Sərkisyanın partiyası hakimiyyətdən rəsmən imtina etdi, Paşinyanın yolunu açdı – YENİLƏNİB
"Ermənistanın hakim Respublikaçılar Partiyası mayın 8-də keçiriləcək seçkidə baş nazir vəzifəsinə namizəd irəli sürməyəcək".
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu hakim partiyanın fraksiya rəhbəri Vaqram Baqdasaryan deyib.
Onun sözlərinə görə, Ermənistanın Respublikaçılar Partiyası parlamentin üçdə birinin dəstəyini qazanacaq namizədə səs verəcək: "Bizim namizədimiz olmayacaq. Amma ölkənin Nazirlər Kabinetinin yeni sədrinin adı mayın 8-də məlum olacaq".
O, Ermənistanda etiraz aksiyalarının iştirakçılarını yolların, magistralların, aeroportun blokadasına son qoymağa və konstitusiya müstəvisinə qayıtmağa çağırıb.
Xatırladaq ki, Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı səsvermə mayın 8-də keçiriləcək.
Bağdasaryan onu da deyib ki, Respublika partiyası parlament üzvlərinin üçdə birinin irəli sürdüyü namizədi dəstəkləyəcək. Bu isə o deməkdir ki, Nikol Paşinyanın baş nazir olması üçün artıq maneə qalmır. Çünki onun namizədliyini 105 yerlik parlamentdə azı 45 deputat dəstəkləyir.
* * *19:18
Ermənistan etiraz hərəkatının lideri Nikol Paşinyan hökuməti mitinq edənlərə qarşı qoşunlardan istifadə etməkdən çəkinməyə çağırıb.
"Polis və təhlükəsizlik qüvvələri bitərəfliyi saxlayır və əgər hökumət, məsələn, Yerevana ordu yeritsə, onda bütün əsgərlər bizim tərəfimizə keçəcək və bizə qoşulacaqlar. Güc vasitəsi ilə qərar qəbul etmək mümkün deyil”, - deyə Paşinyan bildirib.
Virtualaz.org bildirir ki, Paşinyananın sözlərinə görə, müxalifətin hərəkətləri indi parlamentdə səsverməyə qədər olduğundan daha genişmiqyaslıdır .
Mənbə:> Virtualaz.org