Əgər Merkel üçün Yerevan Azərbaycandırsa... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Əgər Merkel üçün Yerevan Azərbaycandırsa...

Əgər Merkel üçün Yerevan Azərbaycandırsa...

Eynulla Fətullayev

Bəşər tarixində ən qəddar müharibə nəticəsində məğlub olmuş böyük Almaniyanın birləşməsindən keçən 25 il ərzində ilk dəfə olaraq alman dövlətinin başçısı Cənubi Qafqaza tarixi səfər etdi. Halbuki, hələ kayzer dövrlərindən Berlin Avrasiya məkanının ən strateji regionlarından birinə marağını gizlətməyib. Lakin hər dəfə qanlı gölməçədə dizlərini yerdən qaldırmağı bacaran Bismarkın dəmir imperiyası öz maraqlarını Avrasiyanın digər əhəmiyyətli oyunçusu – “Avropanın xəstə adamı” Osmanlı imperiyasının maraqları ilə uyğunlaşdırmalı olub. Hətta xeyli dərəcədə diqqətli və ehtiyatlı olan İnönü dövründə belə Almaniya ənənəvi geosiyasi oxdan imtina etməyib.

Lakin “tarixin sonu” gəldikdən, daha doğrusu, sonradan məlum olduğu kimi, “tarixin zirvəsi” fəth edildikdən sonra dünya tanınmayacaq dərəcədə dəyişilib. Tarixi ənənələrə asanlıqla xəyanət etməyə hazır olan dünənki müttəfiqlər belə geosiyasi istiqamətlərini və xarici siyasətdəki aparıcı mövqeləri cəsarətlə yeniləyirlər. Yeni dünyada Almaniya təkdir, barrikadanın o biri üzündə qalmış Türkiyəsizdir və tarixdən yaxşı tanış olan regiona gəlib.
Əgər Merkel üçün Yerevan Azərbaycandırsa...


Qlobal dünya düzəninin transformasiyasından keçən əsrin dörddə birindən sonra dünya arenasına iki yeni güclü oyunçu daxil olub – Almaniya və Çin. Budur, Avrasiya məkanının aparıcı iqtisadiyyatı və Avropa İttifaqının “birinci skripkası” olan, özünün ənənəvi “əziz rəqiblər”i – Böyük Britaniyanı və Fransanı ötüb keçmiş Almaniya sayılı onilliklər ərzində nəinki əvvəlki geosiyasi qüdrətini bərpa edib, həm də yeni dünya bazarlarının mənimsənilməsi uğrunda mübarizəyə girişib.

Müasir Almaniyanın yarım əsrlik dayanıqlı siyasi fəlsəfəsi bir növ praqmatik ideyalı birlikdir: güclə yeridilmiş anqlosaks liberal doktrinasının təsiri izsiz ötüşməsə də, almanlar üçün ənənəvi utilitarizmdən imtina etmək xeyli çətindir. Müasir Almaniyanın siyasi siması tənqidi köklənmiş almaniyalı hüquq müdafiəçilərinin qeydlərində çox bariz ifadə olunur: əlbəttə ki, Almaniya liberal dəyərlərə üstünlük verir, lakin Almaniyanın öz hüdudlarından kənarda...

Dişlərini qıcıdaraq və ürəkləri göynəyərək okeanın o tayındakı liberallar, britaniyalı puritanlar və fransız qollistlər kansler Merkelin Rusiya qazının Azərbaycan qazından daha sərfəli olması barədə ilk və ümumilikdə, ədalətli bəyanatını qəbul etdilər. İqtisadi faydanın diktə etdiyi bu vacib bəyanat Almaniya kanslerinin dilindən NATO-ya qoşulma əhval-ruhiyyəsinin bürüdüyü liberal Tbilisidə səsləndi. Amerikanın Rusiyaya qarşı yeni sanksiyalarının tətbiqi ərəfəsində Almaniya liderinin gözlənilməz bəyanatı üzlərdə narazı ifadələrlə qarşılanmışdı. Lap 2008-ci ildəki kimi – o vaxt avropalıların dinməzcə müşahidəsi ilə Rusiya tankları Qərbin Qafqazdakı son forpostunun astanasında dayanmışdı. Merkel daha uzağa getdi və aşkar şəkildə bildirdi ki, yaxın illərdə Gürcüstan NATO-ya üzvlüyə qəbul edilməyəcək... Almaniya kansleri Gürcüstan tərəfindən Aİ ilə vizasız rejimin özünəməxsus tərzdə dəyərləndirilməsindən xüsusi narazılığını qeyd etdi. Ukraynalılar kimi gürcüstanlılar da Avropa paytaxtlarına axın ediblər. Lap taciklərin, ermənilərin və qırğızların Moskva küçələrində dolaşıb qazanc axtardığı kimi.

Gürcüstanla vidalaşarkən Merkel gürcü müğənniləri ilə birlikdə dəniz quldurları haqqında mahnı oxudu.

Əgər Merkel üçün Yerevan Azərbaycandırsa...

Merkel Tbilisidə


Hələ də inqilabi lirika ilə əhatələnmiş, beyni dumanlı, fırtınalı Yerevanda Merkel bitmək-tükənmək bilməyən eyforiya mühitinə düşdü. Hakimiyyətin uğurdan başı gicəlləndi. İqtidar özünü toplayıb kabinetlərə qayıtmır və hələ də küçələrdədir. Bu səbəbdən də belə təsəvvür yarandı ki, Merkel ölkə rəhbərliyinin kabinetlərindən daha çox küçə və meydanlarda vaxt keçirməli oldu. Lap Kiyev Avromaydanının zamanındakı kimi – yadınıza gəlirmi, Nuland Sağ sektorun döyüşçülərinə kökə paylayırdı.

Almaniya kansleri prezident Sarkisyan və baş nazir Paşinyandan daha çox əsl hakimiyyətlə - küçə ilə ünsiyyətdə oldu. Merkelin erməni hakimiyyəti ilə ciddi söhbəti baş tutmadı. Danışmağa heç kim yoxdur, yalnız hakimiyyətin yeganə mənbəyi – xalq var ki, o da söhbətini qarpız yeyərək və selfi çəkdirərək etdi. Təəssürat yaranırdı ki, yeni erməni hakimiyyəti Merkelə qalib inqilabi xalqı göstərmək istəyir. Lakin bu sürrealistik mənzərə dəmir kansleri azca da olsa yumşaltmadı. Almanlar, xüsusilə də almaniyalı siyasətçilər sentimentallıqdan çox uzaqdır. Çox ola bilsin ki, üsyana qalxmış Yerevan mənzərəsi Haveli, Valensanı, ən nəhayətdə romantik Obamanı valeh edərdi, amma Merkel vacib siyasi dialoq üçün gəlmişdi. İnqilabi xorun sədaları fonunda onun Qarabağ münaqişəsi barədə bəyanatı və Almaniyanın danışıqlar masası arxasında vasitəçi yerini tutmaq arzusunu səsləndirməsi eşidilmədi. Erməni hakimiyyəti indi Qarabağın hayında deyil... O, Qarabağ klanını dağıtmaqla və onun son tör-töküntüsünü vurmaqla məşğuldur.

Əgər Merkel üçün Yerevan Azərbaycandırsa...

