Şamaxı və Səbail rayonlarının yeni başçıları...
Prezident İlham Əliyevin bu gün Şamaxıya icra başçısı təyin etdiyi Tahir Məmmədov bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazirin müşaviri və şöbə müdiri vəzifələrində çalışıb. O, eyni zamanda, Heydər Əliyev Fondunda şöbə müdiri vəzifəsində işləyib və Fondun bir sıra yerli və beynəlxalq layihələrində məsul şəxs olub.
Şamaxının yeni başçısı 2011-ci ildə “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri kimi fəaliyyət göstərib. İctimai Televiziyada departament direktoru olub. Həmin yarışmada Azərbaycan nümayəndəsi qalib gəlib və T.Məmmədov bir il sonra Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri işləyib.
T. Məmmədov habelə Avropa Şurasının Alt Komissiyasında “İnformasiya cəmiyyətinin inkişafı” daimi işçi qrupunun üzvü və Avropa Yayım Birliyində Azərbaycan təmsilçisi olub, hazırda YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının (IFAP) Azərbaycan Komitəsinin sədridir.
Bakı Dövlət Universitetinin doktorantıdır.
Səbail rayonuna icra başçısı təyin olunan Vüqar Zeynalov isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində işləyib. O, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur. Müxtəlif dövrlər ərzində Zeynalov özəl şirkətdə hüquqşünas, AMEA-nın "Akademiya" və Azərbaycan Diplomatiya Akademiyasının Kitab Mərkəzində direktor vəzifəsində çalışıb. V.Zeynalov daha sonra Nizami Kino Mərkəzinin direktoru olub.2015-ci ilin 28 dekabr tarixindən bu günə qədər isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsini icra edib. Ailəlidir, bir övladı var.
***
Bu gün prezident İlham Əliyev üç rayonun yeni icra hakimiyyəti başçılarının təyin edilməsi barədə sərəncamlar verib. Prezidentin sərəncamına əsasən Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev həmçinin Tahir Nadir oğlu Məmmədovun Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da sərəncam imzalayıb.
Prezidentin digər sərəncamına əsasən Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Mənbə:> Virtualaz.org