Yasamalda şərti alıcıya 10 kq narkotik satan şəxsin cəzası azaldıldı – FOTO
Bakı Apellyasiya Məhkəməsində Cəlilabad rayon sakini Rahib Niftəliyevin (1960-cı il təv.) CM-nin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama) və 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, ötən il sentyabrın 1-də DİN Baş Narkotiklərlə mübarizə idarəsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində Rahib Niftəliyev 8 kiloqram tiryəki və 2 kiloqram həşişi Yasamal rayonunda şərti alıcıya 50.000 dollara satarkən yaxalanıb. Narkotik maddələr ona məxsus idman çantasında aşkar edilib.
Dindirmə zamanı tutulan şəxs bildirib ki, İran İslam Respublikasında olarkən orada Əli adlı şəxslə tanış olub, sonuncu ona narkotik satışı ilə məşğul olmasını təklif edib, o da razılaşıb. Azərbaycana qayıdandan bir neçə gün sonra həmin şəxs telefonla əlaqə saxlayaraq, Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisində narkotk gizlətdiyini bildirib.
Bundan sonra, o həmin yerə gedərək tiryəklə həşişi idman çantasına yerləşdirib və Bakıya gətirib. Əvvəlcədən danışdığı müştəri ilə görüşərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sözlərinə görə, əldə olunan pulları həmin gün İrana apararaq Əliyə verməli, həmin məbləğdən 12.000 dollar isə özünə qalmalı idi.
Məhkəmə prosesində R.Niftəliyev ittiham üzrə özünü təqsirli hesab edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü ləğv edib, R.Niftəliyevə qəti olaraq 10 il cəza təyin edilib.
Mənbə:> Oxu.Az