Azərbaycan və Pakistan neft-qaz sahəsində birgə layihələr hazırlayacaq
Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev Pakistan Dövlət Neft Şirkətinin icraçı direktoru Şeyx İmran-ül-Həqqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, R.Abdullayev Azərbaycan və Pakistanın dost ölkələr olduğunu, qarşılıqlı münasibətlərin əməkdaşlıq prinsipləri əsasında qurulduğunu vurğulayaraq, belə səfərlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verdiyini bildirib.
“R.Abdullayev Azərbaycan neft-qaz sənayesinin tarixi, enerji strategiyası çərçivəsində əldə edilmiş son nailiyyətlər, şirkətin həyata keçirdiyi qlobal və regional layihələr barədə qonaqlara məlumat verib. SOCAR-ın beynəlxalq enerji bazarına inamla daxil olduğunu söyləyən R. Abdullayev şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramları haqqında ətraflı söz açıb.
Ş.İmran-ül-Həqq Pakistanla Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyib. Pakistan Dövlət Neft Şirkətinin əsas fəaliyyət istiqamətləri barədə həmkarını məlumatlandıran Ş. İmran-ül-Həqq SOCAR-la əməkdaşlıqda maraqlı olduqlarını, birgə layihələrin işlənib hazırlanması üçün mövcud imkanlardan istifadə edəcəklərini söyləyib”, - deyə SOCAR-dan bildirilib.
SOCAR-dan qeyd edilib ki, görüşdə neft və qaz sənayesinin müxtəlif sahələri, habelə neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli