Putin Paşinyanın hakimiyyətə yolunu kəsmək üçün hərəkətə keçdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Putin Paşinyanın hakimiyyətə yolunu kəsmək üçün hərəkətə keçdi

Putin Paşinyanın hakimiyyətə yolunu kəsmək üçün hərəkətə keçdi

Ermənistanda Serj Sərkisyanın istefası ilə nəticələnən etiraz hərəkatının lideri Nikol Paşinyan baş nazir olana qədər aksiyaları davam etdirəcəyini deyir. Lakin belə görünür ki, Moskvanın başqa planları var. Serj Sərkisyanı istefaya məcbur edən və sürətlə böyüyən etiraz hərəkatına qəfil yaxalanan, nəticədə sadiq müttəfqini qorumaq üçün heç nə edə bilməyən Kreml fanatik və avantürist siyasətçi saydığı Paşinyanı ən azı baş nazir postuna buraxmamaq üçün hərəkətə keçib.

Doğrudur, Nikol Paşinyan özünü əvvəllər Rusiyanın qatı tənqidçisi kimi tanıdıb. Lakin o, Sərkisyana qarşı etiraz hərəkatını başladanda bir dəfə də olsun antirusiya şüarları səsləndirməyib, ümumiyyətlə geosiyasətdən uzaq durub və baş verənləri “ermənilərin daxili işi” kimi təqdim edib. Lakin bu yaxınlara qədər heç kimin ciddi siyasətçi kimi qəbul etmədiyi, kifayət qədər siyasi resurslara malik olmayan bu 42 yaşlı keçmiş qəzet müxbiri cəmi 10 günə Serj Sərkisyanı istefaya məcbur edə bilibsə deməli Moskvada narahat olmaqda haqlıdırlar. Çünki Paşinyandan nə desən gözləmək olar (Nikol bunu artıq sübut edib) və deməli Kreml Qafqazdakı forpostunda bu cür siyasətçinin rəhbər olmasını qəbul edə bilməz.

Putin Paşinyanın hakimiyyətə yolunu kəsmək üçün hərəkətə keçdi


Məhz bu səbəbdən Nikol Paşinyan Serj Sərkisyanın istefası ilə qane olmayıb onun səlahiyyətlərini icra etməyə başlayan Karen Karapetyanı-“Qazprom”un keçmiş menecerini də devirmək üçün küçələrə çıxanda Moskva ilk dəfə proseslərə müdaxilə etməyə başladı. Əvvəlcə baş nazir Dmitri Medvedyev Karen Karapetyanla telefon danışıqları apardı. Ardınca prezident Vladimir Putin prezident Armen Sərkisyana zəng vurdu. Bunun ardınca Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan və baş nazirin müavini Armen Gevorkyan təcili Moskvaya yolandılar.

Xəbərlərə görə Edvard Nalbəndyanın ancaq xarici işlər naziri Sergey Lavrovla qısa görüşü açıqlanıb. Guya tərəflər Qarabağda, təmas xəttində yaranmış vəziyyəti müzakirə ediblər, vəssalam. Amma tamamilə aydındır ki, Nalbəndyan Moskvaya təmas xəttindəki vəziyyəti, hansı ki, bu vəziyyətdə xüsusi dəyişiklik baş verməyib, müzakirə etmək üçün deyil, Ermənistanda yeni hakimiyyət məsələsini müzakirə etmək üçün gedib.

Yaxud baş nazirin müavini Armen Gevorkyanın Avrasiya İqtisadi Birliyinin toplantısı üçün Moskvaya yollandığı deyilsə də onun Rusiya prezidenti Admnistrasiyasının rəhbəri Anton Vayno ilə görüşdüyü açıqlanıb. Tərəflər Ermənistandakı daxili siyasi vəziyyəti müzakirə ediblər. Gevorkyanın başqa rusiyalı rəsmilərlə də görüşdüyü xəbər verilir.

Putin Paşinyanın hakimiyyətə yolunu kəsmək üçün hərəkətə keçdi


Ötən gün axşam isə prezident Putin baş nazirin səlahiyyətlərini icra edə Karen Karapetyana zəng vurub. Kremlin rəsmi məlumatına əsasən tərəflər Ermənistandakı proseslərin konstitusiya məcrasından kənara çıxmamasının vacibliyi və mayın 1-də parlamentdə yeni baş nazirin seçilməsi barədə danışıblar.

