DİN: Külli miqdarda narkotik maddə dövriyyədən çıxarıldı
Cinayət işləri başlanılıb. Daxili İşlər Nazirliyi külli miqdarda narkotik vasitənin dövriyyədən çıxarılması ilə bağlı məlumat yayıb.
Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, Respublikanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni cari ilin ötən dövründə də uğurla davam etdirir. Təkcə Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi və onun Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində son iki gün ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən ümumi çəkisi 24 kiloqramdan artıq narkotik vasitə müsadirə edilib.
Həyata keçirilmiş tədbirlərlə Cəlilabad rayonunun Soltankənd kənd sakini Eyvaz Əmirovdan 9 kiloqramdan çox tiryək və 6 kiloqram həşiş qətranı, Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Nəbi Nurullayevdən 4 kiloqram 570 qram tiryək və 4 kiloqram 435 qram marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotik vasitələrin qanunsuz alqı-satqısına aidiyyəti olan digər şəxslərin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Mənbə:> Oxu.Az