Ceyranbatanda qaçqınları kimlər boğur, necə boğur... – FOTO
“Eşitmişik bu sexlərdən yazırsınız, araşdırırsınız. Xahiş edirik gəlin, bizim günümüzü qara edən bu sexdən də yazın. Onsuz da günümüz qaradır, on illərdir məskunlaşdığımız bu köhnə, heç bir kommunal şəraiti olmayan idarə binasında əziyyətlə yaşayırıq. Bunlar da bir tərəfdən hər gün bizi zəhərləyir...”
Bu sözləri virtualaz.org saytının redaksiyasına zəng vuran, Ceyranbatan qəsəbəsində, “Tok zavod” deyilən sənaye müəssisənin ərazisindəki tikililərdən birində məskunlaşmış Laçın rayonundan məcburi köçkün (şikayətçi adını yazmamağı xahiş edib, səbəbləri haqda daha sonra) deyir.
Qeyd edək ki, Bakının mərkəzindən tutmuş ucqarlarına, yaşayış məhəllərindən tutmuş köhnə sovet sənaye müəssisələrinin xarabalıqlarına qədər hər yerə səpələnmiş kustar metaləritmə müəssisələrinin fəaliyyəti barədə saytımızın apardığı araşdırmalar geniş rezonans doğurub. Həm də qara metal mafiyasını belə görünür ki, bərk narahat edib.
Və az qala hər gün redaksiyamıza oxuculardan belə sexlər barədə məlumatlar daxil olur. Nəzərə alsaq ki, belə sexlər yarıgizli fəaliyyət göstərirlər və onları aşkarlamaq elə də asan deyil, bu baxımdan yaşadıqları ərazidə havanın zəhərlənməsinə biganə qalmayan oxucuların verdikləri informasiyaların əhəmiyyəti böyükdür. Saytımızın ekoloji problemlərə tez-tez diqqət ayırdığını görən oxucular həvəslə belə sexlərin yerini nişan verirlər.
Reportyor qrupumuz laçınlı məcburi köçkünün telefon zəngindən sonra bəhs edilən ünvana, Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə yola düşür və həmin qara metal sexini, daha doğrusu yanbayan yerləşən iki sexi tapır.
Sexlərdən birinin giriş darvazası açıqdır, amma yolu zəncirlə kəsiblər. Və sexin içərisində qızğın işin getdiyi xeyli aralıdan eşidilən gurultudan aydın olur. Kəskin, boğucu iy də öz yerində.
Yaxınlaşan kimi gözətçi budkasından təxminən 60-65 yaşlı, sifətində qəzəbli ifadə həkk olunmuş qarovulçu çıxır, reportyorumuzla qarovulu arasında aşağıdakı dialoq yaşanır:
-İçəri keçmək olar?
-Yox, olmaz. Bura qapalı müəssisədir.
-Bəs sahibkarla, yaxud müəssisənin rəhbəri ilə necə görüşə bilərik?
-Kimsiniz, haradan gəlmisiniz?
-Jurnalistik...
-Bir dəqiqə gözləyin...
Qarovulçu kiməsə zəng vurmaq üçün budkasına tərəf gedir və bir neçə addım atandan sonra nəsə fikirləşib dayanır, deyəsən gələnlərin kim olduğu haqda informasiya ona bir az gec çatır. Və geri dönüb deyir:
-Yox, onda rəhbərlikdən heç kim yoxdu, nahara gediblər.
-Nahar vaxtı bitməyib? (saat 15.20 radələridir)
-Yox, bunlarda nahar vaxtı saat 2-dən 4-ə qədərdir...
Qarovulçudan aralanıb sex barədə yaxınlıqda yaşayanlardan informasiya toplamağa çalışırıq. Məlum olur ki, hər iki metaləritmə sexi uzun müddətdir fəaliyyət göstərir. Təxminən 20 ildir. Armatur, pəstaha istehsal edir. İstehsal olunan armaturu daşıyıb Dərnəgül bazarına aparırlar. Ola bilsin bu sexlərin fəaliyyəti leqaldır, çünki indi sahibkarlıq fəaliyyəti üçün hansısa MMC qeydiyyatdan keçirib belə sexlər açmaq üçün hüquqi maneə yoxdur. Azərbaycanda iqtisadi sahədə qanunvericilik son illər xeyli liberallaşıb və bundan sui-istifadə edənlərin, sahibkarlıq fəaliyyəti adı altında leş ətindən kolbasa hazırlayanların, təkər yandırıb hisində balıq qurudanların, saxta araq hazırlayanların, yaxud elə bu cür kustar üsulla armatur buraxanların də sayı artıb.
