DİN Balakəndə xüsusi əməliyyat keçirdi
Daxili İşlər Nazirliyi (DİN) Balakəndə 9 nəfərdən ibarət cinayətkar dəstənin tutulması barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları mütəşəkkil dəstələr tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Balakən rayonunda xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrin ölkəmizə gətirilməsi, alqı-satqısı və narkotərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 9 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb. Balakən sakinləri olan bu şəxslərin 2-si əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.
Onların üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı 2 avtomat, 1 “TOZ-8” tüfəngi, 2 tapança, 1 qaz tapançası, alışqanları ilə birlikdə 8 əl qumbarası, 70-ə yaxın müxtəlif çaplı patron və digər silah-sursat, eyni zamanda, 9,2 kiloqram marixuana və aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş 1800 ədəd çətənə kolu götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və başqa cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mənbə:> Oxu.Az