İlham Əliyev dəyərləri və Əli Kərimli simasızlığı
Eynulla Fətullayev
Bloger Mehman Hüseynovun ikinci işi ilə bağlı qalmaqallı ucuz roman, nəhayət ki, sona çatdı. Pərdələr salındı! Bu dəfə də prezident İlham Əliyevin vaxtında müdaxiləsi sistemdənkənar qüvvələrə vəziyyətdən istifadə etməyə imkan vermədi. Şəbəkə şəkilli etirazçı tənqid gözlənilən sonu xalq etirazının qələbəsi kimi təqdim etməyə çalışır.
Sual olunur, əcəba, “Məhsul” stadionundakı aksiyaya çıxmış bir ovuc kütlə və ona qarışmış, bir müddətlik formasını mülki geyimə dəyişmiş minlərlə polis xalq etirazıdırmı?! Bu stadion ən uzağı on min adam tutur. İti göz olmadan da görünür ki, müxalifət bu dəfə də onu doldura bilməyib. Doğrudanmı, ağıldankəm siyasi qaragüruh güman edir ki, İlham Əliyevin güclü hakimiyyət şaqulu Xalq Cəbhəsini, Müsavatı, ReAlı, Milli Şuranı, İslam partiyasını və hətta yurd-yuvasız qalmış və bu dəfə üzə çıxmış “qurd”lardan ibarət bu rəngarəng müxalifətin bir ovuc tərəfdarının qarşısında geri çəkildi?!
İ.Əliyevin on beş illlik hakimiyyəti dövründə iqtidar daim səs-küylü siyasi və ictimai çağırışlarla üzləşib. Heç vaxt da geri çəkilməyib. Lakin bu dəfə prezident qətiyyən sürətli dividendləri və siyasi konyunkturanı əldə rəhbər tutmayıb. Əsla! Axı söhbət şan-şöhrətdən deyil, müxalif illüziyaların fırtınalarının onun özü üçün belə yad olan siyasi mübarizənin mərkəzinə atdığı yeniyetmənin taleyindən gedirdi. Prezident virtual hay-küyün deyil, gənc blogerin müraciətinə diqqətlə yanaşdı, vətəndaş cəmiyyətini eşitdi, real demokratik ictimaiyyətin xahişlərini qəbul etdi. Doğrudanmı, kimsə güman edir ki, İlham Əliyev kimi fövqəlgüclü beynəlxalq qüvvəlırin qabağından çəkilməmiş iradəli, sərt, məğrur və xarizmatik lider Yasamal çölünə toplaşmış bir ovuc qaragüruhçunun qarşısından çəkilə bilər?! Uzaq Avroparlamentin deklarativ formal xarakter daşıyan qətnaməsini və orta səviyyəli diplomatların şifahi xahişlərini nzərə almasaq, heç xüsusi bir beynəlxalq təzyiq də yox idi. Eyni zamanda, bundan bir qədər öncə Avropa Şurası Parlament Assambleyasının binası qarşısında mühacir müxalifətin etiraz aksiyası da tamamilə iflasa uğradı.
İmperatriçə Jozefinanın şəhərkənarı evi ilə müasir Avropa memarlığının şüşə obrazı arasında qış bağında əllərində plakatlar tutmuş Azərbaycandan olan bir neçə emiqrantın silueti göründü, lakin bir neçə dəqiqədən sonra bu siluetlər il boyu AŞPA-nın qarşısında piket keçirən Abdulla Öcalan tərəfdarlarının arasında itib batdı.
Səmimi etiraf edim ki, Mehmanın böyük qardaşı Emin Hüseynovun ikiüzlülüyü və simasızlığı insanı şoka salır. Soros institutları ilə əlbir olaraq, Jozefinanın bağındakı uğursuz aksiyadan və axmaq cəhddən sonra E.Hüseynov artıq şüşə binanın içərisində yeni tamaşaya başladı. Müxalifətçilərin ölkəmizin hakimiyyəti ilə əlbir olmaqda ittiham etdiyi Azərbaycan üzrə həmməruzəçi Ştefan Şennax və məşhur hollandiyalı deputat, Avropadakı erməni diaspor təşkilatının liderlərindən biri Piter Omtsiqlə birlikdə Emin Hüseynov avropalı deputatları dərhal Azərbaycana qarşı sanksiyaların tətbiqinə səsləyirdi.
Mehman barəsində iş bağlandı, məhbus aclıq aksiyasını dayandırdı, amma Emin hər şeyi başqa cür təqdim edir. O, hələ də deputatları inandırmağa çalışır ki, Mehmana qarşı iş qüvvəsindıdir və məhbus ölümün bir addımlığındadır. Axı necə belə yalan danışmaq olar?!
Lakin bu simasız yalanın müşayiəti altında avroparlamentarilər Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidovu Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçirlər!..
Müxalifət bu dəfə də siyasi vəziyyətin dəyişməsinə nail ola bilmədi. Ən uzağı gücləri Bakı ilğımlarının rutin həyatından uzaq sosial şəbəkələrdə uca səslərə və ah-naləyə çatdı.
