Vladimir Jirinovski: “Ermənistanı birləşmiş qruplaşmanın komandanlığına buraxmaq olmaz!”
Bu gün Rusiya Dövlət Dumasının iclasında Rusiya Liberalı-Demokrat Partiyası (RLDP) fraksiyasının lideri Vladimir Jirinovski Rusiya və Ermənistan birgə qoşun qruplaşması barədə sazişin ratifikasiyası məsələsi üzrə müzakirələrin gedişində bildirib ki, erməni zabitləri qruplaşmanın komandanlığına buraxılmamalıdır.
Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı Rusiya Dövlət Dumasındakı mənbə verib.
RLDP lideri Vladimir Jirinovski əmindir ki, Rusiya ərazisindən kənarda birləşmiş qoşun qruplaşmalarının və hərbi bazaların birgə idarə edilməsi yolverilməzdir.
Xatırladaq ki, bu gün RF Dövlət Duması Rusiya və Ermənistan birgə qoşun qruplaşması barədə sazişi ratifikasiya edib. Saziş 2016-cı ildə 5 il müddətinə avtomatik uzadılma şərti ilə bağlanıb və Rusiya ilə Ermənistan arasında ümumi müdafiə və təhlükəsizlik fəzasının formalaşdırılmasının beynəlxalq hüquqi əsaslarının müəyyənləşdirilməsinə yönəldilib.
Vladimir Jirinovski hesab edir ki, RF və Ermənistan birləşmiş qoşun qruplaşması müstəsna olaraq Rusiya komandanlığı altında olmalıdır.
“Bütün hərbi bazalar və birləşmiş qoşunlar qruplaşmaları üzərində komandanlıq yalnız müdafiə nazirinin baş qərargahının və bizim ali baş komandanın əlində olmalıdır”, - Vladimir Volfoviç deyib.
Rusiyalı deputatın sözlərinə görə, birgə komandanlıq gözlənilməz mənfi nətəcələrə gətirib çıxara bilər.
“Bizim xəbərimiz olmadan hansısa hərbi əməliyyatlara başlayacaqlar və biz avtomatik olaraq həmin əməliyyata qoşulmalı olacağıq”, - Vladimir Jirinovski öz mövqeyini izah edib.
Mənbə:> Virtualaz.org