SOCAR Mənsimovun 14 gəmisini müsadirə etdi, qalanlarına qadağa qoydu
İstanbulda mənzillənən və müflisləşmə ərəfəsində olan “Palmali” şirkətinin tankerlərinə SOCAR-ın terminallarına və limanlarına yan almaq qadağası qoyulub. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyənin “Deniz Haber” portalı məlumat yayıb. Habelə Rusiyanın “Lukoil” şirkəti də “Palmali”ni qara siyahıya daxil edib və şirkətlə neft daşımalarına dair müqaviləni dayandırıb.
Sayt yazır ki, Mübariz Mənsimovun dünyanın ən iri neft şirkətlərindən olan SOCAR və “Lukoil” şirkətləri ilə münaqişəyə girməsi, onların əleyhinə məhkəmə iddiaları qaldırması nəticəsində “Palmali Denizçilik” şirkəti batmaq üzrədir.
Bildirilir ki, bundan əvvəl “Palmali” şirkəti SOCAR-a olan yüz milyonlarla dollar borcunu ödəyə bilmədiyinə görə Mənsimovun 14 tankeri SOCAR-ın mülkiyyətinə keçib. SOCAR özünə həmin tankerlərdən ibarət donanma qurub və neft daşımalarını həyata keçirməyə başlayıb. Habelə “Palmali”nin Türkiyədəki bəzi turizm aktivləri borcların əvəzində SOCAR-a keçib.
Mənsimov isə aktivlərini geri almaq üçün SOCAR-ın əleyhinə beynəlxalq məhkəmələrdə iddia qaldırmaqla hədələyib. Bu təhdidlərdən sonra Mənsimovla SOCAR arasında münasibətlər tamamilə korlanıb. SOCAR rəhbərliyi şirkətin nəzarətindəki terminallarla və neftayırma zavodlarına “Palmali”nin tankerlərinin daxil olmasını qadağan edib.
Sayt onu da xatırladır ki, Rusiya Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi tərəfindən “Palmali” şirkətinin bu ölkədəki törəmə şirkətinə qarşı iri məbləğdə vergi gizlətmə şübhəsi ilə təhqiqat aparılır.
Mənbə:> Virtualaz.org