Zorən cinayətkar, yaxud Ağır xəstəlik keçmiş minaaxtaranı nəyə məcbur etdi
Ağır xəstəlikdən əziyyət çəkən Füzuli rayon sakininə iranlı ilə işbirliyi baha başa gəlib. Müalicə üçün aldığı borcu geri qaytara bilməyən həmyerlimiz sonda iranlının toruna düşüb. İydə meşəliyində gizlədilən külli miqdarda həşiş qətranını Bakıya gətirib satmaq istədikdə isə elə “iş başındaca” yaxalanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 40 yaşlı Füzuli rayon sakini Zəka Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsi barədə məlumat daxil olub.
İttihama görə, Zəka Əliyev şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran vətəndaşı ilə cinayət əlaqəsinə girib. Belə ki, əldə olunmuş razılığa əsasən, 2017-ci ilin oktyabr ayında cinayətkar qrupun üzvü, İran vətəndaşı 7 ədəd bağlamada olan 6 kiloqram 20 qram həşiş qətranını qaçaqmalçılıq yolu ilə Füzuli rayonunun Qazaxlı kəndi ərazisindəki ağacın yanına qoyub. Ötən il noyabrın 7-də narkotik vasitəni oradan götürüb əvvəlcə kolluqda gizlədən Z.Əliyev üç gün sonra özü ilə Bülbülə qəsəbəsinə gətirib. Narkotik vasitəni “Qaqaş” adlı şərti alıcıya – gömrük inspektoru Nihad Məmmədova satmaq istərkən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb, Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən Z.Əliyev ifadəsində əvvəllər minaaxtaran işlədiyini, 2008-ci ildə öz ərizəsi ilə işdən çıxdığını göstərib. Səhhətində yaranan problemlərlə bağlı 2012-ci ildən etibarən İrana gedib-gəlib: “Mədə xorasından, hepatit B virusundan əziyyət çəkirdim. Cəfər adlı iranlı ilə tanış olmuşdum. O vaxtdan bəri bir neçə dəfə müalicə üçün İrana getmişdim”.
Z.Əliyevin ifadəsinə görə, Cəfərin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilib. Amma Cəfər bu barədə ona heç nə deməyib. 2015-ci ilin sonunda növbəti dəfə qonşu ölkəyə yollanan Z.Əliyev Aslandüz şəhərində yaşayan Cəfərin qonağı olub. Cəfərin qardaşı Qulamla tanışlığı da bundan sonra başlayıb. Xəstəxanalara getməkdə, lazım olan həkimləri tapmaqda taksi sürücüsü işləyən Qulam ona köməklik edib. Aralarında münasibət yaranıb, telefon əlaqəsi saxlayıblar, hər dəfə İrana gedəndə Qulamla görüşüb. Hətta bir dəfə müalicə üçün ondan 500 dollar borc alıb. Lakin borcunu heç cür qaytara bilməyib. Bir müddət keçdikdən sonra Qulam borcunu istəyib. Pulu ödəyə bilmədikdə Qulam ona narkotik vasitələri Azərbaycana aparıb dediyi şəxslərə satmağı təklif edib. Belə olacağı təqdirdə borcu siləcəyini deyib. Müalicə üçün aldığı pulu heç cür qaytara bilməyən Z.Əliyev sonda iranlının təklifi ilə razılaşıb: “Qulam narkotiki Füzuli rayonunda sərhədə yaxın yerə qoyduqdan sonra zəng vuracağını, narkotiki onun dediyi adamlara satacağımı, pulları isə ona çatdıracağımı tapşırdı. Ötən il noyabrın 7-də Qulam zəng vurub Füzulinin Qazaxlı kəndindəki iydə meşəliyində ağacın altına 8 kiloqram həşiş qoyduğunu, üstünü yarpaqlarla örtdüyünü dedi. Həmin yerə gedib ağacı tapdım, həşiş qətranı olan torbanı oradan götürdüm”.
İydə meşəliyində gizlədilən həşiş dolu torbanı tapan Z.Əliyev Qulama zəng vurub. Qulam ona Bakıda yaşayan tanışının telefon nömrəsini verib, onunla əlaqə saxlamağı tapşırıb. Həmçinin 8 kiloqram həşişin müqabilində 32 min manat çatdırmalı olacağını deyib. Narkotik dolu torbanı yaşadığı evin yaxınlığındakı kolluqda gizlədən Z.Əliyev Qulamın verdiyi nömrəyə zəng vurub. Metronun “Neftçilər” stansiyasının yaxınlığındakı “Maklerlər bağı”nda özünü “Qaqaş” kimi təqdim edən şəxslə görüşüb, qiymət barədə razılığa gəliblər: “Qulamın təyin etdiyi kimi kiloqramını 3500 manata satdığımı dedim, noyabrın 10-da görüşəcəyimizi razılaşdıqdan sonra Füzuliyə qayıtdım. Noyabrın 10-da taksi ilə Bakıya yola düşdüm. Bülbülə qəsəbəsinə çatıb “Qaqaş”a zəng vurub, “Viola” gül dükanının yanında olduğumu dedim”.
Təxminən 20 dəqiqədən sonra “Qaqaş” iki nəfər şəxslə ona yaxınlaşıb, narkotik vasitəni göstərməyi xahiş edib. Z.Əliyev maşının yük yerini açaraq sellofan torbanı götürüb. Torbanı bıçaqla kəsərək həşiş olduğunu göstərməyi də unutmayıb. Amma elə bu vaxt “alıcı” və yanındakı şəxslər öz xidməti vəsiqələrini göstərib gömrük əməkdaşları olduqlarını deyiblər. Hal şahidlərinin iştirakı ilə narkotik vasitəyə baxış keçirilib, çəkisinin 6 kiloqram 20 qram olduğu müəyyənləşdirilib.
Z.Əliyev narkotik vasitələrin alqı-satqısı ilə ilk dəfə məşğul olduğunu etiraf edib: “Qulam narkotikin çəkisinin 8 kilo olduğunu demişdi. Həşişin pulundan özümə heç nə götürməyəcəkdim. Bunun müqabilində Qulam ona olan borcumu məndən istəməyəcəkdi. Qulam mütəmadi olaraq qaçaq yolla Azərbaycana gedib-gəlir, narkotik vasitə daşıyırdı”.
İstintaqın gedişi zamanı Qulamın əvvəllər narkotik vasitələrin qaçaqmalçılığına görə Azərbaycanda həbs olunması, bir neçə il öncə azadlığa buraxılması da məlum olub.
Qeyd edək ki, cinayət işində adı hallanan, istintaqa Qulam adı ilə məlum olan şəxsin barəsində cinayət işi ayrıca icraata qəbul edilib.
Məhkəmə prosesi davam edir.
Mənbə:> Virtualaz.org