Şirvani küçəsində yaşayan günüqarələr və onların gününü qara edənlər...
...Dedilər yoxdu istirahətimiz,Qalmayıb şövkət ilə izzətimiz.
İzzətin həqqi eylə bir çarə,
Olmuşuq cümləmiz günüqarə.
Ədəbiyyat həvəskarları yəqin ki, dərhal xatırladılar. Bu misralar Azərbaycan ədəbi irsinin görkəmli xadimlərindən biri Seyid Əzim Şirvaninin“Yerdəkilərin göyə şikayəti” şerindən götürülüb.
Şair XIX əsrin sonlarında bu misraları yazanda yəqin heç ağlına da gəlməzdi ki, XXI əsr gəlib yetişəcək və onun adını Bakıdan üzü Şamaxıya (şairin vətəninə) gedən yolun kənarında , bir sonrakı nəsil Azərbaycan ədəbi irsinin görkəmli xadimi Müşfiqin adını daşıyan qəsəbədə salınmış kortəbii yaşayış məskəninin qışda palçığı dizə çıxan baş küçəsinə verəcəklər. Hələ o heç ağlına gəlməzdi ki, bu küçə boyu yerləşən qara metaləritmə sexləri də günü-güzəranı onsuz da ağ olmayan sakinlərin cümləsini bir yandan günüqarə edəcək.
Bəli, belə kustar sexlərdən daha biri (Ceyranbatan qəsəbəsində) barədə məcburi köçkünlərin müraciəti əsasında hazırladığımız reportajın səsi-sədası səngiməmiş daha üç belə sexin koordinatlarını müəyyənləşdirmək mümkün oldu. Və reportyor qrupumuz üz tutdu Müşfiqabad qəsəbəsi istiqamətinə, Bakı-Şamaxı yolunun kənarındakı yeni salınmış yaşayış məhəlləsinin Seyid Əzim Şirvaninin adını daşıyan baş küçəsinə.
Bu küçəyə Seyid Əzim Şirvaninin adını verənlər hökmən bədii təxəyyülə malik yaradıcı adamlar olmalıdır. Çünki küçənin mənzərəsi elə şairin XIX əsrin ortaları, XX əsrin əvvəllərində yazdığı, cəhaləti, yoxsulluğu, haqsızlığı təsvir edən şerləri ilə uzlaşır. Hər tərəf parlçıq, çala-çuxur, yaşayış üçün infrastruktur yetərsizliyi...Şirvani küçəsində nəinki piyada, heç maşınla da hərəkət etmək asan iş deyil. Və bu kasıb məhəlləsində birdən birə üç “metallurgiya zavodu” yerləşir.
Əlövsətin sexində: “Metal tullantısı gətirmişəm, kilosu 10 qəpiyə...”
Minik avtomobilinin böyük çətinliklə irəlilədiyi palçıqlı yolla birtəhər bu kustar sexlərdən birincisinə yaxınlaşırıq. Sexin girişində dəmir şlaqbaum qoyulub, amma qarovulçu gözə dəyimir. Əməkdaşlarımız şlaqbaumun altından keçib sexin həyətinə daxil olur. 4-5 fəhlə sexdən bir qədər aralıda tonqal qalayıb, içəridə isə daha 3-4 fəhlə gözə dəyir. Onlar metal tullantılaırnı çeşidləməklə məşğuldur, içərini tüstü, nəfəs almanı çətinləşdirən kəskin iy bürüyüb.
Sahibkarı soruşuruq, “yoxdur” deyirlər. Amma dəqiqləşdiririk ki, sexin sahibinin adı Əlövsətdir. Üst-başı mazuta, hisə batmış 25-26 yaşlı gənc deyir ki, sexə metal tullantısı təhvil verməyə gəlib, kiloqramını 10 qəpikdən alırlar.
“Bu küçədə yaşayıram, metal tullantısı toplayıb sexə təhvil verməklə beş-on manat qazanıram. İndi işləmirlər, amma tullantı qəbul edirlər. Yəqin daha sonra əridəcəklər”-o deyir.
Əlbətdə, bu sexdə nə normal istehsalat şəraitindən, nə təmizləyici avadanlıqdan söhbət gedə bilməz.
Yaxınlıqda yaşayan sakinlərlə söhbətləşirik. Onlar jurnalistləri görən kimi əsas problemlərini-yolsuzluğu birinci çatdırırlar.
