Keçmiş deputat metal oliqarxının ittihamlarına cavab verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Foto

Keçmiş deputat metal oliqarxının ittihamlarına cavab verdi – FOTO

Keçmiş deputat metal oliqarxının ittihamlarına cavab verdi

"Qara metallurgiyanın qara günləri" silsiləsindən

Təxminən bir il əvvələ qədər Bakıdakı çoxsaylı metal sexlərinin sahiblərinin reyder hücumlarında ittiham etdiyi, ölkənin metal sənayesində inhisarçı kimi təqdim olunan “Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədov bu günlərdə saytımıza geniş müsahibə verdi.

İndiyədək heç vaxt ona qarşı irəli sürülən çoxsaylı ittihamlara və iddialara mətbuat səhifələrində cavab verməyən oliqarx müsahibəsində həm iddiaları cavablandırdı, həm bu sahədə mövcud olan vəziyyətlə bağlı bir sıra maraqlı məqamları açıqladı.

Rasim Məmmədov geniş rezonans doğuran müsahibəsində keçmiş deputat, metal məmulatları istehsal edən kiçik müəssisələrdən birinin sahibi Nazim Məmmədovun da adını çəkmişdi və onun müəssisəsinin kustar üsulla, heç bir normalara cavab verməyən istehsal həyata keçirdiyini, vergi ödəmədiyini və s. bildirmişdi.

Keçmiş deputat metal oliqarxının ittihamlarına cavab verdi


Keçmiş deputat isə redaksiyamıza müraciət edərək Rasim Məmmədovun onun haqqında dediklərinə cavab vermək istəyini çatdırıb.

Virtualaz.org saytı həm qarşı tərəfə cavab imkanı yaratmaq, həm qara metallurgiya sənayesində vəziyyəti, problemləri təhlil etmək üçün N.Məmmədovdan müsahibə götürüb.

N.Məmmədov həm Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü olub, həm də Rusiyada, daha sonra Azərbaycanda metallurgiya sənayesində biznes fəaliyyəti ilə məşğul olub. Yəni sektorun vəziyyətindən məlumatlıdır.

Keçmiş deputat metal oliqarxının ittihamlarına cavab verdi


Ancaq onu qeyd edək ki, N.Məmmədov ona məxsus olan, hazırda fəaliyyəti dayanmış metal sexinə daxil olub oradakı vəziyyətlə tanış olmağa icazə vermədi. Bunu belə əsaslandırdı ki, müəssisə mülkiyyətçinin iddiası əsasında, məhkəmə qərarı ilə möhürlənib və ora daxil olmağa icazə yoxdur.

-Nazim bəy, əvvəlcə “BakuSteelCompany”nin sahibinin sizin barənizdə söylədiyi fikirlər haqda. Rasim Məmmədov deyir ki, keçmiş deputat Nazim Məmmədovun zavodu kustar üsulla, heç bir standarta cavab verməyən məhsul istehsal edir, üstəlik onun özü qatı müxalifətçidir...

-Bu iddialar əsassızdır, absurddur. Mənim səhmdarı olduğum “Ataxan Dəmir Sənaye” MMC 2003-cü ildə dövlət qeydyyatından keçib, 2004-cü ildə fəaliyyətə başlamışıq. Yüz faiz xarici investisiyalı həmin müəssəyə mən 50 faiz payla şərik olmuşam və ora 700 min dollar məbləğində investisiya yatırmışam. Müəssisə 2004-cü ildən etibarən Azərbaycanın bütün qanunvericiliyinə əməl edərək müxtəlif çeşidli metal məmulatları istehsal edib. Bütün vergilər vaxtlı-vaxtında ödənilib, müvafiq sənədlər tam qaydasında olub. Əvvəlcə “kvadrat zolaq” deyilən məhsul buraxmışıq, sonra künclük istehsal etmişik.

2008-ci ildə müəssisə rekonstruksiya olunub və ora Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə kredit də yönəldilib. Rekonstruksiyadan sonra armatur istehsalına da başlanılıb. Müəssisə 8 və 10 mm-lik armaturlar istehsal edirdi. Bu diametrli armaturlar “Baku Steel Company”nin buraxdığı armaturların çeşidinə daxil deyildi.

