Jirinovski: “Müharibə olarsa, Pribaltika məhv ediləcək”
“Ərazilərində Amerikanın raket əleyhinə müdafiə sistemlərini yerləşdirmiş ölkələr böyük Avropa müharibəsi olacağı təqdirdə məhv edilə bilər. Çünki heç kim dözməyəcək ki, ora Rusiyaya birbaşa təhlükə mənbəyinə çevrilsin”. Bunu “Sputnik”ə müsahibəsində Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski deyib.
Onun fikrincə, Rusiya NATO-nun hücuma hazır qoşunlarının yerləşdirildiyi ərazilərə mümkün zərbələr barədə xəbərdarlıq edə bilər.
“Pribaltika ölkələrinin, Polşanın, Ukraynanın hakimiyyətləri isə özləri tələb edir ki, onların ərazisində daha çox NATO qoşunları yerləşdirilsin. Qoşun olan yerdə isə müharibə də ola bilər. Müharibə vaxtı isə bombardmanlar və qarşı duran qruplaşmaların qarşılıqlı məhv edilməsi baş verir”, - Jirinovski qeyd edib.
RLDP liderinin sözlərinə görə, onlar ərazilərində böyük sayda NATO qoşunlarını və xüsusilə də, zirehli texnikasını yerləşdirməklə özləri özlərini risk zonasına daxil edirlər.
“Axı bunlar müdafiə qoşunları deyil, hücuma meylli ordudur və onların qarşısında Rusiyaya hücum vəzifəsi qoyula bilər. Bundan əlavə, orada artıq təlimlər keçirilir, rus əhali ilə iş fəndləri öyrənilir”, - siyasətçi deyib.
Onun gəldiyi nəticəyə əsasən, NATO qüvvələri Rusiyanın sərhədyanı ərazilərinin işğalı üzrə konkret planlar hazırlayır.
“Bundan sonra da gözləyirlər ki, biz buna sakitcə tamaşa edək”, - Jirinovski hiddətlənir.
Dövlət Dumasının deputatı bildirib ki, Baltik ölkələri, o cümlədən Litva hansı mövqeyi tutacağı ilə bağlı fikirləşməlidir. Onun fikrincə, onlar “NATO-ya soxulmamalı”, Finlandiya və İsveçrə kimi neytrallıqlarını qorumalı idilər.
“Belə olan halda onlara qarşı heç bir təhlükə ola bilməz”, - Jirinovski sözlərini yekunlaşdırıb.
Mənbə:> virtualaz.org