Merkel Yerevanda


Almaniya kansleri ilk Qafqaz turnesini Azərbaycanda başa vurdu. Merkelin Bakıdakı danışıqlarının ilk saatlarında birinci nəzərə çarpan nə oldu? Azərbaycanda Merkelin timsalında Almaniya hökumətindən heç kim yardım və pul istəmədi. Bakıda almaniyalı siyasətçi daha çox özünə arxayın və layiqli tərəfdaş tapdı ki, o, bazarlarını alman şirkətlərinin üzünə açmağa hazırdır. Buna görə də, Bakı səfərinin zirvə nöqtəsi qanadlanmış, dağıdıcı, vəhşi qüvvələrlə deyil, biznes-elita ilə görüş oldu ki, bu görüşdə iş adamları Almaniyaya və alman korporasiyalarına infrastruktur layihələrində (ələlxüsus, dəmiryolu kommunikasiyalarının tikintisində), şəhər quruculuğunda, təhsil proqramlarının, xüsusilə sistemli və ixtisaslaşdırılmış texniki peşə təlimi sahəsində genişləndirilməsində tərəfdaşlıq təklif etdilər... Merkel Bakıda həyata keçirilməkdə olan “Cənub Qaz Dəhlizi”nin, nəqliyyat marşrutlarının perspektivlərini müzakirə etdi, Azərbaycan bank sektorunun dirçəldilməsindən çox danışıldı... Söhbət işgüzar və çox şeylər vəd edən alındı. Lap sırf almansayağı – daha az hiss və daha çox iş!

Əgər Merkel üçün Yerevan Azərbaycandırsa...

Merkel Bakıdakı biznes-forumda


Özünün Cənubi Qafqaz üzrə həmkarlarından fərqli olaraq uzun və keşməkeşli danışıqlar prosesindən Merkellə yaxşı tanış olan və son 3 il ərzində Berlinə iki dəfə işgüzar səfər etmiş prezident İlham Əliyev Almaniya kanslerinin səfərini tarixi səfər adlandırdı.

Əliyevlə Merkelin görüşündən yaddaşlarda ən çox nə qaldı? Almaniyalı kanslerin Azərbaycan prezidentinə ifadə olunmuş hörməti, diqqəti və xüsusi nəzakətlə yanaşması – Merkel “inkişafın Əliyev yolu”nu öz gözləri ilə görüb buna əmin oldu. Quş uçuşu hündürlüyündən – baxış meydançasından kansler uzun müddət postsovet şəhər quruculuğunun incisi olan yeni Bakıya tamaşa etdi...

Merkelin Azərbaycanla tanışlığı yaxşı əlamətdən başladı. Kansler nümayəndə heyətinin siyahısından Azərbaycan hökuməti tərəfindən arzuolunmaz şəxs elan edilmiş deputat Albert Vayleri çıxardı. Vayler qeyri-qanuni olaraq Qarabağa səfər etmiş, işğal olunmuş ərazilərə arxa qapıdan, yəni Yerevandan getmişdi. Bundan sonra Azərbaycan XİN-in qara siyahısına düşmüşdü. Və hansısa təsadüf üzündən Vayler Merkelin nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Bakı bu xadimlə ünsiyyətdən vaz keçdi. Merkel dərhal buna qarşılıq verdi və bildirdi: “Bakıdakı danışıqlar deputatdan vacibdir”. Vayler evdə qaldı...

Yerevanda Merkelin Qarabağ haqqında bəyanatı ümumi inqilabi səs-küydə itib batdısa, Bakıda almaniyalı kansleri xüsusi diqqətlə dinləyirdilər. Merkal bir daha açıq bəyan etdi ki, Minsk qrupunun üzvü kimi Almaniya məhz BMT Təhlükəsizlik Şurasının qərarları əsasında Qarabağ tənzimlənməsinin yolları üzərində işləməyə davam edəcək. Təhlükəsizlik Şurasının qətnamələri nə deyir? Erməni işğalının sözsüz qınanması və işğal edilmiş torpaqların şərtsiz azad edilməsi. Bakıda Merkeli eşitdilər və sözləri üzərində düşünməyə başladılar.

