Ermənistan hökuməti: “Moskvada Əliyevlə Paşinyanın görüşü nəzərdə tutulmur” – YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada görüş planlaşdırılmır. Bu barədə "İntefax" agentliyinə Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan bildirib.
"Nikol Paşinyan və İlham Əliyevin Moskvada görüşünə dair hazırda heç bir razılaşma yoxdur", - deyə o vurğulayıb.
Qeyd edək ki, İlham Əliyev və Nikol Paşinyan futbol üzrə dünya çempionatının iyunun 14-də Moskvada keçiriləcək açılış mərasimində iştirak edəcəklər.
* * *12:52
Azərbaycan prezidenti İlham Əliyev Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etmək üçün Moskvaya gedəcək.
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, mənbənin bildirdiyinə görə, dövlət başçısı açılış mərasimində iştirak edəcək.
Mərasim iyunun 14-də Moskvanın “Lujniki” stadionunda keçiriləcək. Şou birinciliyin ilk matçından yarım saat əvvəl başlayacaq. Rusiya – Səudiyyə Ərəbistanı oyunu Bakı vaxtı ilə 18:30-da start götürəcək.
Çempionatın açılışına Ermənistanın baş naziri Nikol Paşinyan da gələcək. Mənbənin bildirdiyinə görə, faktiki olaraq, bu, Ermənistan və Azərbaycan liderlərinin görüşdükləri ilk tədbir olacaq.
Mənbə:> Virtualaz.org