlə bağlı qətiyyətli mövqeyimizi ifadə edirik. Bəzi hallarda bu, bizi istəməyən xarici qüvvələri, dairələri qıcıqlandırır. Ancaq mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ Azərbaycan xalqının təhlükəsizliyi, rifahı, Azərbaycan dövlətinin inkişafı və güclənməsidir”, deyə prezident vurğulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *