SOCAR neft emalı zavodu ilə bağlı yeni müqavilə imzaladı
Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Zavod ilə “SOCAR-KBR” Birgə Müəssisəsi arasında Layihənin İdarəedilməsi üzrə Podratçı (PMC) müqaviləsinin imzalanma mərasimi keçirilib.
Oxu.Az-ın məlumatına görə, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland, hər iki şirkətin rəhbər nümayəndələri iştirak ediblər.
SOCAR-ın prezidenti R.Abdullayev, zavodda mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşasının nəzərdə tutulduğunu və bunun da nəticəsində zavodda “Avro-5” standartlarına cavab verən daha keyfiyyətli neft məhsuları istehsal olunacağını bildirib.
R.Abdullayev qeyd edib ki, mərhələli olaraq 2019-2020-ci illərə qədər davam etdiriləcək yenidənqurma layihələrinin mürəkkəbliyi nəzərə alınaraq, podratçılara nəzarət və idarəetmədə böyük təcrübəyə malik “SOCAR-KBR” Birgə Müəssisəsi Layihənin İdarə Edilməsi üzrə podratçı (PMC) qismində işlərə cəlb edilib.
Öz növbəsində, “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti, “SOCAR-KBR” Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü Jan Egil Braendeland bildirib ki, SOCAR-KBR” Birgə Müəssisəsinin layihənin bütün mərhələlərinin icrasına nəzarət edəcək və həmin mərhələlərə cəlb olunan podratçıların idarə edilməsində SOCAR-a dəstək verəcək.
Müqaviləni Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov və “SOCAR-KBR” Birgə Müəssisəsinin İdarə Heyətinin üzvü Jan Egil Braendeland imzalayıb.
Qeyd edək ki, baş ofisi ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” şirkəti mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarından biridir.
Mənbə:> Oxu.Az