“Prezident hər bir sahəni daim diqqətdə saxlaya bilməz” - İlham Əliyev
Azərbaycan xalqını bayram münasibətilə təbrik edən prezident Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından danışıb:
“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox müsbət, uğurlu idi. Respublikanın ömrü qısa olmuşdur. Əgər iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsəydi, bəlkə də bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş ölkə ola bilərdi”.
İlham Əliyev hazırda dünyada yaşanan siyasi, hərbi və iqtisadi böhranın Azərbaycana təsir etmədiyini bildirib:
“Bizim sözümüzün çəkisi var və bizim rolumuz həm regionda, həm qitədə, həm də dünyada artmaqdadır.
Neftin qiymətinin aşağı düşməsi də bizə o qədər də böyük problem yaratmadı. Hər halda, bütün sosial proqramlar, nəzərdə tutulmuş bütün infrastruktur layihələri icra edilir. Əlbəttə ki, biz öz xərclərimizə yenidən baxmalı olduq. Ancaq hesab edirəm ki, burada müsbət məqamlar da çoxdur. Biz gələcəkdə öz maliyyə resurslarımızdan daha da qənaətlə istifadə edəcəyik, ölkəmizin və real sektorun inkişafı üçün daha çox diqqət göstərəcəyik, əsas vəsaiti bu istiqamətə yönəldəcəyik. Təbii ki, sosial proqramlar və sosial məsələlər, o cümlədən sosial infrastrukturun yaradılması da diqqət mərkəzində olacaqdır”.
Prezident qarşıda duran vəzifələr haqqında da fikirlərini bölüşüb:
“Daxili siyasətlə bağlı bizim çox konkret proqramlarımız var. Mətbuat azadlığı, söz azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan, din azadlığı tam şəkildə təmin edilir və biz gələcəkdə də bu yolla gedəcəyik. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Biz bu sahədə “ASAN xidmət”in fəaliyyətini qeyd etməliyik”.
Ölkə başçısı ictimai nəzarətin vacibliyini vurğulayıb:
“Bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir”.
Dövlət başçısı Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirildiyini diqqətə çatdırıb:
“Mən bunu alqışlayıram. Deyə bilərəm ki, bir çox hallarda bu tədbirlərin təşəbbüskarı da mənəm. Mən hesab edirəm ki, bu, ölkəmizin inkişafı üçün çox vacibdir. Eyni zamanda, dünyada Azərbaycanı daha da çox tanıyacaqlar, Azərbaycana daha da çox hörmət edəcəklər”.
İlham Əliyevin sözlərinə görə, keçən ilin yayından başlayaraq bu günə qədər Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü təmin edib və düşmənə sarsıdıcı zərbələr endirib:
“Bu gün artıq Ermənistan rəhbərliyi etiraf edir ki, xarici yardım olmadan Azərbaycanın qabağını almaq mümkün olmayacaq. Biz hesab edirik ki, bu ədavət və düşmənçilik əbədi ola bilməz. Amma buna, ilk növbədə, sülhə nail olmaq üçün erməni silahlı qüvvələri Dağlıq Qarabağdan və işğal edilmiş torpaqlardan çəkilməlidir. Burada ən məqbul variant mərhələli həlldir. Biz dəfələrlə bu barədə öz sözümüzü demişik. Ancaq mərhələli həll burada məsələnin həllinə gətirib çıxara bilər. Əks təqdirdə, Ermənistan bundan sonra da daim qorxu, təşviş, isterika, vahimə içində yaşayacaq və gün gələcək ki, artıq Azərbaycan Ordusu öz sözünü deməli olacaq”.
Prezident ölkənin təbii resursları haqqında da danışıb:
“Azərbaycanın zəngin qaz resursları bizi və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təmin edəcək. Əlbəttə ki, bizim bazarlara çıxışımızla bağlı konkret addımlar atılır. Əgər TAP layihəsində hər hansı bir problem yaranarsa, o zaman biz qazımızı daha çox Türkiyə bazarına ixrac edəcəyik. Hər halda, onu qeyd etməliyəm ki, bazarlarla bağlı bizim heç bir narahatlığımız yoxdur.
Azərbaycanın inkişafı davamlı olacaq. Müstəqilliyimiz bizim ən böyük dəyərimizdir, ən böyük sərvətimizdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq”.
Mənbə:> Bizimyol.info