Halbuki, hökm sürən ümumi virtual narahatlığın fonunda müxalifət, müasir siyasi texnologiyaların bütün qanunlarına əsasən, ölkədəki siyasi vəziyyəti dəyişə biləcək hərəkat yaratmalı idi. Yeddidən çox partiya cəmi bir neçə min tərəfdar toplaya bildi?! Bu, siyasi iflas deyilsə, bəs nədir? Elə tribunanın özü də üzdəniraq hədyan və təşviş dolu intriqalarla zəbt olunmuşdu. Ən son anda, əvvəlki qərarını dəyişərək, ReAl qeyri-formallarının başçısı, “bizim Navalnı” İlqar Məmmədov tribunada göründü. Özünün inamsız səsi ilə əyri-üyrü Azərbaycan dilində o, yüksək tonla “siyasi məhbuslar”ın azad edilməsinə çağırdı. Görülməyə dəyər səhnə idi: “qərbçilər”in lideri yolunmuş “boz qurd” İsgəndər Həmidovla islamçıların lideri Rövşən Kərbəlayinin və müxalifət həyatından başını itirmiş “mehriban YAP-çı” Gültəkin Hacıbəylinin arasında dayanmışdı...
Etiraf edim ki, İsgəndər Həmidovun tribunada görünməsi nəinki hiddətləndirdi, həm də təhqiramiz oldu. Bəli, bu həmin generaldır, həmin AXC hökumətinin DİN başçısıdır ki, şəxsən “İstiqlal” qəzetinin redaksiyasını darmadağın etmiş, müxalifətçi jurnalist Zərdüşt Əlizadəni maşının baqaj yerinə salmışdı və Canik Hüseynovu məcbur etmişdi ki, “Zerkalo” qəzetini yesin. İndi həmin İ.Həmidov yalançı söz azadlığı aşiqlərinin sırasındadır. Bax belə metamorfozlar!
Xalq liderlərinin tribunasının müşahidəsi psixoanalitiklər üçün ayrıca tədqiqat mövzusudur.
Əli Kərimli gizli ikrah, bəzən isə rişxəndlə sönük və xarizmadan uzaq, yenicə ortaya atılmış, iddialı İlqar Məmmədova necə nəzər salırdı. Bu baxışda aşkar istehzanı oxumaq olardı: “İndi sən xalq liderliyinə iddia edirsən?”
Əli Kərimli başqa aləmdir. Bu, onun peşəsidir. Uzun siyasi karyerası boyunca Kərimli çoxminlik kütlə ilə görüş şansı əldə etmişdi. Onun çıxış manerası kilsə xorunun ifasını xatırladırdı. Bu mahnı oğurluq və qisas haqqında dəfələrlə söylənmiş sözlərdən ibarət idi. Sonuncu dəfə Əli Kərimli bu cür ruhi-siyasi ekstaz halında 1999-cu iuldə Motodromda keçirilən o qədim mitinqlərdə görünmüşdü.
Aksiyadan sonra isə kütlə özünün ekstaz halında olan liderinin dalınca “İnşaatçılar” metro stansiyasına doğru aparan dar dəhlizə yürüdü. Böyük kütlə effekti yaradan dar keçid on illik siyasi karyerası ərzində Kərimlinin daha bir bədii nailiyyətidir. Bu cür 3D effekti ilə biləyən cəbhəçi özünün “Facebook” səhifəsində dil boğaza qoymur. Onun bütün mübarizəsi al-əlvan etiraz mənzərəsi ardınca qaçışdan başqa bir şey deyil.
Lakin müəyyən bir anda gözləri yanan və yarısayıqlama halında olan maniakal fanatik liderini əhatəyə almış kütlə nəzarətdən çıxdı. Kütlə siyasi şüarlardan söyüşə keçdi. Bəziləri iki məhəllə aşağı düşərək hakimiyyəti ələ keçirməyə çağırırdılar. Bir neçə dəqiqədən sonra isə kütlə, ümumiyyətlə, İnşaatçılar prospektində nəqliyyatın hərəkətini iflic halına saldı. Narıncı sifətli və qırmızı gözlü, azğınlaşmış insanlar heç nədən xəbəri olmayan sərnişinləri aşağı düşməyə və onlarla birlikdə hakimiyyəti devirməyə yollanmağa səsləyirdilər. “Nəyə görə? Bu nədir?!”, - sərnişinlər və piyadalar sual verir və onların simasında narahatlıq qorxuya çevrilirdi. “Düşün, gedək Mehmanı xilas edək”, - dramatik tamaşanın davam etdiyi yeri artıq tərk etmiş Kərimlinin dəstəsindən olan qəribə adamlar qışqırışırdılar. “Hansı Mehman?”, - uzaqdan səslər eşidilirdi. Kütlə daxilində anarxik ağılsızlığın mərkəzinə düşmüş yeniyetmələr və məktəblilər vardı.
