Rusiya XİN Paşinyanı dalana dirədi
Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya XİN rəhbərinin müavini Qriqori Karasinin bu gün verdiyi sensasion bəyanatı şərh edib. Virtualaz.org xəbər verir ki, Paşinyan Rusiya tərəfinin ABŞ tərəfindən Yerevana hansı təzyiqlərin edildiyini nəzərdə tutduğunu anlamadığını deyib.
Qriqori Karasin ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun sentyabr ayında Yerevana səfəri zamanı verdiyi bəyanatları xatırladaraq Vaşinqtonun Ermənistanın işlərinə “abrırsızcasına qarışdığını” deyib. Yüksək vəzifəli rusiyalı diplomat bildirib ki, Ermənistan rəhbərliyi özündə cəsarət, mərdlik tapıb ABŞ-ın şantaj və təzyiqlərinə qarşı çıxmalıdır.
“Düzünü desəm məndə sual yarandı ki, hansı təzyiq və şantajdan söhbət gedir. Mən rusiyalı həmkarlarımdan öyrənməyə çalışacam ki, bu informasiya nəyə əsaslanır. Ermənistan müstəqil siyasət aparır və belə də davam edəcək”-Paşinyan jurnalistlərə bildirib.
***
"Rəsmi Moskva Ermənistanın yeni hökumətinin ABŞ tərəfindən təzyiq və hədə-qorxulara sinə gərməyə cəsarət taparaq müstəqil qərarlar verəcəyinə ümid edir". Virtualaz.org “aysor.am” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.
O deyib ki, bu il ölkədəki köklü dəyişikliklərin fonunda rəsmi Vaşinqtonun onun daxili və xarici siyasət işlərinə qarışması getdikcə daha ədəbsiz olur: "Oktyabr ayında ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Yerevana gələrək Ermənistana ABŞ silahlarını almaq və ən qısa vaxt ərzində İrana qarşı sanksiyalara qoşulmaq göstərişi vermişdi. ABŞ-Ermənistan münasibətlərinin hələ üzdə olan tərəfi budursa, onda pərdəarxası necə “qolburma” etdiklərini təsəvvür etmək olar”.
“Ermənistandakı parlament seçkilərində lazımi etimad qazanan indiki hökumətin açıq-aşkar təzyiq və hədə-qorxulara sinə gərmək üçün cəsarət taparaq milli mənafeyinə uyğun müstəqil qərarlar verəcəyinə və suveren hüquqlarını müdafiə edəcəyinə ümid edirik”, - rusiyalı diplomat vurğulayıb.
Mənbə:> Virtualaz.org