“Məsələn, Paşinyan Dağlıq Qarabağı tanıya, Xankəndi aeroportunu aça bilər...”
Ermənistanda ötən gün hakim partiya nəhayət kapitulyasiyaya razılaşdı və Nikol Paşinyanın baş nazir seçilməsinin yolunu açdı. Respublika partiyası elan etdi ki, parlament üzvlərinin üçdə birinin irəli sürdüyü namizədi dəstəkləyəcək. Paşinyan isə artıq 105 yerlik parlamentdə 45 deputatın dəstəyini qazana bilib və beləliklə də onun mayın 8-də baş nazir seçilməsinə əngəl qalmır. Hərçənd Nikol öz tərəfdarlarını “ayıq olmağa” və onun “Facebook” səhifəsini yaxından izləməyə çağırıb.
Bəs Ermənistanda hakim partiyasının bu kapitulyasiyasının səbəbi nədir? Axı dünənki qərardan cəmi bir gün əvvəl-mayın 1-də partiyanın parlament fraksiyası qərar vermişdi ki, Paşinyanın namizədliyi onları qane etmir və bu namizədə səs verməyəcəklər. Bu, partiyanın rəsmi qərarı idi və bütün fraksiya üzvləri üçün məcburi sayılırdı.
Virtualaz.org xəbər verir ki, Rusiya hökuməti yanında Maliyyə Universitetinin politologiya departamentinin dosenti Gevorq Mirzəyan “RİA Novosti” agentliyində dərc edilmiş məqaləsində bunun səbəblərini tapmağa çalışır.
Mirzəyanın yazdığına görə məlumatlardan biri belədir ki, hakimiyyət və müxalifət müəyyən kompromisə nail oldular, bu kompromisin tərkib hissəsi Paşinyanın baş nazir olmasıdır. Digər məlumata görə heç bir kompromis olmayıb və respublikaçılar ölkə boyu yolların bağlanmasını görərək hakimiyyətdə qalmağa heç bir şansları qalmadığına əmin olublar. Üçüncü məlumata görə isə Moskva öz sözünü deyib-Serj Sərkisyana israrla məsləhət gördülər ki, bu xaosa son qoysun.
Müəllif xatırladır ki, bütün böhran ərzində Rusiya çox bərkdən susub, lap əvvəldən heç kimin tərəfini tutmayıb və baş verənləri “Ermənistanın daxili işi” adlandırıb. “The Washington Post”un yazdığı kimi Moskva Sərkisyanı sadəcə qurban verib ki, Ermənistanı öz təsir zonasında saxlasın.
Mirzəyana görə Moskva üçün optimal olanı Ermənistanda nə Respublika partiyasını, nə müxalifəti təmsil etməyən “texniki baş nazirin” seçilməsi idi. Həmin baş nazirin vəzifəsi ölkəni yeni seçkilərə hazırlamaqdan ibarət olmalıydı. Lakin Paşinyanın hakimiyyət hərisliyi bütün kartları qarışdırdı. Və Nikolu başa düşmək olardı, o nəzərə alırdı ki, insanlar küçələrə ona görə deyil, Serj Sərkisyanın hakimiyyətinə qarşı çıxıblar. Və əgər indi Nikol Paşinyan bu dalğadan istifadə edib hakimiyyətə gəlməsə onun populyarlığı bir neçə ay sonra azalacaqdı və seçkiləri uduza bilərdi.
Bəs Paşinyan baş nazir kimi Rusiyanı nə dərəcədə qane edəcək? Bu məsələdə həm optimistlərin, həm pessimistlərin öz tutarlı arqumentləri var.
Əgər Paşinyanın etirazlara qədər olan mövqeyindən çıxış edilsə o, antirusiya mövqeli siyasətçidir və Ermənistanın Avrasiya İttifaqına üzvlüyünə qarşıdır. Lakin indi o mövqeyini dəyişib. Paşinyan dəfərlər deyib ki, Ermənistanı Avrasiya İttifaqından, KTMT-dən çıxarmayacaq, Gümrü bazası yerində qalacaq, Ermənistanın Türkiyə ilə sərhədlərini yenə rus əsgərləri qoruyacaq. Və ölkəsinin bu təşkilatlarda mövqeyini gücləndirməyə çalışacaq.
Optimistlər Paşinyana inanmağa meyllidir. Çünki o, hakimiyyətə gələndə reallıqlarla hesablaşmalı olacaq. Ermənistanın isə Rusiya ilə sıx müttəfiqlikdən başqa yolu yoxdur. Ən azından ona görə ki, təkcə Moskva Qarabağ məsələsində indiki status-kvonu saxlamağa və Ermənistanın təhlükəsizliyinə təminat verə bilər.
Pessimistlər isə xatırladırlar ki, Qafqazdakı digər inqilabçı Mixail Saakaşvili də hakimiyyətə təzə gələndə belə deyirdi, Rusiya ilə yaxşı münasibətlər saxlayacağı haqda danışırdı. Amma sözünün üstündə durmadı. Gevorq Mirzəyana görə bu məqamda pessimistlərə xatırlatmaq olar ki, erməni xalqı gürcü xalqı deyil və daha rusiyameyllidir. Ona görə də Paşinyana Rusiyadan üz döndərməyə imkan verməz. Lakin əhalinin sağlam düşüncəsinə arxayınlaşmaq olmaz, üstəlik indiki texnologiya əsrində “beyinlərin yuyulması”nı nəzərə alanda. Paşinyanı hakimiyyətə gənclər gətirib və onların da arasında antirusiya meylləri hər gün artır.
Paşinyanın problemi həm də ondadır ki, o verdiyi vədləri, məsələn, korrupsiya ilə mübarizəni, inhisarçılığın aradan qaldırılmasını, iqtisadiyyatın bataqlıqdan çıxarılmasını müvəqqəti baş nazirlik dövründə yerinə yetirə bilməz. Axı o, ölkəni növbədənkənar seçkilərə hazırlamalıdır və bu seçkilərin bir neçə ay sonra keçirilməsi nəzərdə tutulur. Ona görə də müəllif hesab edir ki, populist Paşinyan reytinqini qəfil qaldırmaq üçün xarici siyasət meydanında kəskin addımlar ata bilər. Məsələn, Dağlıq Qarabağın “müstəqilliyini” tanıyar və Xankəndi aeroportunu işə salar, yaxud Qarabağ ətrafında situasiyanın kəskin eskalasiyasına səbəb olan başqa addımlar atar. Bununla da Moskvanın başqa sahələrdə bərk məşğul olduğu bir vaxtda Rusiyaya çoxlu problemlər yarada bilər.
“Serj Sərkisyan ola bilsin “korrupsiya ilə döyüşməyib”, amma xarici siyasətdə özünü tamamilə realist və adekvat aparıb. Paşinyanda bu adekvatlıq çatacaqmı, bunu onun baş nazirliyi göstərəcək”-erməni ekspert Moskvadan yazır.
Mənbə:> Virtualaz.org