“Ya Köçəryanı, ya Taroyanı...” – YENİLƏNİB
Ermənistanda hakimiyyətdən getməyə məcbur olan Serj Sərkisyan ötən gün Respublika partiyasının fraksiyası ilə görüşü zamanı baş nazir postuna yeni namizədi müzakirə edib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Sərkisyan baş nazir postuna İrəvan meri Taron Marqaryanın və keçmiş prezident Robert Köçəryanın namizədliyini təklif edib.
Bildirilir ki, “Qazprom”un adamı Karen Karapetyanı namizədliyi Respublika partiyasında birmənalı dəstək qazanmır. Çünki o baş nazir olanda hakim partiyanın bir sıra nüfuzlu üzvlərinin maraqlarına toxunub.
* * *10:52
Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan Nikol Paşinyanın başlatdığı inqilab nəticəsində baş nazirin müavini Karen Karapetyanın da hakimiyyətdə saxlamağın qeyri-mümkün olduğunu anlayandan sonra təcili Moskvaya yollanıb. Virtualaz.org xəbər verir ki, Nalbəndyanın Moskvaya getdiyini Ermənistan XİN rəsmən təsdiqləməyib, amma nazirin “ezamiyyətdə olduğunu” bildirməklə kifayətlənib.
Analitiklərə görə Moskva Ermənistanda qəfil vüstət alan xalq hərəkatının nəticəsində Serj Sərkisyanı hakimiyyətdə saxlaya bilməsə də “Qazprom”un adamı Karen Karapetyanın heç olmasa keçid müddətində baş nazir postunu tutacağına ümid edirdi. Lakin ötən gün Paşinyan hakimiyyətə ultimatum verib və ölkədə artıq hökumətin olmadığını elan edib. Nəticədə Moskvada Ermənistanın nəzarətdən çıxacağına dair narahatlıqlar artıb. Proseslər başlayandan bəri ilk dəfə Putin situasiyaya müdaxilə edib və Ermənistan prezidenti Armen Sərkisyana zəng vurub. Habelə Rusiya səfirliyinin diplomatları Paşinyanla danışıqlar aparıblar. O cümlədən erməni mənşəli rusiyalı oliqarxlar Paşinyana xəbər göndəriblər ki, Karapetyanı da devirməyə qədər gedib çıxmasın. Lakin fanatik Paşinyan bütün bu şərtləri rədd edib. Bu da Ermənistanda “xarici siyasət kursunun” radikal şəkildə dəyişəcəyinə dair Moskvada narahatlıqlar yaradıb və Nalbəndyan təcili Rusiyaya yollanıb. Onun kimlərlə görüşdüyü məlum deyil.
* * *10:30
Ermənistanın keçmiş prezidenti və keçmiş baş naziri Serj Sarkisyan hakim Respublikaçılar Partiyasının sədri vəzifəsindən də imtina etmək qərarına gəlib.
Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bu, dünən gecə saatlarında Sarkisyanla baş nazirin vəzifələrini icra edən Karen Karapetyanın və fraksiyanın digər deputatlarının görüşündən sonra məlum olub.
“Ermənistan Respublikaçılar Partiyasının (ERP) yeni sədrinin seçimləri ilə bağlı müzakirələrin başlanması barədə razılıq əldə olunub”, - görüşün yekunlarına dair bəyanatda bildirilir.
Qeyd olunur ki, Serj Sarkisyan görüş iştirakçılarına istefasının səbəblərini açıqlayıb, ERP-nin parlament fraksiyasının ölkədə sülh və sabitliyin qorunması naminə mümkün iş ssenarisini təqdim edib.
“Görüşün ikinci yarısında baş nazirin vəzifələrini icra edən Karen Karapetyanla razılıq əldə edilib ki, ERP tərəflərlə öncədən şərt irəli sürmədən danışıqlara hazırdır”, - partiyadan bildirilib.
Mənbə:> Virtualaz.org