Gəncəyə yeni başçı təyin olundu
Azərbaycan Prezidenti İlham Əliyev Niyazi Müzəffər oğlu Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Virtualaz.org-un məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakıda anadan olub. O, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib.
1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə rəisinin müavini işləyib.
2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli, 2173 nömrəli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Niyazi Bayramov Qarabağ müharibəsi iştirakçısıdır, polkovnikdir.
Ailəlidir, iki övladı var.
Mənbə:> Virtualaz.org