“Kişilər uzunboğaz rezin çəkmə geyinirlər, qadınlar ayaqqabılarının üstündən selafon torba keçirirlər. Başqa əlac yoxdur, mayın sonunadək yollar palçıqdan, bataqlıqdan keçilməz olur. Siz hələ dərsə gedən uşaqların vəziyyətini təsəvvür edin, dizə qədər palçığa batırlar”-sexin həndəvərindəki evlərdən birinin sakini, orta yaşlı qadın deyir.
“Metalı əritməyə başlayanda nəfəs ala bilmirik...”
Söhbətə onun qonşusu qarışır, deyir ki, avtobus bir yana heç taksi sürücüləri də bu əraziyə gəlmək istəmirlər. Deyirlər ki, bu yola avtomobil davam gətirə bilməz, beş-on manat qazanclarını da ustaya xərcləməli olacaqlar: “Onları da qınamaq olmur, beş addımlıq yolu piyada güclə yeriyirik. Elə bil ucqar dağ kəndində yaşayırıq, belə zülüm olmaz. Vəziyyət həm də ona görə təhlükəli hala çatdı ki, dörd yanımız metal sexləridir, bu sexlərə iri maşınlar gəlirlər, yollar lap dağılır. Öz gücümüzlə birtəhər küçələrə daş-çınqıl tökürük, onu da metal sexlərinin maşınları dağıdır”.
Nisbətən yaşlı sakin söhbətə qatılır, deyir ki, həmin sexlərin buraxdığı zəhərli tüstü, üstəlik kəskin iy həyatlarını cəhənnəmə döndərib. Sakinlərdən biri əməkdaşlarımızı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları zənn edir. Bu da təsadüfi deyilmiş. Məlum olur ki, nazirliyin Sumqayıt regional idarəsinin əməkdaşları da ara-sıra Şirvani küçəsindəki sexlərə baş çəkirlər. Amma belə reydlərin nəticələri nə olur, orası aydın deyil.
“Küləkli havada tüstü, kəskin iy evə dolur, indi qışdır deyə qapı-pəncərəni bağlamışıq, amma yenə də sexdə metal əridiləndə nəfəs ala bilmirik. Dəfələrlə irad bildirmişik, lakin nə şikayətə baxan var, nə də tədbir görən. Bir neçə dəfə maşın palçığa batıb, ona görə sexin giriş qapısını dəyişiblər. Yayda çox vaxt maşınlar burdan işləyirdi, şikayət edəndən sonra dəmir zəncirlə bağladılar. İndi o tərəfdən işləyirlər”-Şirvani küçəsinin sakini əli ilə sexin yolunu nişan verir.
“Bu qəsəbədə, belə vəziyyətdə yaşayanların əksəriyyəti kasıb adamlardır, xəstələnəndə dərmana verməyə pul tapmırıq, amma başqa əlacımız yoxdur”,-sexin lap yaxınlığında, 2 otaqlı birmərtəbəli evdə yaşayan digər sakin deyir. Onun evində isə 3 azyaşlı uşaq böyüyür...
“Əlövsətin sexi”ni tərk edib ondan təxminən 1.5 km aralıda olan digər metaləritmə müəssisəsinə yollanırıq. Bura “Şəhriyar-99” MMC-yə məxsus müəssisədir, yolu palçıqlı olsa da həyəti nisbətən abaddır, asfaltlanıb. Yaşlı qarovulçu gələnləri “Ekologiyanın işçiləri” zənn edir.
“Bir halda ki, belə zənn edir, o zaman olaq “ekologiyanın” işçiləri. Onsuz da ekoloji problemlərdən yazmaqdan lap ekoloqlara dönmüşük”-öz aramızda deyirik və sexin həyətinə keçirik.
“Tahirin sexi”: “Biz dövlət sifarişlərini yerinə yetiririk...”
Bu arada qısa haşiyə: “Şəhriyar 99” MMC Azərbaycanda kustar metallurgiyanın əsasını qoyanlardan biri sayıla bilər və bu müəssisə 10 ildən artıqdır işləyir. Müəssisə əvvəllər künclük (“uqolnik”) istehsal edib, son vaxtlar isə armatur istehsalına keçib.
“Əlövsətin sexi”indən fərqli olaraq burada müəssisənin səliqəli ofisi də var. Və ofisdə bizi sexin sahibi Tahir Orucov qarşılayır. Qısa tanışlıqdan sonra o, müəssisənin fəaliyyətindən söz açır.