“Bu sex fəaliyyətə başlayandan gecəmiz-gündüzümüz yoxdur. Səhərdən axşama kimi havaya zəhərli tüstü buraxılır, nəfəs ala bilmirik. Adam nə qədər şikayət edər…”
Bunu sexlərin yaxınlığında yaşayanlar-Ceyranbatan qəsəbəsində “PMK 12” deyilən, sovetlər dövründə əvvəlcə texniki peşə məktəbinin binası, sonradan beton panellər zavoduna məxsus olmuş idarə binasında məskunlaşan məcburi köçkünlər deyirlər.
Qarşımıza soyuq havaya baxmayaraq ayaqyalın, əynində nimdaş paltarlar olan azyaşlılar da çıxır. Uşaqlardan biri həvəslə kənardan sexin yerini göstərir, amma deyir ki, özü işçilərin gözünə görünmək istəmir.
Sakinlərdən biri əlavə edir ki, təxminən 3 ay əvvəl bu sexlərin ərazisində alüminium sexi də fəaliyyətə başlayıb və bundan sonra vəziyyət daha dözülməz həddə çatıb.
“Əvvəllər yenə fasilə verirdilər, indi bütün sutkanı işləyirlər. Təsəvvür edin, havanı qatı duman bürüyür, qapı-pəncərəni örtürük, amma iy evin içinə qədər dolur. Axı, hamının evində uşağı böyüyür”, -Laçınlı köçkün qadın söyləyir.
Köçkün ailələri ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək havanın çirklənməsinin qarşısını alınması üçün tədbir görülməsini istəyiblər. Nazirliyin əməkdaşları gəlib, sexə baxış keçiriblər.
“Bizə məlumat vermədilər, hansı tədbir görüldüyündən xəbərimiz olmadı. Amma 1 saat sonra yenidən havaya tüstü buraxdılar və “qoluzorlu” işçilərdən biri dedi ki, pislik sizə qalacaq, sex işləyib, yenə də işləyəcək”-məcburi köçkün deyir.
Narazılıq edənlərdən biri sexdə sürücü kimi işlə təmin edilib, hazır malları Dərnəgül bazarına daşıyır. Köçkünlərdən biri danışır ki, indi o da beş manat çörək puluna görə digər şikayətçilərlə qarşı-qarşıyadır, sex rəhbərliyini müdafiə edir.
Laçınlı köçkünlərdən digəri danışır ki, elə bu gün (dekabrın 13-də) səhər saatlarında havaya buraxılan tüstüyə görə sexin işçilərinə iradlarını bildirib, əvəzində kobud ifadələr eşidib: “Kaş 1 saat tez gələydiz, vəziyyəti gözlərinizlə görərdiz. Qara tüstüdən göz-gözü görmürdü. Sexin sahibi Hafiz Seyidov adlı iş adamıdır, amma əsas işlərə direktoru Şəhriyar baxır, hər işdə onu qabağa verirlər. Səhər-axşam ağırtonnajlı maşınlar sexə daxil olur, yük boşaldılanda yaranan səs-küydən baş çatlayır. Bir küçələrə baxın, qışda keçilməz olur”.
Sexin bilavasitə ərazisindəki iki mərtəbəli tikilidə də məcburi köçkün ailələri məskunlaşıblar. Onların vəziyyəti daha ağırdır, zəhərli tüstü, üstəlik sexin həyətinə pərakəndə səpilmiş metal qırıntıları...
Ağırtonnajlı maşınların mütəmadi hərəkətindən həyət çala-çuxurdur, palçıqlı gölməçələr gözə dəyir.
