Trampla Paşinyanın görüşü hazırlanır
BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi imkanları araşdırılır. Virtualaz.org “Ermənistan xəbərləri”nə istinadən bildirir ki, bu barədə iyulun 25-də jurnalistlərə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills deyib.
“Hər iki tərəf istəyir ki, bu görüş baş tutsun. Lakin məlum səbəblər üzündən prezidentin və baş nazirin qrafikləri çox sıxdır və biz hazırda çalışırıq ki, görüşün təşkil edilməsi üçün uyğun “pəncərə” tapaq. Hələlik görüş barədə qərar qəbul edilməyib”, - Mills qeyd edib.
Səfir vurğulayıb ki, səfirlik kimi ABŞ hökuməti də ikitərəfli qarşılıqlı tərəfdaşlığın yüksək səviyyəsindən məmnundur. Misal kimi o, yüksək səviyyəli bir neçə görüşün keçirildiyini göstərib.
Belə ki, iyun ayında Ermənistan prezidenti Armen Sarkisyan işçi səfərlə Vaşinqtonda olub və burada ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşüb. İyulda Ermənistan baş nazirinin birinci müavini Ararat Mirzoyan ABŞ-da səfərdə olub.
Mənbə:> Virtualaz.org