Ermənistan NATO ilə sıx əməkdaşlığın səbəbini ilk dəfə açıqladı
Ermənistan hakimiyyəti Rusiya ilə hərbi müttəfiqlik münasibətlərinə baxmayaraq NATO ilə sıx əməkdaşlığın qurulmasının sensasion səbəbini açıqlayıb.
Virtualaz.org xəbər verir ki, Ermənistan milli təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu barədə “Kommersant”ın sorğusuna cavab olaraq danışıb. Qriqoryan Ermənistanın NATO ilə əməkdaşlıqdan hansı fayda əldə etdiyini izah edərək deyib ki, bu əməkdaşlıq sayəsində erməni hərbçiləri “Azərbaycan ordusunun necə işlədiyini” anlamağa çalışır.
Armen Qriqoryanın sözlərinə görə erməni hərbçiləri də alyansla sıx tərəfdaşlıq edən Azərbaycan hərbçilərinin əldə etdikləri təcrübədən faydalanmağa çalışır. Bu isə Qarabağda Azərbaycana qarşı duruş gətirmək üçün effektlidir. “Azərbaycan zabitləri Türkiyədə təhsil alır. Biz bu strukturu anlamaq istəyirik, istəyirik anlayaq ki, Azərbaycan ordusu necə işləyir”-Armen Qriqoryan deyib.
Xatırladaq ki, Ermənistan son illər NATO-nun təlimlərində və proqramlarında fəal iştirak edir. Baş nazir Nikol Paşinyan Rusiyanın ciddi narazılığına baxmayaraq iyulun 11-də NATO-nun Brüsseldə keçirilən sammitində iştirak edib.
NATO ilə əməkdaşlıq məsələsindən danışan Qriqoryan onu da deyib ki, Ermənistan alyansla yaxınlıq etsə də KTMT-dən çıxmayacaq. “Ermənistandakı inqilab xarici yox, daxili dəyişikliklərə yönəlmişdi”-o bildirib.
Ermənistan milli təhlükəsizlik Şurasının katibi onu da qeyd edib ki, Yerevanın Dağlıq Qarabağa dair siyasəti indi “müdafiə” yox, “fəal müdafiə” kimi xarakterizə edilməlidir. “Bu isə o deməkdir ki, biz hansısa preventiv addımlar da ata bilərik”-Armen Qriqoryan bildirib.
Mənbə:> Virtualaz.org