Bakıda nəhəng platformalar və gəmilər inşa edən tərsanə bağlanır
Azərbaycanda fəaliyyət göstərən, dövlət neft şirkəti SOCAR, Rusiyanın “Lukoil” və Sinqapurun “Keppel” şirkətinin birgə müəssisəsi olan “Caspian Shipyard Company” tərsanəsi fəaliyyətini dayandırır. Virtualaz.org xəbər verir ki, şirkət ləğvetmə prosesinə başladığı barədə müvafiq orqanları məlumatlandırıb.
“Offshore Energy Today” bildirir ki, tərsanə 1997-ci ilin avqustunda yaradılıb. Bu birgə müəssisədə Sinqapurun “Keppel” şirkəti özünün Azərbaycandakı törəmə irkəti “AzerFels” vasitəsilə 60 faizlik paya malik idi. SOCAR və “Lukoil” isə hərəyə 20 faiz paya malik olublar. Bildirilir ki, hazırda birgə müəssisənin təsis edilməsinə dair 1997-ci ildə imzalanmış müqavilənin müddəti başa çatır. Və təsisçilər müqavilənin uzadılmamasına qərar veriblər.
Tərsanə neft-qaz sənayes üçün müxtəlif tipli gəmilərin və dəniz qazma qurğularının tikintisi, təmiri üçün yaradılmışdı. Ötən illər ərzində “Caspian Shipyard Company” “Heydər Əliyev” yarımdalma qazma qurğusu, “Gurtulush Transocean” qazma qurğusu, habelə “Lukoil”un layihəsi əsasında neftin tankerlərdən tankerlərə yüklənməsi, saxlanılması üçün nəzərdə tutulan “Yuri Korçaqin” gəmisini inşa edib.
“Caspian Shipyard Company” şirkətinin fəaliyyətini dayandırmasının səbəbləri məlum deyil. Ancaq qeyd etmək lazımdır ki, Azərbaycan özü 2010-cu ildə Xəzər regionunda ən iri gəmiqayırma zavodunun inşasına başlayıb və bu zavod artıq fəaliyyətə başlayıb. Azərbaycanın özünün milli şirkəti olan Bakı Gəmiqayırma Zavodu ən müxtəlif tipli gəmilərin, o cümlədən dəniz platformalarının inşasını həyata keçirə bilər. Belə görünür ki, bundan sonra Azərbaycanın neft-qaz sənayesi üçün lazım olan gəmilərin və qurğuların inşası üçün sifariş həmin zavoda veriləcək.
“Bakı Gəmiqayırma Zavodu” QSC-də (“Baku Shipyard Company”) SOCAR 65 faiz, Azərbaycan İnvestisiya Şirkəti 25 faiz, Sinqapurun “Keppel” şirkəti isə 10 faiz paya malikdir. Ehtimal ki, fəaliyyətini dayandıran tərsanənin aktivləri bu müəssisənin balansına keçəcək.
Mənbə:> Virtualaz.org