Çox təəssüf edirəm ki, 2012-ci ilin iyul ayında müəssisəyə qarşı reyder hücumları təşkil edildi və müəssisənin fəaliyyəti dayandı. Bu hücumların arxasında qanunvericiliyə görə, bizimlə eyni hüququ daşıyan digər müəssisənin - “Baku Steel Company”nin rəhbərliyi, şəxsən Rasim Məmmədov dayanırdı. O vaxta qədər mən müxalifyönlü mətbuatda tez-tez çıxış edirdim, deyirdim ki, sahibkarların ayrı-ayrı məmurların himayəsi altına daxil olması düzgün deyil...

-Niyə məhz müxalifyönlü? Bu, Rasim Məmmədovun dediyi kimi, sizin müxalif mövqeli olmağınızdan irəli gəlirdi?

-“Baku Steel Company”nin sahibi məni müxalifətçilikdə ittiham edir, ancaq unudur ki, vaxtilə onun müəssisəsinin Zülfüqarlı qardaşları ilə münaqişəsi başlayanda və “Azadlıq” radiosu bunu Azərbaycanda biznes mühitinin dözülməz olduğunun sübutu kimi təqdim edəndə mən bu müzakirələrə qoşulub “Baku Steel Company”nin mövqeyini, dövlətin maraqlarını müdafiə etmişəm. Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin Zülfüqarlı qardaşlarına himayəsini nəzərdə tutaraq demişəm ki, sahibkarların məmurların himayəsinə arxalanması düzgün deyil. Çünki həmin məmur işdən çıxarılanda sahibkarın da biznesi risk altına düşə bilər.

Keçmiş deputat metal oliqarxının ittihamlarına cavab verdi


İndi hörmətli Rasim Məmmədov məni müxalifətçi kimi təqdim edir. Ancaq narahat deyiləm, yəni bununla bağlı kompleksim yoxdur, qoy elə hesab etsin. Hər hansı məmuru tənqid etmək müxalifətçilik deyil. Mən 1999-cu ildə Heydər Əliyevin xeyir-duası ilə YAP-a üzv olmuşam, onun çağırışı ilə Azərbaycana qayıdıb ölkənin inkişafına töhfə vermək istəyən iş adamlarından biriyəm...

-Bir dəqiqə, axı siz parlamentin üzvü olanda korrupsiya problemini həmişə tənqid edirdiniz. İndi isə deyirsiniz ki, siz deputat olanda həm də metal biznesiniz olub. Bunu necə başa düşək?

-Azərbaycan qanunvericiliyinə, deputat statusu haqda qanuna uyğun olaraq 2005-ci ildə, seçkilərin nəticələri təsdiq olunandan dərhal sonra müəssisədə təsisçilik hüququmu ailəmin digər üzvünə vermişəm. Baxmayaraq ki, qanunlar mənə həmin müəssisədə təsisçi kimi qalmağı qadağan etmirdi. Deputat statusu daşıdığım müddətdə həmin müəssisəyə bir dəfə də olsun ayaq basmamışam. Təkcə ona görə yox ki, Azərbaycanda depuatın bizneslə məşğul olmasına fikir vermirlər, ona görə ki, qanunlara əməl etmək prinsipimdir. Deputat mandatı daşıyanların bizneslə məşğul olmasını həmişə tənqid etmişəm, çünki bu statusu daşıyanlar həyatda nümunəvi insan olmalıdır...

-Deyirsiniz ki, hazırda müəssisəniz dayanıb, işləmir. Və ora daxil olmağa, müəssisənin şəraiti ilə tanış olmağa da icazə vermədiniz. O zaman bilmək olarmı ki, sizin müəssisəniz hansı üsulla istehsal həyata keçirirdi, hansı texnologiyalar tətbiq edilirdi? İstehsal doğrudanmı normalara cavab verirdi?

-Hörmətli Rasim Məmmədovun dediklərində bir yanlışlıq da var. Biz metaləritmə ilə məşğul olmamışıq, metalyayma ilə məşğul olmuşuq. Bunlar fərqli işlərdir. Və metalyayma prosesi hələ qədim İngiltərədə manufakturaların yeni yarandığı vaxtlardan bu yana demək olar ki, eyni üsulla həyata keçirilir. Yəni xammal olaraq əritmədən sonra alınan külçə halında metal müxtəlif sobalar vasitəsilə qızdırılır, ona lazım olan forma verilir. Bu, “Baku Steel Company” zavodunda da belədir, dünyanın aparıcı müəssisələrində də eyni üsul tətbiq olunur. Bizim “Baku Steel Company”dən fərqimiz ancaq istehsal gücündə idi.

Keçmiş deputat metal oliqarxının ittihamlarına cavab verdi


Bəli, Rasim Məmmədov o məsələdə haqlıdır ki, müasir avadanlıqların, texnoloji proseslərin tətbiq olunması sayəsində insan əməyindən istifadə azaldıla, istehsal həcmi artırıla bilər. Bizim kimi kiçik müəssisənin illik istehsal gücü ən çoxu 30 min ton ola bilərdi. “Baku Steel Company”nin istehsal gücü isə 1 milyon tondur. Yəni bizim müəssisə kimi kiçik müəssisələrin bazara təsiri çox cüzidir.

Deməli, “Baku Steel Company” kimi böyük müəssisələr bizi bazar qaydaları ilə, rəqabət prinsipi ilə sıxışdıra bilərdilər. O zaman reyder hücumları nəyə lazım idi? Qoy rəqabət olsun, kim daha keyfiyyətli və ucuz məhsul istehsal edirsə, o da rəqabətə davam gətirsin. Bunu demək ki, ölkədə 1 milyon ton istehsal gücünə malik zavod olduğu halda ikinci belə zavodu tikmək lazım deyil, bu nə dərəcədə düzgündür?

-Nəzəri olaraq məhsul bolluğu yaratmaq və qiymətləri ucuzlaşdırmaq baxımından 10 zavod da tikmək olar. Ancaq digər tərəfdən daxili bazarın, ixrac imkanlarının çox məhdud olduğunu bilə-bilə yüz milyonlarla dollar xərcləyib yeni zavodlar tikmək nə dərəcədə düzgün yatırımdır? Bir halda ki ixrac qabiliyyətli məhsul istehsalı yoxdur, daxili bazar məhduddur, o zaman çoxsaylı metal zavodları, hələ üstəlik onlarla kiçik sexlər kimə lazımdır?

-İstənilən müəssisə daxili bazarda tələbata cavab verdikdən sonra ixrac imkanları axtaracaq. Deməli, çalışacaq ki, rəqabətə davamlı məhsul istehsal etsin. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2013-cü ildə Azərbaycan metal məmulatlarının idxalına 1,3 milyard dollar xərcləyib. Deməli, yerli müəssisələrin bu bazarda özlərinə yer tutması üçün kifayət qədər imkan var.

Əgər güclü metallurgiya sənayesinə malik ölkələrə nəzər salsaq görərik ki, onların müəssisələri istehsal etdikləri məhsulun mühüm hissəsini ixraca yönəldir. Prezdent İlham Əliyev həmişə öz çıxışlarında ixrac qabiliyyətli məhsulların istehsalını təşviq edir, sahibkarları rəqabətədavamlı məhsullar istehsal etməyə çağırır. Bu məqsədlə onlara siyasi, maddi, mənəvi dəstək verir.

-Bəs xırda metal sexləri bu cür rəqabətədavamlı məhsullar istehsal etməyə qadirdir? Doğrudanmı sizin müəssisəniz kimi kiçik sexlər dünyanın aparıcı metallurgiya müəssisələri ilə rəqabətə girməyə hazırlaşırdı?

Keçmiş deputat metal oliqarxının ittihamlarına cavab verdi


-Mən öz müəssisəmizin adından danışa bilərəm. Bizim müəssisənin istehsal etdiyi məhsullar “Baku Steel Company”nin məhsullarından heç nə ilə fərqlənmirdi. Fərq ancaq istehsal gücündə idi. Üstəlik 2011-ci ilə qədər bizim müəssisə “Baku Steel Company”dən müqavilə əsasında xammal-əridilmiş metal külçələri alıb, ondan istehsal edilən məhsulu birgə satmışıq. Lakin təəssüf ki, qısa müddət sonra qarşı tərəf bu müqaviləni pozdu, bizimlə işləmək istəmədi. Nəticədə biz digər metaləritmə sexlərindən xammal almağa başlamışdıq. Söhbət müvafiq laboratoriyaları, sertifikatları olan, istehsal etdikləri xammalın standartlara cavab verdiyi müəssisələrdən gedir.

-Təəssüf ki, müəssisənizlə tanış olmaq imkanı yaradılmadı. Ancaq həmin o kiçik metal sexlərindən bir neçəsini ötəri də olsa görmüşəm. Söhbət zibilliyi xatırladan, hansısa xarabalıqlarda yerləşən, metal tullantılarından kustar üsullarla nəsə düzəldən sexlərdən gedir. Bütün bunlar metallurgiya zavodları haqda sovet dövründən yaranmış təəssüratları alt-üst edir. Axı metallurgiya müəssisəsi dedikdə göz önünə ilk növbədə nəhəng kompleks, Domna peçləri, vaqonlarla daşınan dəmir filizi gəlir...Bəs bu cür kiçik, kustar sexlərlə metal bazarına girmək bizim sahibkarlar üçün nə dərəcədə ağıllı addım idi?

-Bütün bu suallar sovet təfəkküründən irəli gəlir. Doğrudan da sovet dövründə nəhəng metallurgiya kompleksləri mövcud idi. Hazırda da Rusiyada, Ukraynada, Qazaxıstanda belə komplekslər var. Yeri gəlmişkən mən 90-cı illərin əvvəllərində Rusiyanın Novolipetsk metallurgiya zavodunda səhmdarlardan biri olmuşam. Zavodun təkcə fəhlələrinin sayı 40 mini keçirdi, ildə 13 milyon tondan artıq mal istehsal edirdi.

Tam istehsal dövrəsinə malik olan komplekslərdə filizsaflaşdırma kombinatları olur, filiz metal tullantıları da qatılmaqla əridilir, ondan müxtəlif məhsullar istehsal edilir. Qeyd edim ki, əslində bütün metallurgiya komplekslərində təxminən 30-40 faiz, bəzən 60 faiz tullantılardan istifadə olunur.

Mən tam istehsal dövrəsinə malik metallurgiya komplekslərinin necə işlədiyini gözəl bilirəm. Bizim Bakıda fəaliyyət göstərmiş həmin sexlər isə təbii ki, metallurgiya kompleksləri deyildi. Ola bilsin ki, belə sexlərin bəziləri doğrudan da lisenziyasız, vergidə qeydiyyata düşmədən normalara cavab verməyən istehsalla, primitiv üsullarla dəmiryayma ilə məşğul olublar. Ancaq bunun “Ataxan Dəmir Sənaye” müəssisəsinə nə aidiyyəti var? Biz özümüzə cavabdehik.

-Bəs inkişaf etmiş metallurgiya sənayesinə malik ölkələrdə belə kiçik sexlərə yer varmı?

-Əslində bazar iqtisadiyyatı şəraitində kiçik müəssisələr şərtlərin dəyişməsinə daha tez adaptasiya ola bilir. Tutaq ki, avtomobil bazarı zəiflədi, o zaman avtomobil lövhələri istehsal edən kiçik müəssisə tez bir zamanda başqa məhsul istehsalına adaptasiya olunur. Kiçik müəssisələrdə bunu etmək daha asandır, böyük müəssisələrdə isə çətindir. Bu praktikanı Türkiyədə, Pakistanda, Hindistanda, Amerikanın özündə keçiblər...

Təbii ki, bu cür kiçik müəssisələrə dövlət nəzarəti də olmalıdır. Bu nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, FHN, digər orqanlar həyata keçirməlidir. Azərbaycan bazar iqtisadiyyatına keçmiş ölkədir, qadağan etmək olmaz ki, hansısa sahibkar kiçik müəssisə açmasın, hökmən 10 min işçinin işlədiyi zavod açsın.

-Deyirsiniz ki, sizin müəssisənizin istehsal etdiyi məhsullar bütün normalara cavab verirdi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən, digər orqanlardan sertifikat almışdı. Bu günlərdə Bakıda dəhşətli yanğın hadisəsi oldu. Və məlum oldu ki, həmin binanın üzləndiyi təhlükəli üzlüklərin də bütün sertifikatları olub, hətta Avropadan sertifikat alıblar...

-Azərbaycanda adətən qanundan yayınanlar iri sahibkarlar, arxasında oliqarxların dayandığı müəssisələr olur. Belələri keyfiyyətsiz mala keyfiyyət sertifikatı da ala bilər. Dövlət orqanlarının əməkdaşları bu cür müəssisələrin heç həndəvərinə də yaxınlaşa bilmirlər. Azərbaycanda bu, reallıqdır. Əslində kiçik müəssisələr daha keyfiyyətli mal istehsal edir, çünki güclü himayəçiləri olmur.

-Buna nə dərəcədə əminsiniz? Hər birimiz həm də istehlakçıyıq, gəlin birlikdə limonad, yaxud dondurma istehsal edən hansısa kiçik sex axtarıb tapaq. Məlum olacaq ki, orada antisanitariya hökm sürür, istehsal heç bir normalara cavab vermir, ancaq bütün sertifikatları var. Azərbaycanda sertikatlaşdırma doğrudan da belə idealdır ki, hansı malın sertifikatı varsa ona tam arxayın olaq?

-Məsələ ondadır ki, hər bir istehlakçı aldığı dondurmanın, yaxud armaturun qəbzini götürməlidir, əgər ondan istifadə zamanı hansısa problem meydana çıxsa, məhkəməyə müraciət edib haqqını tələb etməlidir. Mən yenə də deyirəm, hərə özünə cavabdehdir. Bizim müəssisənin istehsal etdiyi mallar normalara tam cavab verirdi.

Yerli gəlmişkən, “Ataxan Dəmir Sənaye” işlədiyi illərdə Gürcüstana, Rusiyaya, İraqa, İrana mal ixrac edib. Rəsmi qaydada, 2010-cu ilə qədər. 2010-2012-ci illər ərzində daxili bazarda monopoliya yarandığından qiymətlər kəskin artdı, nəticədə biz mallarımızı ixrac etməyə lüzum görmədik. Çünki daxili bazarda satıb yaxşı mənfəət götürmək olurdu. Digər tərəfdən, həmin qonşu ölkələrdə tikinti sektorunda böhran yarandığından ixrac sərfəli deyildi. Yəni “Baku Steel Company” əslində bizə xeyir verib, onların yaratdığı inhisar sayəsində bir müddət normal gəlir götürmüşük.

Ancaq mən həmişə demişəm ki, inhisarçılıq Azərbaycanın ən ciddi problemlərindən biridir. İnhisarçılıq dövlətin sosial-iqtisadi siyasətinə ziyan vurur, rəqabətə imkan vermir, inkişafı əngəlləyir. Ola bilsin inhisarçılığın ləğvi kiminsə xoşuna gəlməyəcək, ancaq dövlətin maraqlarına cavab verəcək.

Mən arzu edərdim ki, Azərbaycanda 1 milyon ton istehsal gücünə malik lap 5 zavod olsun. Axı bunun nə ziyanı ola bilər? Bir halda ki dəmir filizimiz var, qoy müəssisələr yaransın, istehsal artsın, daxili bazarda qiymətlər aşağı düşsün, ixrac imkanı yaransın...

-Bütün bunlar cəlbedici görünür. Ancaq “kredit oliqarxları”nın həbsi qalmaqalında da gördük ki, bir çoxları ya dövlət bankından, yaxud Sahibkarlığa Kömək Milli Fondundan iri məbləğdə kreditlər götürərək müəssisələr, zavodlar tikiblər. Ancaq həmin müəssisələr işləmir, çünki sərfəli deyil, bazarı öyrənmədən, araşdırmadan yaradılıb, kifayət qədər əsaslandırma aparılmadan investisiya yatırılıb. Nəticədə alınan kreditlər faktiki olaraq batır...

-İstənilən halda dövlətin iqtisadiyyata müdaxiləsi düzgün deyil, sahibkarlıq öz-özünü tənzimləməlidir. Dünyadakı əksər iri metallurgiya müəssisələri əslində kiçik sexlər kimi fəaliyyətə başlayıb, sonra təkmilləşib. Biznes harda daha yaxşı inkişaf edə bilər? Əlbəttə, rəqabət olan yerdə.

Mən bu yerdə dövlət mülkiyyətində olan “Polad İstehsalı Kompleksi” ASC-nin yaradılmasına toxunmaq istərdim. Bu kompleksin yaradılması rəqabətə yol aça, sektorun inkişafına təkan verə bilər. Ancaq Rasim Məmmədovun dediklərində bir növ həqiqət var. O da bundan ibarətdir ki, bu kompleksin dövlət mülkiyyətində olması perspektiv baxımdan effektiv olmazdı. Görünür, gələcəkdə bu kompleks özəlləşdiriləcək, yaxud idarəetməyə veriləcək.

