“Tsarukyan” və “Daşnaksütün” fraksiyaları Paşinyanı dəstəkləyəcək
Ermənistan parlamentinin ikinci böyük fraksiyası olan "Tsarukyan bloku" fraksiyasının rəhbəri, sahibkar Qaqik Tsarukyan sahibi olduğu telekanalın efirində 1 may tarixində keçiriləcək baş nazir seçkilərində "xalqın namizədi"ni dəstəkləyəcəyini bəyan edib.
Bu barədə APA erməni KİV-lərinə istinadən xəbər verir.
"Biz öz namizədimizi irəli sürməyəcəyik və xalqın namizədini dəstəkləyəcəyik", - deyə Tsarukyan ad çəkməyərək bildirib. Jurnalistin etiraz hərəkatının lideri Nikol Paşinyanın xalqın namizədi olub-olmamasına dair sualına Qaqik Tsarukyan "Həmin şəxs xalqın namizədi olacaq", - deyə bildirib.
Qaqik Tsarukyan həmçinin qeyd edib ki, rəhbərlik etdiyi fraksiya hakim Respublika partiyasının nümayəndəsini dəstəkləməyəcək.
Hakim koalisiyada vaxtı ilə təmsil olunan "Daşnaksütün" partiyasının parlament fraksiyasının nümayəndəsi Arsen Ambarsumyan partiyasının etirazçıların lideri Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləyəcəyini bildirib.
"Biz, çox ehtimal ki, Paşinyanın namizədliyini dəstəkləyəcəyik", - deyə Arsen Ambarsumyan "yerkirmedia.am" nəşrinə "Daşnaksütün" partiyasının fraksiyaların baş nazir postuna vahid namizəd irəli sürməsinə dair çağırışını şərh edərkən bildirib.
Qeyd edək ki, sabiq prezident S. Sərkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq aprelin 13-dən başlayaraq müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvan və digər şəhərlərdə kütləvi etiraz aksiyaları başlayıb. Aprelin 13-də S. Sərkisyan baş nazir postundan istefa verib. Bununla belə, N. Paşinyan Respublika Partiyasının bütövlükdə hakimiyyətdən kənarlaşmasını və yeni baş nazirin seçilməsini tələb edir.
Mənbə:> APA