“Bu saat evin içi sudur, həm yuxarıdan damır, həm də həyətdən axıb dolur. Sexin rəhbərliyinə demişik, amma başa sala bilmirik ki, hər gün gəlib-gedən maşınlara görə həyət bu vəziyyətə düşüb”, -yaşlı qadın danışır. Lakin sexin işçilərindən biri yaxınlaşan kimi qadın dərhal söhbəti kəsir.
Sexə tərəf yol alırıq. Hər tərəfdə miskin mənzərə hökm sürür, həyətə yeni qəlibdən çıxmış pəstahlar qalaqlanıb. İçəridə də iş gedir. Bu vaxt gələnləri görüb iki nəfər sürətlə bizə yaxınlaşır, salamlaşır və dərhal sual verir, reportyorumuzla həmin adamlar arasında təxminən “O olmasın, bu olsun” filmindəki dialoq yaşanır:
-Burda nə axtarırsınız? Nə ixtiyarla bura keçmisiniz? Bura keçmək qadağandır.
-Gəlmişik bu sexə baş çəkək, görək nə istehsal edir, necə istehsal edir...
-Siz kimsiniz axı?
-Bəs siz kimsiniz?
-Mən direktor.
-Mən də jurnalist.
Adam vəsiqə tələb edir, vəsiqəni təqdim edirik, baxıb qaytarır, amma sexin ərazisinə “icazəsiz” keçdiyimiz üçün izahat tələb etməkdə davam edir. Deyir ki, içəri keçdiyimiz bu yol əslində yük maşınlarının girməsi üçün idi və oradan adamların keçməsi qadağandır. (?!) Və biz bu qadağanı pozmuşuq.
-O zaman girişdə şlaqbaum qoyardınız, post qurardınız...
-Özümüz bilərik, harada post qoyarıq, amma sizin bura keçməyə ixtiyarınız yoxdur.
-Niyə yoxdur? Bəs o zaman informasiyanı kimdən alaq, necə alaq?
-Bayaq yaxınlaşdığınız o qapıya gedin, orada deyəcəklər (Deməli qarovulçu arzolunmaz şəxslərin gəlişi haqda direktoru artıq məlumatlandırıb). Və adam heç bir informasiya vermir, biz də mənasız mübahisəni davam etdirməyib sexin ərazisini tərk edirik....
Qeyd etmək lazımdır ki, bu və bunun kimi direktorların KİV nümayəndələrini görəndə təşvişə düşməsinin, yaxud bütün mümkün yollarla onları “obyektdən” uzaqlaşdırmasının əsasları var. Axı içəri keçək onların hansı şərtlər altında istehsal prosesi təşkil etdiyini öz gözlərimizlə görəcəyik. Təmizləyici qurğudan-filandan söz açmağa isə dəyməz.
Diqqətimizi yaxınlıqdakı beton zavodu cəlb edir. Bu kustar sexlərdən fərqli olaraq müasir, səliqəli görkəmdə zavoddur, hiss olunur ki, sahibkar bu işə pul yatırıb, zəhmət qoyub, səliqə-səhman yaradıb. Təzə avadanlıqlar quraşdırıb...
“Yəqin ki, həmin zavodun sahibi jurnalistlərlə belə davranmazdı. Əksinə, həvəslə zavodun fəaliyyətindən danışardı. Axı müəssisə normal işləsəyirsə sahibkar niyə təşvişə düşməlidir, qapıları bərk-bərk bağlamalıdır?”-öz aramızda danışırıq. Və şəhərə geri dönürük.
O ümidlə ki, ekoloji problemlər, havanı çirkləndirənlər, yaşıllıqları məhv edənlər barədə reportajlarımıza hər dəfə operativ reaksiya verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sexlərlə də maraqlanacaq. Amma ötən ay olduğu kimi yox, daha dərindən maraqlanacaq. Digər müvafiq dövlət strukturlarının isə kustar istehsal prosesi təşkil etmiş bu kimi müəssisələrlə bağlı tədbirlər görməyə hələlik “səlahiyyətləri yoxdur”, onlar sahibkarlıq sahəsində yoxlamalara moratorium qoyulduğunu əsas gətirərək belə müəssisələrə kənardan baxmağa üstünlük verirlər.
Mənbə:> Virtualaz.org