Keçmiş deputat metal oliqarxının ittihamlarına cavab verdi


Əslində dövlət bu kompleksi yaratmaqla ağıllı addım atır, tam istehsal dövrəsinə malik metallurgiya kompleksi yaradır və gələcəkdə onu bazar qiymətinə, çox baha sata, yaxud idarəetməyə verə bilər. Ancaq dövlət həmişə ən pis sahibkardır, iqtisadiyyata inzibati üsullarla müdaxilə heç vaxt effekt vermir. Məsələn, 2001-ci ildə Nazirlər Kabineti tərəfindən ölkədən metal tullantılarının ixracına qadağa qoyulub. Nəticədə SOCAR, digər dövlət müəssisələri öz balanslarında olan tullantıları daxili bazarda inhisarçıya çox ucuz satmalı olur. Hansı ki, bu tullantıları ixrac edib daha çox mənfəət götürə bilərdilər.

-“Baku Steel Company” şirkətini tez-tez inhisarçılıqda ittiham edirsiniz. Axı bu necə inhisarçıdır ki, istehsal etdiyi məhsulu dövlət müəssələri almır, anbarlarda yığılıb qalıb və sata bilmir?

-Dövlət ayrıca götürülmüş sahibkara hansısa imtiyaz yaratmalı deyil ki. Digər tərəfdən, bizdə yaşayış binalarını özəl şirkətlər tikir, onlar da Ukrayna istehsalı olan armaturu daha keyfiyyətli hesab edib alırlar, yerli malı almırlar...

-Deməli, Ukrayna armaturunun idxalına maneə yoxdur. O zaman inhisarçılıq necə yaranır?

-İnhisarçılıq o zaman yaranır ki, inhisarçı həm də idxala nəzarət edir, idxal olunan məhsuldan haqq alır. Ancaq məsələ ondadır ki, inhisarçılıq hökm sürən ölkələrin mallarına xaricdə tələbat az olur, çünki bu malın keyfiyyətinə əmin olmurlar. Nəticədə həmin inhisarçı da ziyan çəkir, mallarını ixrac edə bilmir. İnhisar olan yerdə rəqabətədavamlı məhsul istehsalı mümkün deyil axı... Ona görə də inhisarçılıq ən ciddi problemdir.

-Bəs yeni yaradılan “Polad İstehsalı Kompleksi”nin perspektivlərini necə görürsünüz? Bu kompleksin yaradılması bayaqdan danışdığımız məsələlərin həllinə, yəni rəqabətədavamlı, ixrac qabiliyyətli malların istehsalına imkan verə bilərmi?

-Bu kompleksin yaradılması çox düzgün addımdır, biz metal sahəsi ilə məşğul olan kiçik sahibkarlar ümidimizi bu kompleksə bağlamışıq. Çünki orada dəmir filizindən keyfiyyətli xammal istehsalı üçün imkan var. Mən dövlətin bu siyasətini tam dəstəkləyirəm. Ölkədə bir-biri ilə rəqabət aparacaq iki böyük müəssisə olacaq. Onlar rəqabət aparıb daha keyfiyyətli mal istehsal edəcəklər, daxili bazarı təmin edib artıq qalanı xaricə sata biləcəklər. Ancaq ümid edirəm ki, gələcəkdə bu kompleks ya özəlləşdiriləcək, ya idarəetməyə veriləcək. Yəni dövlət mülkiyyətində olmayacaq.

-Rəqabət, daxili istehsal, bütün bunlar yaxşıdır. Ancaq bir halda ki bu sahədə bazarlar tutulub, rəqabət çox çətindir, hətta mümkün deyil, o zaman başqa sahələrə yönəlmək daha düzgün olmazmı? Məsələn, budur, sizin yüksək komfortlu “Mercedes” . İndi biz də rəqabət xatirinə “Mercedes” istehsal etməliyik? Axı bizim kimi avtomobil sənayesi zəif olan ölkənin Ştutqart zavodu ilə rəqabətə girməsi mümkün deyil...

-Rəqabətin iqtisadi inkişafa stimul verdiyi artıq sınanıb, sübut olunub. Biz demirik ki, “Mercedes” istehsal edə bilərik. Ancaq “Mercedes”in hansısa hissəsini istehsal etmək olar. Hissədən başlamalıyıq. Hər şey idarəetmədən, bazara çevik uyğunlaşmaqdan asılıdır. Metallurgiya çoxşaxəlidir, bir neçə pillədən ibarət istehsal sahələri var. Həm daxili bazarı, həm də ixrac potensialını araşdırıb fəalyyət qabiliyyətli müəssisələr yaratmaq lazımdır. Bir şərtlə ki, hamıya, bazardakı bütün oyunçulara bərabər şərait yaradılsın, rəqabət olsun.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *