Ermənistanda inqilab: etiraz aksiyaları davam etdiriləcək – YENİLƏNİB
Aprelin 26-da Ermənistanda etiraz aksiyaları davam etdiriləcək.
Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə bu gün İrəvanda keçirilən mitinqdə “Vətəndaş sazişi” partiyasının lideri Nikol Paşinyan bildirib.
O, ölkə vətəndaşlarını tətilə, tələbələri isə təhsil ocaqlarına getməməyə çağırıb: “Bir addım qalıb – biz bu məsələni bitirəcəyik”. N.Paşinyan bildirib ki, sabah etirazçılar tərəfindən ölkə ərazisində yolların, körpülərin blokadaya alınması davam edəcək.
Qeyd edək ki, bu gün Ermənistanda "Daşnaksütyun" partiyası hakim koalisiyadan çıxıb, ölkənin idman və gənclərlə iş üzrə naziri istefa verib, etirazçılar isə N.Paşinyanı baş nazir seçməyi tələb ediblər.
* * *22:31
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvaya yollanıb.
Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, bunu siyasi dairələrdəki mənbə bildirib.
Ermənistan XİN mətbuat katibi Tiqran Balayanın sözlərinə görə, Nalbandyan ezamiyyətdədir, lakin nazirin dəqiq harada olması barədə məlumat verilməyib.
* * *21:06
Bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub. Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
"Ermənistandakı mövcud vəziyyət müzakirə edilib. Vladimir Putin və Armen Sarkisyan böhranın qısa müddətdə aradan qaldırılması üçün ölkənin bütün siyasi qüvvələrini təmkin və məsuliyyət göstərmələrinin, mövcud problemlərin konstruktiv dialoq və Konstitusiya çərçivəsində həllinin vacibliyini vurğulayıblar”, - məlumatda deyilir.
* * *20:17
Yerevanın mərkəzindəki Respublika meydanında “Məınim addımım” təşəbbüs qrupunun mitinqi başlayıb.
Həmin mitinqdən canlı yayımı diqqətinizə çatdırırıq.
* * *19:57
"Yelk" fraksiyası Ermənistan müxalifətinin lideri, ölkədə etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
Ermənistan KİV-ləri xəbər verir ki, bununla bağlı fraksiyanın bu gün yaydığı bəyanatda vurğulanıb.
"Fraksiya Nikol Paşinyanı Ermənistanın baş naziri vəzifəsinə namizədliyini irəli sürmək qərarına gəlib", - sənəddə qeyd olunub.
* * *19:52
Ermənistanın ilk baş naziri, Respublika İctimai Şurasının başçısı Vazgen Manukyan kütləvi etiraz aksiyalarının səbəb olduğu siyasi böhrandan çıxmaq üçün milli barışıq hökumətinin formalaşdırılmasını təklif edib.
Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bununla əlaqədar Manukyan deyib: “Parlament milli barışıq hökumətini qurmalı və 20-30 gün ərzində seçki məcəlləsinin layihəsini hazırlamalıdır. Bundan sonra növbədənkənar parlament seçkiləri keçirilməlidir”, - Manukyanın adından İctimai Şuranın mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
V.Manukyanın fikrincə, seçkilərin altı aydan sonra keçirilməsi daha məntiqli olardı ki, partiyalar yeni qaydalara uyğun hərəkət edə bilsinlər.
* * *18:53
Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan iqtidarda olan Respublikaçılar partiyasından dərhal təslim olmağı tələb edib.
Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki. bu barədə o, Respublika meydanında keçirilən mitinqdə deyib.
“Bizim yalnız bir tələbimiz var – ERP-nin dərhal təslim olması – qeyd-şərtsiz”, - Paşinyan bildirib.
O əlavə edib ki, görüşlərdə iştirak etmək üçün iki saat müddətinə mitinqi tərk etməlidir.
Bundan əlavə, Paşinyanımn sözlərinə görə, hazırda xidməti borclarını yerinə yetirən polis əməkdaşları da etirazçıların tərəfinə keçiblər.
Mənbə:> Virtualaz.org