Azərbaycanın Almaniya ilə yeni münasibətlərinin təzə sətirdən başlaması üçün bütün əlamətlər göz önündədir. Bundan savayı, Merkel Bakının siyasi status-kvosuna məxsusi alman diqqəti ilə və anlayışla yanaşıb. Almaniya kansleri özgə monastırına öz nizamnaməsi ilə gəlmədi, fəaliyyətdə olan siyasi sistemin dayaqlarını dağıtmağa çalışmadı və sistemdənkənar qeyri-formal qruplarla görüşü tamamilə qulaqardına vurdu. Yerevanda Merkel müxalifətçi Respublikaçı Partiyası, Tbilisidə isə axtarışda olan Saakaşvilinin tərəfdarları ilə görüşdüsə də, Bakıda Əli Kərimlinin və İlqar Məmmədovun timsalında milli-demokratların və sistemdənkənar qüvvələrin bütün xahiş və səyləri eşidilməmiş qaldı. Merkel müxalifətlə görüşdən imtina etdi. Azərbaycanda Qərb dünyasının lideri üçün şərtiliklər yox idi, belə ki, heç bir geosiyasi mərkəz yarıleqal siyasi şəbəkə dərnəklərini Əliyev hökumətinə alternativ kimi görmür. Onlarla danışmağa da dəyməz!

Əgər Merkel üçün Yerevan Azərbaycandırsa...

Merkel Bakıda mətbuat konfransında


Əlbəttə ki, Merkelin Bakıya bir günlük, lakin çox zəngin səfəri bakılıların yaddaşında uzun müddət qalacaq iki qeyri-adi hadisə ilə əlamətdar oldu. Təbii olaraq, prezidentlə kanslerin mətbuat konfransında iştirak edənlərin hamısını “Alman dalğası” nəşrinin almaniyalı jurnalistinin “brejnevsayağı səhvi” məəttəl qoydu. Jurnalist diletantsayağı Azərbaycanı Əfqanıstanla dəyişik saldı. Əgər 30 il əvvəl qocalıq marazmına düçar olmuş sovet lideri təfərrüatına varmadan avtomatik olaraq başqa bir çıxışın mətnini oxumuşdusa, almaniyalı jurnalist məsuliyyət hissini bir kənarda qoyaraq, Azərbaycan barədə Əfqanıstan kimi fikir yürütməyə başladı. Hərgah, həqiqətin gözlərinə düz baxsaq, Almaniya cəmiyyəti üçün Azərbaycan elə Əfqanıstan qədər əhəmiyyətlidir, lap Ermənistanı da Banqladeşlə səhv sala bilərlər. Axı bu ölkələr virtual “dəmir pərdə”nin o biri tərəfindədir. Məhz bu səbəbdən hələ bir neçə il öncə biz Almaniya KİV-lərində mənşəyi məlum olmayan və ölkəmizin daxili siyasətinə həsr edilmiş məqalələrin peyda olmasının sifarişli xarakter daşımasını bildirirdik. Axı alman üçün Azərbaycanla Əfqanıstanın fərqi yoxdur, nəyə görə başını həmin ölkələrin siyasi həyatının incəlikləri ilə qatsın?! Yalnız sovetoloqlar kimi dar ixtisaslı ekspert qrupları istisna təşkil edirlər ki, onlar uzun sürən tədqiqatlardan sonra siyasi qüvvələrin əsl vəziyyəti barədə fikir yürüdə bilərlər. Lakin bunlar tək-tük adamlardır!..

Əgər jurnalist gülməli “brejnevsayağı səhv”ə yol verirsə, Merkel də özünə “freydsayağı səhv”i rəva gördü. Tez-tələsik oxucuları ilə “İnstagram” şəbəkəsində Azərbaycan səfəri ilə bağlı təəssüratlarını bölüşməyə çalışan Almaniya kansleri təsadüfən Yerevan keçələrində çəkdiyi videoçarxı paylaşdı. Əlbəttə, fövqəldövlətin lideri üçün siyasi ölçü sisteminə bütöv regionlar daxildir və Cənubi Qafqaz vur-tut, Çörçillin təbirincə desək, ucsuz-bucaqsız Rusiyanın “yumşaq qarin altı”dır. Lakin bunla belə, Merkel tarixi həqiqətdən çox da uzağa getməmişdi. Axı müasir Yerevan İrəvan xanlığının – Azərbaycan torpağının ərazisində yerləşir və vaxtilə burada türk hökmdarlar ağalıq edib. Ola bilsin ki, nə zamansa kimsə Merkelə Almaniya üçün anlaşılmaz olan bu uzaq torpaqların tarixi barədə danışdı...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *