“Biz xırda məmurlarıq, heç cürət edib onlardan soruşa bilmərəm ki...” BƏS BÖYÜK MƏMURLAR KİMDİR?.....
Fərdi yaşayış evlərinin arasında, Bakının mərkəzi massivlərində, ucqarlardakı sənaye xarabalıqlarında. Yaxud paytaxtın baş prospektinin cəmi bir neçə yüz metrliyində...
Onlar sanki hər yerdədir, belə təəsürat yaranır ki, Bakıda iki əsas biznes növü çiçəklənir-şadlıq sarayları, toyxanalar tikmək və hansısa sovet sənaye müəssisələrinin xarabalıqlarında boş yer tapıb kustar metallurgiya “zavodu” açmaq.
Virtualaz.org saytının reportyor qrupu bir tərəfdən ətraf mühiti təhlükəli metal tullantıları ilə çirkləndirən, o biri tərəfdən heç bir texnoloji normalara əməl etmədən inşaatın bel sütunu hesab edilən armatur istehsal edib satan bu cür kustar zavodların fəaliyyətini araşdırmaqda davam edir.
Və reportyor qrupumuz növbəti belə obyekti Abşeron rayonunun ərazisində, Bakı-Sumqayıt yolunun kənarında (“VAZ-ın kruqu” kimi tanınan ərazidən iki-üç kilometr məsafədə, Saray bələdiyyəsinin inzibati ərazisində) aşkarlayıb. Bundan əvvəlki kustar metaləritmə sexlərindən fərqli olaraq həmin obyekt ilk baxışdan gözlərdən və yaşayış məskənlərindən uzaqdır, vaxtilə sovxoz mülkiyyətində olan çöllük ərazidə yerləşir.
Bu sexin ətrafa buraxdığı qara tüstünü hər gün Bakı-Sumqayıt yolundan istifadə edənlər uzaqdan da olsa müşahidə edə bilərdi. Ən azından bir neçə gün əvvələ qədər. İndi isə ətrafı hasarlanmış zavodun həyətində metal tullantıları qalaqlanıb. İçəridə isə qızğın iş gedir, metal əridilir, yaxud doğranır. Sexin təqribən 300 metrliyinə yaxınlaşan kimi əridilmiş metalın kəskin qoxusu nəfəs almanı çətinləşdirir. Baxmayaraq ki, buralarda şəhərin çirkli havasından fərqli olaraq nisbətən təmiz havanın olduğu hiss olunurdu, sexin havası burnumuza dəyənə qədər...
Obyektə “şübhəli şəxslərin” yaxınlaşdığını görən kimi dərhal hərəkətlilik başlayır. Mühafizəçilərdən biri içəri keçib kimlərisə xəbərdar edir, yaxınlıqda yerləşən, amma ətrafı hasara alınmayan digər sexdən də gələnləri qarşılamağa adamlar çıxır.
Əlbətdə, bu cür sexlərdə işçilər yaxşı təlimatlanıb-heç kimi içəri buraxmamaq və obyektin fəaliyyəti barədə heç bir informasiya verməmək. Mühafizəçilərdən biri gələnlərin jurnalistlər olduğunu biləndə “rəhbərliyi məlumatlandırmaq” üçün gedir. Bir neçə dəqiqə geri qayıdır və məlum olur ki, “rəhbərlikdən heç kim yerində yox imiş”. Və əlbətdə ki, müəssəsisə də “işləmir”, içəridəkilər də elə belə qurdalanırlar, nəyisə təmir edirlər. Az əvvəl nəfəs almanı çətinləşdirən kəskin iy də qəfildən kəsilir-deyəsən buralarda konspirasiya qaydalarına əməl etməyi yaxşı mənimsəyiblər.
Daha sonra içəridən müxtəlif adamlar çıxmağa başlayır. Biri “Qazel” sürücüsü olduğunu deyir (yəqin ki, sexə metal tullantısı gətirib), digəri adi fəhlə. Nəhayət üçüncüsü, dördüncüsü...Mühafizəçilərin də sayı artır.
Bizi isə bu sadə suallar maraqlandırır: müəssisə nə istehsal edir, sahibi kimdir və orada əmək şəraiti, istehsal necə qurulub, təmizləyici qurğular quraşdırılıbmı? Səbrlə bu adamları əmin etməyə çalışırıq ki, əgər müəssisənin fəaliyyəti qanunidirsə, ekoloji normalara cavab verirsə, normal istehsal şəraiti və s. varsa heç narahat olmasınlar-qətiyyən təhrifə, qeyri-obyektivliyə yol verməyəcəyik. Və sahibkarın da mövqeyini tam obyektiv işıqlandıracağıq. Yəni bu bir növ müəssisənin reklamı olacaq.
Amma hər tərəfdən üstümüzə gələn, foto çəkməyə maneçilik yaradan, içəri keçməyə icazə verməyən adamlar isə bu sualların heç birinə cavab vermir. Bütün sualların “rəhbərliyə aid olduğunu” deyirlər. “Bura özəl mülkdür, foto çəkmək, içəri girmək olmaz”-yenə də özünü təqdim etməyən biri əsəbi tonda deyir. Amma hektarlarla ərazini doğrudanmı bu adamların özəl mülkünə çeviriblər? Bunu təsdiq edən mülkiyyət sənədləri varmı?
Yenə də cavabsız suallar. Amma sözarası onu öyrənə bilirik ki, bu kustar metaləritmə sexi də Zülfüqarlı qardaşlarına məxsusdur. Həmin Zülfüqarlılar ki, Azərbaycanda az qala kustar metallurgiyanın banisi hesab edilirlər və bir vaxtlar hansısa “iri inhisarçı” tərəfindən əzildikləri barədə bərk hay-küy qaldırmışdılar. Lakin indi araşdırmalarımızın nəticələrinə əsasən Zülfüqarlıların özlərini inhisarçı adlandırmaq olar-kustar metallurgiyanın inhisarçısı. Axı hər yerdən onların sexlərinin sorağı gəlir, onların sexlərində fəhlələr ölür, ətraf mühiti çirkləndirdiklərinə görə Zülfüqarlılar cərimələnir...
Yeri gəlmişkən elə bu sexdə də bir neçə ay əvvəl fəhlə ölümü baş verib. Masallı sakini Ağamalı Qurbanov partlayış nəticəsində həlak olub, Baş prokurorluq bu hadisə ilə bağlı cinayət işi qaldırıb, amma göründüyü kimi sex öz işindədir-qara metaldan qazanılan qara pullar yeni-yeni qurbanlar tələb edir.
Qapı azca aralanır və içəridə son model “Range Rover” cipi görünür. Ehtimal ki, “rəhbərlikdən” kiməsə məxsusdur.
“İndi iş yoxdur, işləmirik. İşçilər də elə-belə, təmir işləri görürlər. Əlaqə nömrəsi qoyun, lazım olsa sizə zəng vuracaqlar”-statusunu açıqlamayan işçilərdən biri belə deyir.
Sexin ərazisinə keçmək mümkün olmur və əməkdaşlarımız yaxınlıqdakı təpəyə çıxıb uzaqdan da olsa bu kustar sexi görüntüləyir. Və redaksiyaya geri dönürük.
Az sonra redaksiya ilə əlaqə yaradan və özünü sahibkar kimi təqdim edən şəxs sexin fəaliyyəti ilə bağlı açıqlama vermək üçün görüşməyi, hətta sövdələşməyi təklif edir.
"Adım Elçindir, o sexin sahibi mənəm. Jurnalistlərə böyük hörmətlə yanaşıram, amma qərəzli yazan jurnalistlərə hörmət etmirəm. Nə vaxt istəsəz görüşə də bilərik, razılaşarıq, sizə açıqlama verərəm. Telefonda nə danışa bilərəm? Amma sadəcə kiməsə xoş gəlsin deyə yazacaqsınızsa, onda görüşməyə ehtiyac yoxdur",-bu şəxs bildirir.
Sahibkarın sözlərindən məlum olur ki, bizi qarşılayan və özünü fəhlə kimi təqdim edənlərdən biri əslində sexin direktoru olub: "Nə vaxt istəsəz deyərəm direktor gələr sizinlə görüşər, suallarınıza cavab verər. Amma biz əmin olmalıyıq ki, siz kiminsə xeyri üçün qərəzli yazmayacaqsız".
Axı hansı qərəzdən söhbət gedə bilər ki, həmin sexdə gördüklərimizi tam obyektiv işıqlandırmağa söz verib bir neçə sadə suala cavab almaq istəsək də sahibkarın adamları jurnalistləri obyektin həndəvərinə də buraxmadı? Və aqressiv reaksiya verdi? Əgər ora doğrudan da normal, leqal müəssisədirsə və istehsal prosesi, əmək şəraiti qanunların tələbinə uyğun qurulubsa onda nəyi gizlədirlər?
Sahibkardan cavab ala bilmədiyimiz bu sualların bir qismini Abşeron rayon İcra Hakimiyyətinə ünvanladıq. İcra Hakimiyyətindən məsələ ilə bağlı Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyi ilə əlaqə saxlamağı məsləhət gördülər.
Saray qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini Əfsər Abdullayev bildirdi ki, həmin zavodun işinə qarışmağa ixtiyarları yoxdur: “Ora iri müəssisədir, yəqin ki, sənədləri var. Biz xırda məmurlarıq, elə iri işlərə qarışmağa səlahiyyətimiz yoxdur. Heç cürət edib soruşa da bilmərəm ki, nə zavoddur, kimindir, necə işləyir. Amma bilirəm ki, belə zavod var, neçə ildir işləyir”.
Saray bələdiyyəsinin sədri Natiq Tahirov isə əməkdaşımıza bildirib ki, həmin zavod təxminən 8 il əvvəl fəaliyyətə başlayıb. “Sənədləri var, müəssisənin yerləşdiyi torpaq sahəsini alıblar. Çıxarış əsasında. Və orada zavod tikiblər”-bələdiyyə sədri deyib.
Bəs necə olub ki, əkin təyinatlı torpaqlar metaləritmə müəssisəsinin tikilməsi üçün satılıb? Bələdiyyə sədri deyib ki, həmin torpaq sahəsi onun dövründə satılmayıb: “Mən təzə gəlmişəm”.
Araşdırmalar isə göstərir ki, bu cür yarıgizli fəaliyyət göstərən metaləritmə sexlərində nə istehsal prosesinin texnoloji normalara cavab verməsinə, nə əmək təhlükəsizliyinə dair tələblərə, nə də onların vergiləri ödəyib-ödəmədiyinə nəzarət edən yoxdur. Bununla bağlı virtualaz.org Vergilər Nazirliyinə sorğu göndərib və aşağıdakı iki suala cavab almağa çalışacaq:
-Azərbaycanda metaləritmə fəaliyyəti ilə məşğul olan və vergi uçotunda dayanan neçə müəssisə var?
-Onların dövlət büdcəsinə ödədikləri illik vergilərin həcmi (təxmini də olsa) nə qədərdir?
Habelə məlum olur ki, belə sexlər metal tullantılarının əsas hissəsini bəzi iri dövlət şirkətlərindən qəbul edirlər. Məsələn, “Azərbaycan Dəmir Yolları” ASC-nin dəmiryol relslərini metal tullantıları qismində belə sexlərə satdığı məlumdur. Bu səbəbdən “Azərbaycan Dəmir Yolları” ASC-yə də sorğu göndərmişik və kustar metal sexlərinə verilən tullantıların həcmi, qiyməti barədə məlumatlar əldə etməyə çalışacağıq.
Mənbə:> Virtualaz.org