Mitinq dağıldı, kütlə seyrəldi, Mehman unuduldu. Və budur, ertəsi gün – yanvarın 20-də - qanlı faciəınin qurbanlarının yad edildiyi matəm günündə sonradan Heydər Əliyevə and içmiş Elçibəyin keçmiş silahdaşı, keçmiş dövlət katibi, sonradan deputat olmuş və Heydər Əliyevi satmış Əli Kərimli özünün əyanları ilə hər il əllərində qərənfil Şəhidlər Xiyabanına yollanan ənənəvi izdihamın arasında göründü. Bu dəfə Kərimli “dəfələrlə istifadəyə yararlı məmulat” Nemət Pənahlı – 20 yanvarda xalq barrikadalarının təşkilatçılarından biri ilə birlikdə ortaya çıxdı. Bəli, AXC-nin idarə heyətinin bütün üzvləri, o cümlədən Pənahlı və tələbə lideri Kərimli qoşunlar yeridildikdən sonra qaçıb gizlənmiş və sağ qalmışdılar. Küçələr isə günahsız insanların meyitləri ilə dolu idi.
Bu dəfə Kərimli əməlli-başlı özbaşınalığa əl atır. O, Simurq quşu kimi, xalq hiddəti lideri obrazında az tanış kütlənin başında küldən zühur edir. Asayiş keşikçiləri ikiüzlü yalançını dayandırdılar. İzdiham keçdi. Lakin sonradan Kərimli bir ovuc tərəfdarı və Nemət Pənahlı ilə Xiyabana buraxıldı. Amma arzu olunan mənzərə alınmadı. Pərişan oldu! Kərimli stulları sındırır, qudurmuş halda özünün bərabərlər arasında birincilik hüquqlarının məğlubiyyətini bəyan edir.
Hər şeydən məhrum yeniyetmə Mehman, sovet müdaxiləsinin qurbanlarının xatirəsi, istənilən bu cür az-çox diqqət çəkən, cəmiyyətin marağına səbəb olan hadisə vaxtı keçmiş, özünü yeyib bitirmiş yalançı siyasətçinin ictimai gərginlik təşkil etmək məqsədi güdən siyasi dram yaratmaq üçün cidd-cəhdləridir. Hələ ki, alınmır. Axı hakimiyyətdə Vəzirov deyil, heç Mütəllibov da deyil, nəhəng siyasi qayadır – İlham Əliyev. İstənilən süni dalğa onun siyasi iradəsinin qayasına tuş gəlir. Prezidentin arxasında on milyonluq xalq və bu xalqın əyilməz dəmir iradəsi durur. Kərimlinin, Nemət Pənahlının, İlqar Məmmədovun və islamçıların axasında duran isə kiçik köntöy və pərən düşmüş sosial qrup və olsa-olsa Soros institutları durur.
Söhbətimizin sonunda diqqətimizi “inqilab üçün pullar” kimi heç də az əhəmiyyəti olmayan məsələyə də diqqət yetirək. Sistemdənkənar müxalifəti kim maliyyələşdirir? İnqilab işi üçün vəsaitlərin böyük hissəsi xaricdən daxil olur. Biz Gürcüstandakı QHT-lər vasitəsilə maliyyələşmənin xüsusi sxemi barədə söhbət açmışıq. Lakin bir neçə gün öncə təhqiqatımızın nəticəsi olaraq birgünlük firmalar vasitəsilə subsidiyalaşdırmann izinə düşdük. Ən yaxın günlərdə təhqiqatımızın nəticələrini oxucuların diqqətinə çadıracağıq.
Sonuncu aksiyanın keçirilməsi ciddi məbləğə başa gəlib. Aksiya iştirakçılarına pul paylayır, mitinqə gələnlərin stadiona çatdırılması üçün az pul sərf edilmirdi. Növbəti mitinqin və ölkədə sabitliyin pozulması məqsədilə daha bir çox nümayişlərin keçirilməsi üçün pul kifayət qədərdir. “Qar koması” modeli işə düşür. Soros institutları və sistemdənkənarlar çalxalanma prosesini dağıdıcı narazı və etirazçı xalq kütləsinin formalaşdırılması kimi kritik nöqtəyə çatdırmağı planlaşdırırlar. Hakimiyyəti ələ keçirmək məqsədilə... Nəzəri cəhətdən inqilaböncəsi vəziyyətin modelləşdirilməsi MDB məkanındakı əvvəlki inqilabların təcrübəsi əsasında həyata keçirilir. “İnqilabın qələbə işi” üçün bütün resurslar var. Lakin bu dəfə “qar koması”nın ssenari müəllifləri Azərbaycan baharının spesifik xarakterini nəzərə almırlar. Barrikadalarda duranlar elə həmin Kərimli, Pənahlı, Hacılı və 1990-cı il modeli AXC-nın digər fəallarıdır. Onlara qarşı duran isə xalqın seçdiyi prezidentdir. O prezident ki, onun üçün bir yeniyetmənin və vətəndaşın taleyi ali dəyərdir. Qaragüruh liderlərinin arxasında köhnəliyin dağıntılarıdır. Prezidentin arxasında isə - inam, iradə və xalq...
Mənbə:> Virtualaz.org