İlham Əliyev: "Qarabağa heç vaxt müstəqillik verilməyəcək"
“Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu prosesi başlamış, demokratik institutlar təsis edilmiş, siyasi islahatlar aparılmağa başlamışdı. Bizim dövlət atributlarımız qəbul edilmişdi. Dövlət himnimiz, milli bayrağımız təsdiq edilmişdi, qadınlara səsvermə hüququ verilmişdi. Onu da qeyd etməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti bunu bəzi Avropa ölkələrindən daha əvvəl etdi. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox müsbət və uğurlu idi”.
Virtualaz.org bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışında deyib.
Dövlət başçısı AXC-nin süqutundan sonra Azərbaycanın sovetlər birliyi tərkibində keçdiyi mürəkkəb yola da nəzər salıb. Həmin illərdə elm və təhsil sahəsində, neft sənayesində müəyyən irəliləyişlər olsa da, 70-ci illərə qədər Azərbaycanın sovetlər birliyi respublikaları arasında sonuncu yerlərdən birini tutduğunu deyən dövlət başçısı ümummilli lider Heydər ƏIiyev birinci dəfə respublikaya rəhbərliyə gəldikdən sonra həyatın bütün sahələrində baş verən köklü dəyişikliklərdən də söz açıb.
İkinci dəfə müstəqilliyə qovuşduqdan sonra ölkədə baş verən hadisələrin xaos, anarxiya və vətəndaş müharibəsi və ölkə torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğalının müstəqilliyimizə ciddi təhlükə törətdiyini bildirən prezident İlham Əliyev yalnız xalqın tələbi ilə ulu öndər hakimiyyətə gəldikdən sonra ölkənin qarşılaşdığı bu ciddi problemlərin aradan qaldırılması üçün görülən tədbirlərdən danışıb. Prezident İlham Əliyev məhz həmin dövrdə möhkəm əsaslar və milli maraqlar üzərində təməli qoyulan dövlətin bu gün düşünülmüş siyasət və xalqın iradəsi sayəsində inkişaf etdiyini və möhkəmləndiyini, beynəlxalq aləmdə nüfuzunun getdikcə artdığını vurğulayıb.
Dövlət başçısı Azərbaycanın siyasi, enerji və nəqliyyat təşəbbüslərinin regional əməkdaşlığı genişləndirməyə şərait yaradan əsas amillər kimi dəyərləndirib. Qarşıda duran məsələlərə toxunan ölkə başçısı bundan sonra da sabitliyin qorunması, demokratik əsaslar üzərində hüquqi dövlət quruculuğunun davam etdirilməsi, cəmiyyəti narahat edən məsələlərin həlli üçün güclü ictimai nəzarətin yaradılması istiqamətində görüləcək işlərdən danışıb.
Xarici siyasətdə düşünülmüş addımların ölkənin imicini artırdığını deyən prezident bu sahədə yeganə problemin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin olduğunu diqqətə çatdırıb və münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli üçün kifayət qədər hüquqi baza olduğunu əsaslandırıb: “Birincisi, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Erməni lobbisinin çirkin səylərinə baxmayaraq, biz son illər apardığımız siyasət nəticəsində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut edə bilmişik.
İkincisi, Dağlıq Qarabağ bütün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır və biz BMT-yə üzv olduqda bütün dünya tərəfindən siyasi müstəvidə Dağlıq Qarabağ da Azərbaycanın tərkib hissəsi, paçası kimi qəbul edilib.
Üçuncüsü, əlbəttə ki, bu gün Azərbaycanın siyasi çəkisi Ermənistanın çəkisi ilə müqayisəedilməz səviyyədədir.
Dördüncüsü isə iqtisadi faktordur. Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ən azı 10 dəfə böyükdür və güclüdür”.
Prezident bir daha xatırladıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var: "Postsovet məkanında buna oxşar münaqişələrlə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul edilib və orada da açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyri-şərtsiz çıxmalıdır. Ermənistan bunu təhrif etməyə nə qədər çalışsa da, mümkün deyil, çünki bu yazılıb və dərc edilib”.
Dövlət başçısı qeyd edib ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq və Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək.
Mənbə:> Virtualaz.org