“Biz dövlət şirkətlərinin sifarişlərini yerinə yetiririk. SOCAR-dan, “Azərbaycan Dəmir Yolları” ASC-dən sifarişlər alırıq. Yerləşdiyimiz ərazi özümüzündür, beş hektar torpaq sahəmiz var. Dövlət sifarişləri olmasa işsiz qalarıq. Düzdür, armatur da buraxırıq, amma hazırda Azərbaycanın armatur bazarı dolub. İrandan 45 min ton mal vurublar, biz tonunu heç 600 manata da sata bilmirik”-sahibkar gileylənir.
Maraqlıdır, axı bu kustar müəssisə SOCAR, “Azərbaycan Dəmir Yolları” ASC kimi iri dövlət şirkətləri üçün hansı sifarişləri yerinə yetirir?
T.Orucov deyir ki, məsələn, SOCAR neft quyularında işləyən dərinlik nasosları, müxtəlif avadanlıqlar üçün ehtiyat hissələrini onun sexi hazırlayır. “Azərbaycan Dəmir Yolları” QSC isə müxtəlif yükboşaltma kranlarının, istehsalı dayandırılmış köhnə sovet elektrovozlarının və teplovozlarının tapılmayan ehtiyat hissələrini bu müəssisəyə sifariş verir.
Keçirik əsas məsələyə, yəni sexin havatəmizləyici qurğu ilə təchiz olunmasına. Məlum olur ki, bu sexdə də həmin qurğudan əsər-əlamət yoxdur. Amma sahibkar deyir ki, təmizləyici qurğu almaq niyyəti var. Qiymətini də danışıb, deyir 50 min dollardır.
“Əslində mən hazırlaşıram həmin qurğunu öz seximdə istehsal edib satam. Çünki tələbat yaranıb, indi hamı təmizləyici axtarır. Əsasən Türkiyədən alıb gətirirlər, amma biz bu işi türklərdən də yaxşı görə bilərik. İnşallah, bu işi təşkil edəcəm”-T.Orucov əminliklə deyir.
Dövlət krediti hesabına metaləritmə sexi? (Bu dəfə “Ramizin sexi”ində)
Bu sexdən də aralanırıq, yollanırıq “Ramizin sexi”inə. Və burada görüb-eşitdiklərimizdən bir az təəcüblənirik. Məlum olur ki, bura “Milan-A” MMC-yə məxsus müəssisədir, vaxtilə sovet dövründə burada quşçuluq ferması fəaliyyət göstərib. Qapıda isə əvvəl baş şəkdiyimiz kustar metaləritmə sexlərindən fərqli olaraq nimdaş geyimli, yaşlı qarovulçular yox, həmin şirkətin adı yazılmış xüsusi geyimli mühafizəçi dayanıb.
Mühafizəçi jurnalistlərin gəlişi barədə müəssisənin rəhbərliyini məlumatlandırır. Yaşı 35-dən çox olmayan direktor çölə çıxır. Bildirir ki, müəssisə hazırda heç nə istehsal eləmir, çünki yeni qurulur. Ramiz adlı sahibkara məxsusdur. Bu müəssisəni İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kredit hesabına qurur. Həyətə keçirik və metaləritmə prosesinin getmədiyinə əmin oluruq.
“Hələ gördüyünüz kimi işlər başa çatmayıb, istehsal sexində avadanlıqların quraşdırılması prosesi gedir. Təxminən 15-20 nəfərlik fəhlə heyəti bu işlə məşğuldur. Burada işçilər üçün yeməkxana olacaq, fəhlələri işə gətirib-aparmaq üçün nəqliyyat ayrılıb. Quraşdırma işləri başa çatdırılandan sonra dövlət standartlarına uyğun məhsul istehsal etmək planımız var. Əlbətdə, təmizləyici qurğu da olacaq. Amma çətindir, hələ görüləsi çox iş var”-direktor deyir.
Belə məlum olur ki, burada əvvəllər kustar metaləritmə fəaliyyəti ilə məşğul olublar, amma indi dövlət krediti hesabına müəssisəni yenidən qurmaq istəyirlər.
Bir halda ki, bu müəssisə güzəştli dövlət krediti hesabına qurulur, o zaman nəticəsini gözləyək. Görək onu digər kustar sexlərdən fərqləndirən nə olacaq. Və bu cür qarışıq təəsüratlarla və Şirvani küçəsinin sakinlərinin şikayətlərini “göydəkilərə”, yəni indiki halda aidiyyatı strukturlara çatdırmaq ümidi ilə üz tuturuq şəhərə tərəf...
Mənbə:> Virtualaz.org