Rusiya nümayəndələri Paşinyanla da təmas qurublar, ancaq bu İrəvandakı səfir səviyyəsində olub. Və məlumatlara görə indiyə qədər Ermənistan hakimiyyətinin “səhmdarları” qismində çıxış edən erməni mənşəli rusiyalı oliqarxlar ona müəyyən mesajlar göndəriblər, Paşinyana çatdırıblar ki, Moskva onun baş nazir olmasına icazə verməyəcək.

Lakin Paşinyan güzəştə getmək niyyətində deyil. Bu gün o, Karen Karapetyanla görüşməyə hazır olduğunu bildirib, amma jurnalistlərin iştirakı ilə. Karapetyan isə bu formatda Paşinyanla görüşə razı deyil. Nikol etiraz hərəkatını baş nazir olana qədər davam etdirməkdə qərarlıdır və Karapetyanla danışıqları ancaq bu mövzuda aparacağını deyir.

Putin Paşinyanın hakimiyyətə yolunu kəsmək üçün hərəkətə keçdi


Son məlumata görə Karen Karapetyan Paşinyanla jurnalistlərin gözü qarşısında danışıqlar aparmayacağını bildirib. Onun mətbuat katibi deyib ki, Paşinyanın son təklifi də əvvəlkilərdən fərqlənmir, nəticədə danışıqlara getməyin mənası yoxdur.

Paşinyan artıq hakim koalisiyanın dağılmasına nail olub. Daşnaklar Respublika partiyası ilə koalisiyadan çıxıblar və baş nazir seçkisində Paşinyanın namizədliyinə səs verməyə hazırdırlar. 105 yerlik parlamentdə 31 mandata sahib olan “Çiçəklənən Ermənistan” partiyası və onun lideri, oliqarx Qaqik Tsarukyan da xalq hərəkatına qoşulub. Amma Tsarukyan hələlik Paşinyanın namizədliyinə səs vermək barədə qərar qəbul etməyib. Hərçənd Paşinyanın sözlərinə görə, onun namizədliyini azı 40 deputat dəstəkləməyə hazırdır.

Məsələ burasındadır ki, respublikaçıların sıralarında da ciddi çatlar yaranıb. Parlamentdə səs çoxluğuna malik olan partiyanın üzvlərinin bir çoxu Karen Karapetyana dəstək vermir. Bu baxımdan Karen Karapetyanın baş nazir postuna namizədliyinin irəli sürülməsi ilə bağlı tərəddüdlər var. İstisna deyil ki, Kreml yeni baş nazir kimi ya Nalbəndyanın, ya Gevorkyanın namizədliyini nəzərdən keçirir və onların Moskvaya çağırılması da bununla əlaqəlidir.

Putin Paşinyanın hakimiyyətə yolunu kəsmək üçün hərəkətə keçdi


Paşinyan da nəzərə alır ki, sürətlə artan populyarlığını, küçənin dəstəyini qazanmasını tezliklə siyasi kapitala çevirməlidir. Çünki ictimai dəstək müvəqqəti ola bilər və bir neçə gün sonra küçələrə Paşinyanın çağırışı ilə çıxanların sayı sürətlə azalacaq. Kütlə yorulacaq və insanlar Paşinyanı baş nazir kürsüsünə oturtmaq üçün həftələrlə küçələrdə dolaşmağa hazır olmayacaq.

Amma Paşinyan bunu da nəzərə alır ki, Rusiyanın dəstəyini almadan baş nazir postunda çətin otura bilər. Nəticədə o bir tərəfdən əvvəlki qərbmeylli mövqeyini ört-basdır edib Rusiya ilə münasibətlərdə heç bir dəyişiklik olmayacağını deyir, hərəkatın qətiyyən antirusiya xarakterli olmadığını bildirir. O biri tərəfdən küçənin təzyiqini maksiumum artırmağa çalışır ki, Kreml fakt qarşısında qalıb Sərkisyanın istefasına razılaşdığı kimi onun hakimiyyətə gəlişi ilə də barışsın. Bu baxımdan qarşıdakı 3 gün Ermənistandakı proseslərin hansı səmtə yönələcəyi baxımından həlledici olacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *